![]() |
|
Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə ənənəvi qanvermə aksiyası baş tutub.
Qanvermə aksıyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədi ilə keçirilib.
Artıq 5-ci keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, Agentliyin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.
Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Sonda 22 fevral Azərbaycan Respublikası avtomobil yolları işçilərinin Peşə bayramı günü münasibətilə avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə, bir sıra media qurumlarına, həmçinin avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə, agentliyin bəzi əməkdaşlarına fəxri diplom, fəxri fərman və mükafatlar təqdim olunub, onlara iş fəaliyyətində uğurlar arzu edilib.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 12-ci ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, agentliyin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2661 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1316 ədəd körpü var. 90 körpü işqal olunmuş ərazilərdə yerləşir.
Fevralın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür. Yol-xeber.az-ın verdiyi xəbərə görə, bu gün bu münasibətilə Agentlik rəhbərliyi, vəzifəli şəxsləri və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar məzarın önünə gül dəstələri qoyaraq Heydər Əliyevi anıblar. Daha sonra Agentlik heyəti Şəhidlər Xiyabanını ziyarət edib.
Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması üçün artıq üç aydır işə başlanılıb:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcək. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq. Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".