Azərbaycan qadağalara baxmayaraq 2020-ci ildə pomidor məhsulunun ixracında rekord əldə edib.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycan pomidor məhsulunun ixracından 202 milyon ABŞ dollarına yaxın vəsait cəlb edib. Fondun prezidenti əlavə edib ki, qeyri-neft sektoru məhsullarının təxminən 11-12 faizinə qədərini pomidor məhsulu təşkil edir. 

Ötən il dekabr ayının cəmi 15-20 günü ərzində Rusiya tərəfindən pomidor ixracına qadağa tətbiq edilib.

“Azərbaycan növbəti illərdə bu məhsulun ixrac potensialının artırılması baxımından yeni bazarlara çıxış əldə edəcək. Lakin, bu dövr ərzində pomidor məhsulu Rusiyaya da ixrac olunmağa davam edəcək. Müəyyən bir dövr Rusiya bazarı pomidor məhsulu üçün önəmli bazarlardan biri olaraq qalacaq” - deyə, Yusif Abdullayev qeyd edib.

O vurğulayıb ki, Rusiyaya ixracı dayanan məhsullarımız dərhal Körfəz ölkələrinə və Avropaya çıxarılıb.

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti kontakt şəbəkəsinin yenilənməsindən sonra bərpa ediləcək.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumatda qeyd olunub.

Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir

Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.

Xatırladaq ki, bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. 

"İşğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də iqtisadi inkişafı daxili bazarda yerli məhsulların bolluğuna səbəb olacaq".

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir:

“Həmin ərazilərimiz həm əkinçilik, həm də heyvandarlığın inkişafı baxımından üstünlüyə malikdir. Xüsusilə nəzərə alsaq ki, Ağdam və Füzulinin torpaq fondunun 90 faizindən çoxu məhsuldar torpaqlardır, həmin ərazilərimizdə əkinçiliyin inkişaf etməsinə və yalnız strateji məhsulların deyil, eyni zamanda istehlak bazarında tələbin yüksək olduğu məhsulların da istehsalının artmasına gətirib çıxaracaq.

Yəni bu rayonlar pambıqçılıq, taxılçılıq, üzümçülük kimi strateji məhsulların istehsalında ixtisaslaşsalar da, eyni zamanda həmin ərazilərdə həm də meyvə və tərəvəz istehsalının artacağı gözlənilir. Nəticə etibarı ilə bu, ölkədə kənd təsərrfüatı məhsullarının ümumi istehsalının artımına səbəb olacaq.

Əvvəla, bu bir tərəfdən idxaldan asılılığı azaldacaq, ikincisi, qiymətləri optimallaşdıracaq. Hətta gözlənilir ki, tam bərpadan sonra bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşmaların olacağı istisna deyil, çünki məhsul bolluğu, meyvə və tərəvəz istehsalının artması qiymətlərin azalmasına təsir göstərəcək.

Digər tərəfdən heyvandarlıq məhsullarının, ət istehsalının artacağı da gözlənilir. Bu da idxalın daxili istehsalla əvəzlənməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı və Kəlbəcərdə ət məhsullarının istehsalı potensialı kifayət qədər yüksəkdir, bu da təbii ki, daxili bazara yerli ət məhsullarının çıxarılmasına zəmin yaradacaq və birbaşa qiymətlərin optimallaşdırılmasına səbəb olacaq”.

Azərbaycanda siqaretlərin topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşır.

Bu barədə Qaynarinfo-ya Bakıda fəaliyyət göstərən mağazalardan məlumat verilib.

Bununla bağlı artıq mağazalara xəbərdarlıq edilib. Bildirilib ki, 1 fevral tarixindən siqaretlərin satış qiymətləri artırılacaq. Artımın nə qədər olacağı bildirilməyib.

Qeyd edəj ki, Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye - hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyişikliyə görə, həm də bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək. Belə ki, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30 manat;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Hər ilin sonu və növbəti ilin əvvəlində daşınmaz əmlak bazarında müəyyən passiv bir vəziyyət yaranır və bu il də oxşar vəziyyəti müşahidə edirik.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, hələ ki qismən aktiv olan sahə mənzil bazarıdır. O qeyd edib ki, proqnozlara əsasən, torpaq bazarının aktivləşməsi dövrü təqribən mart ayının əvvəllərinə təsadüf edəcək:

"Ancaq indiki halda hələ ki torpaq bazarında bir qeyri-dinamik vəziyyət var. Bununla belə məsələ burasındadır ki, bunun qiymətlərə hər hansı bir təsiri müşahidə olunmur. Mart ayında aktivlik olduğu halda qiymətlərə də təsir göstərə bilər, yəni torpaq qiymətlərində artım müşahidə oluna bilər".

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin  sayını gündə üç dəfəyədək artırır.
 
AZAL-dan  verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:
 
- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;
 
- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.
 
Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
 
Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı  aviaşirkətin çağrı mərkəzinə "WhatsApp” mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizi xahiş edirik:
 
- Bakı-Naxçıvan reysləri üçün:
 
WhatsApp: +994 55 204 65 54;
 
- Naxçıvan-Bakı reysləri üçün:
 
WhatsApp: +994 60 487 30 11.
 
Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.
 
"Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır”, - AZAL-dan bildirilib.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyini məlumat yayıb.

Tikinti işlərinin bu ilin sonu, növbəti ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.

Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

Layihənin üstünlüklərindən biri də ondan ibarətdir ki, yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir.

Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

 

 
 
 
 
 
 
 
 
 

“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”.

Oxu.az məlumatına görə, bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, həmin konsepsiya işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun inkişafını, əlverişli biznes mühitinin yaradılmasını, dövlət və özəl sektor tərəfdaşlığının təşviqini, sosial dəstək mexanizmlərinin tətbiqini, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin qayıdışını, torpaq islahatlarının aparılmasını əhatə edir:

“Eyni zamanda, beynəlxalq ekspertiza cəlb edilməklə dəymiş ziyanın hesablanmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşdırılması işləri də həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 5 yaşayış məntəqəsində işlər yekunlaşıb. 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. 132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.

M.Cabbarov qeyd edib ki, 17 yanvar 2021-ci il tarixinə Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər rayonları və Suqovuşan qəsəbəsi üzrə cəmi 4 min 83 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.

Bunu Trend-ə açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, orada qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq:

“Dünya beynəlxalq bazarında Türkiyə tekstil sənayəsinə görə özünəməxsus yer tutur. Xüsusən də Türkiyənin ümumilikdə iqtisadiyyatını biz götürsək, tekstil sənayəsi, istehsal sahəsinin əsas hissəsini daşıyır və qardaş ölkənin bu sahədə təcrübəsi çox böyükdür.

Bu sahənin tətbiq olunması tekstil inkişafı ilə yanaşı olaraq ona yaxın olan sahələrin inkişafına da gətirib çıxaracaq. Bundan əlavə, yerli brendlərimizi də formalaşdıra bilər, çünki orada olan məhsullar Azərbaycan brendi kimi satışa çıxarılacaq. Əlavə olaraq bizim tekstil sənayəsi var ki, hal-hazırda olan müəssisələr onların da inkişafına təkan verəcək. Belə ki, orada təcrübə formalaşdıqca digər firmalar da onlara baxıb öyrənəcəklər.

Bununla yanaşı, digər müsbət tərəf ondan ibarətdir ki, oraya qayıdacaq insanlara əlavə iş yerləri yaranmış olacaq. Həmin şəxslər orada işlə təmin olunub, qazanc əldə edəcəklər. Bu da orada yaşayan insanların qaçqınlıq statusu ləğv olunandan sonra dövlətdən yardımı ilə yox, öz əməkləri ilə işləyib ailələrini dolandırmaq imkanı yaranacaq”.

R.Atakişiyev əlavə edib ki, azad olunmuş ərazilərin inkişafı qonşu ölkələrin də marağına səbəb olacaq:

“Artıq İranın 30 şirkəti həmin bölgə üçün maraqlı olduğunu bildirib. İstər-istəməz Xudafərində yeni bir körpünün tikilməsi və gediş-gəlişin artması yeni bir bazarın yaranmasına gətirib çıxacaq. Belə ki, Təbrizin özü azad olunmuş ərazilərə yaxındır. Artıq gələcək günlərdə qarşılıqlı danışıqlar aparmaqla birgə müəssisələr fəaliyyətə gətirmək olar. Bunlar qida, tekstil, turizm və digər sektorlar da ola bilər. Mənə elə gəlir ki, İrandan gələcək turstlər, Bakıya gəlib-getməkdənsə, azad olunmuş ərazilərə daha çox üz tutacaqlar.

Digər qonşu ölkə Rusiya ilə də daha çox kənd təsərrüfatı sahəsində yeni qarşılıqlı işlərlər qurula bilər”.

Şuşada yeni yarımstansiya tikilir

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir. “Qafqazinfo” xəbər verir ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. 

Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq işlər sürətlə davam etdirilir.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.

 

 

Xəbər lenti