![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Abşeron rayonuna gedib.
Dövlət başçısı Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub.
***
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verərək deyib:
-Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq.
Prezident İlham Əliyev: Hər iki layihə?
Rövşən Rzayev: Bəli, hər iki layihə, elə nəzərdə tutulub. Hazırda da işlərimiz sürətlə gedir.
Prezident İlham Əliyev: Yəni, ümumiyyətlə, 3 mindən çox ailə burada yerləşəcək.
Rövşən Rzayev: Bəli, 3 min 42 ailə burada məskunlaşacaqdır. Əsasən Sumqayıt şəhərindən köçürüləcək məcburi köçkünlər. Sumqayıt şəhərində 13 mindən çox ailə məskunlaşıbdır. Hörmətli Birinci vitse-prezident Mehriban xanımın tapşırığına əsasən Sumqayıt şəhəri üçün yol xəritəsi hazırlanıbdır. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onları və Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insanı biz burada məskunlaşdıracağıq.
Prezident İlham Əliyev: Çox yaxşı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan insanları yerləşdirin, onların böyük hissəsi burada yerləşdiriləcək. Ondan sonra bu layihələr davam etdiriləcək.
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən, burada komitə üçün ümumiyyətlə 50 hektar ərazi ayrılmışdır. Onun 17 hektarından istifadə olunubdur. İlk qəsəbəmizdə 1001 ailə yaşayır. Siz 2018-ci ilin dekabrında bu qəsəbənin açılışını etmisiniz. Hazırda ikinci və üçüncü qəsəbələrimiz tikilir, daha 12 hektar ərazimiz qalır. Orada da layihəyə uyğun olaraq 1008 ailə yerləşdirə biləcəyik. Sizin tapşırıqlarınıza uyğun olaraq, layihə tamamilə dəyişdirilibdir, nəzərdə tutulmuş 2500 ailə əvəzinə hazırda burada 5000-ə yaxın ailə məskunlaşdırılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu vaxta qədər bu qəsəbə də tikilib.
Rövşən Rzayev: Bəli, burada 1001 ailə yaşayır, binalar yeddi mərtəbədən ibarətdir, qəsəbə 17 hektarda salınıbdır. Amma Sizin tapşırıqlarınızdan sonra layihəyə yenidən baxıldı və artıq yeni qəsəbələrdə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham Əliyev: Ümumiyyətlə, bu qəsəbələrdə əvvəlki dövrdə tikilmiş binaları da nəzərə alsaq təqribən dörd mindən çox ailə məskunlaşacaq. Mən göstəriş vermişəm ki, bütün kommunikasiyalar da təmin edilsin – qaz, işıq, yollar, su təminatı - bütün şərait.
Rövşən Rzayev: Yaşıllıq salınır.
Prezident İlham Əliyev: Yaşıllıq, ictimai zonalar. Çox yaxşı, gələn ilə də planlaşdırın, çünki hələ ki, Sumqayıt şəhərində və Abşeron rayonunda məcburi köçkünlərin sayı çoxdur. Son illərdə biz onların əhəmiyyətli hissəsini yerləşdirdik. Ona görə burada bu tikinti layihələri davam etdirilməlidir. O cümlədən Bakı şəhərində və bütün digər yerlərdə. Bu bina məktəb üçündür?
Rövşən Rzayev: Bəli, məktəbdir, 3 korpusdan ibarətdir, cənab Prezident.
Prezident İlham Əliyev: Hər iki qəsəbə üçün nəzərdə tutulub?
Rövşən Rzayev: Bəli, hər iki qəsəbə üçün nəzərdə tutulubdur. Şagirdlər sayılıb, hamısı yerləşəcəkdir. Bunların hamısının layihəsi şəhərsalma qaydalarına uyğun hazırlanıb.
Prezident İlham Əliyev: Bu binalar neçə mərtəbəlidir?
Rövşən Rzayev: Yeddimərtəbəlidir. İndi isə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham Əliyev: Gələcəkdə 12 mərtəbəli binalar da tikilə bilər ki, daha çox insanları yerləşdirək.
Rövşən Rzayev: Baş üstə. Sizin tapşırığınızla Binəqədi rayonunda bizə yer ayrılıbdır. Sizin tapşırığınızdan sonra biz orada 12 mərtəbəli binaların inşasını nəzərdə tuturuq.
Prezident İlham Əliyev: Çox yaxşı.
***
Qeyd edək ki, indiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Bu günədək 62494 məcburi köçkün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də açılışa qatılıb.
Dövlət başçısı Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib.
***
Görülən işlər barədə dövlət başçısına məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib:
- Cənab Prezident, bildiyiniz kimi, Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bir də ki, Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Bu xətt Sumqayıtın sənaye müəssisələrini və karbamid zavodunu qazla təchiz edir. Artan tələbat və Şimal DRES-ində artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Sizin göstərişinizlə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verdi ki, Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edək və hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaranacaq.
Cənab Prezident, bu xətt çəkiləndə biz perspektivdə Yaşma Elektrik Stansiyası və metallurgiya kompleksi üçün də ayrılmalar qoymuşuq. Bu, imkan verəcək ki, inkişaf perspektivi təmin olunsun. Cənab Prezident, tikinti işlərinə keçən ilin üçüncü kvartalında başlandı və Sizin göstərişinizlə vaxtından 2 dəfə tez - 6 ay müddətində başa çatdırıldı. Artıq deyə bilərik ki, Sumqayıt dairəvi qazla təmin olunur.
Sonra Prezident İlham Əliyev magistral qaz kəmərinin açılışını etdi və Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşdü.
Dövlət başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı işində çox əlamətdar bir gündür. Biz Sumqayıt şəhərinə yeni alternativ qaz xəttinin çəkilişini qeyd edirik. Bu münasibətlə bütün sumqayıtlıları təbrik etmək istəyirəm. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır və eyni zamanda, şəhərin gələcək potensialını da nəzərə alır. Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Əlbəttə ki, Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir. Bu, böyük bir inşaat layihəsi olubdur. Qısa müddət ərzində bu kəmər istifadəyə verilir və bu gün artıq fəaliyyətə başlayır.
Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir.
O ki qaldı, şəhərin sənaye potensialına, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar. Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik.
Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram.
Bu gün Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye şəhəridir. Vaxtilə Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib. Halbuki Sumqayıtda yaşayan insanlar, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, burada ekoloji vəziyyət çox ağır idi. Sumqayıtın yanından maşınla keçənlər də pəncərəni bağlayırdılar ki, o iylər onlara təsir etməsin. Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur.
Bizim planlarımız böyükdür. Sumqayıt inkişaf edir, əhali artır, sənaye potensialı möhkəmlənir. Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda, burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada üç mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır. Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir.
Əlbəttə ki, bugünkü tədbirlər, - bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, - göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır.
Biz karantin rejimini nəzərə alaraq, bu günü Sumqayıt şəhərinin məhdud sayda nümayəndələri ilə qeyd edirik. Mən əminəm ki, biz şəhəri bundan sonra da birgə səylərlə inkişaf etdirəcəyik və daha da gözəl şərait yaradacağıq. Sizi və bütün sumqayıtlıları təbrik edirəm.
***
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, Sizi sumqayıtlılar adından salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm. Keçən il məhz Sizin Sərəncamınızla Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə bilirik ki, Sumqayıtın formalaşması və inkişafı məhz Ulu Öndərin adı və dühası ilə bağlıdır. Ulu Öndərin Sumqayıta hər zaman yanaşması fərqli olub. Ulu Öndər Sumqayıtı Azərbaycanın kiçik bir modeli adlandırıb. Bu gün bizi həqiqətən də qürurlandıran hal odur ki, Ulu Öndərin Sumqayıta göstərdiyi diqqət və qayğı məhz Sizin tərəfinizdən bu cür uğurla davam etdirilir. Vurğuladığınız kimi, Sumqayıta göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində Sumqayıt bu gün müasir və yeniliklər dolu bir məkana çevrilmişdir. O yeniliklər ki, həqiqətən də dinamik artan inkişaf xətti üzrə gedir. Biz Sumqayıtlılar təbii ki, bununla fəxr edirik.
Sumqayıt bu gün güllər, çiçəklər vurğuladığınız kimi, gecələri işıqlı olan bir şəhərdir. Burada da vurğuladığınız kimi, keçən illər ərzində Sizin iştirakınızla, xeyir-duanızla bir çox sosial inzibati binalar, sənaye müəssisələri inşa olunub bizim ixtiyarımıza verilmişdir. Ancaq bütün bunlarla yanaşı, sumqayıtlıların, Sizin yadınızdadır, bir sıra problemləri də var idi. Bunların sırasında dam örtükləri, lift məsələlərini, küçələrin asfalt örtüklərini xüsusi vurğulamaq olar. Amma məhz Sizin tövsiyə və tapşırığınızla bu gün Sumqayıtın bütün yaşayış binalarının üstü yenidən qurulub və lift, ümumiyyətlə, servis məsələsi ən yüksək haldadır. Şəhərin ən əsas küçələri, məhəllədaxili bütün yollar demək olar ki, yeni asfaltla təmin olunub. Vurğuladığınız kimi, Sumqayıt çox gözəl atmosferi, çox gözəl şəraiti olan bir şəhərdir.
Cənab Prezident, Sumqayıtda inkişafı götürəndə, təchizatı götürəndə, şükür Allaha işıq və su ilə bağlı demək olar ki, heç bir ciddi problem yoxdur. Amma Sumqayıtın qaz təchizatında və xüsusən də qış aylarında qazın təzyiqinin aşağı düşməsində müəyyən qədər problemlər olur. Bu gün Sizin buradakı iştirakınız və xeyir-duanızla, inşallah, Sumqayıtda mən inanıram ki, biz hamımız və bu günü də gözləyirdik ki, bu qaz problemi də öz həllini tapacaq və təkcə Sumqayıtda deyil, ətrafında yerləşən sənaye müəssisələrində də bu qaz təminatı veriləcək.
Cənab Prezident, bu gün şəhərimizdə, sözün əsl mənasında, yeni və sağlam mühit yaradılmışdır ki, məhz bunun nəticəsində potensial bir Sumqayıt ailəsi formalaşıb. Bu gün burada iştirak edən sumqayıtlılar, bizlər bu ailənin üzvü olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Azərbaycan xalqının qüruru onun Ali Baş Komandanının, onun Prezidentinin qətiyyəti və mətinliyindədir. Uca Allah qətiyyətli Prezidentimizi və qürurlu Azərbaycan xalqını qorusun!. Sağ olun cənab Prezident!
***
Prezident İlham Əliyev: Sumqayıt şəhərinin infrastruktur layihələrinin icrası əlbəttə ki, böyük əhəmiyyət daşıyırdı. Mən bu yaxınlarda elektrik enerjisi ilə bağlı məsələlərə toxunarkən demişdim ki, son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Amma onu da bildirməliyəm ki, onlardan birincisi mənim göstərişimlə məhz Sumqayıtda tikilmişdir. Özü də çox böyük stansiyadır - 525 meqavat gücündə. Çünki bu stansiya olmadan Sumqayıtın sənaye potensialı inkişaf edə bilməzdi. Məhz bu stansiyanın istifadəyə verilməsi ilə Sumqayıtın elektrik enerjisinə olan tələbatı və eyni zamanda, ondan sonra artan sənaye müəssisələrinin tələbatı ödənildi.
Su təminatına gəldikdə isə, Sumqayıt Şollar mənbəyindən qidalanır və bu problem də öz həllini tapıb. İndi yolların çəkilişi də nəzərdə tutulur. Bildiyiniz kimi, mənim göstərişimlə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi icra edilir. Çünki mən demişəm, artıq Sumqayıt Bakı ilə elə bil ki, birləşib və bəziləri burada yaşasa da Bakıda işləyir və əksinə. Ona görə bu yollarda yaranmış tıxaclar əlbəttə ki, ciddi tədbirlər tələb edirdi. İndi yolun genişləndirilməsi işləri gedir. Eyni zamanda, bildiyiniz kimi, biz iki il bundan əvvəl Bakını, Bakı qəsəbələrini Sumqayıtla birləşdirən Bilgəh-Sumqayıt yolunun da açılışını qeyd etdik. İndi Sumqayıtdan Bakının qəsəbələrinə Bakı şəhərinə girmədən dəniz sahili yolu ilə çatmaq mümkündür. Ona görə bütün bu infrastruktur layihələrinin icrası zəruri idi. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi.
Təbii qaz bizim enerji sistemimizin əsas mənbəyidir. Çünki bizim elektrik stansiyalarımızın mütləq əksəriyyəti qazla işləyir. Su elektrik stansiyalarının həcmini artırmaq istəyirik. Alternativ mənbələrdən də istifadə etmək istəyirik. Amma hələlik təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaqdır. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. “Şahdəniz-2” layihəsinin işə düşməsi və gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək. Çünki ölkəmizdə həm əhalinin sayı artır, həm də sənaye inkişaf edir. Ona görə bu inkişafa adekvat olan enerji mənbəyi olmalıdır. Bu gün müasir texnologiyalar bu sahədə də çox böyük dəyişikliklərə gətirib çıxardı.
Eyni zamanda, şəhərin abadlaşdırılması. Siz lift təsərrüfatını, dam örtüklərini qeyd etdiniz. Bilirsiniz ki, mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan müntəzəm olaraq bu məqsədlər üçün vəsait ayrılır və bildiyimə görə, artıq dam örtüklərinin böyük hissəsi vurulubdur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: 1100 binanın dam örtüyü təmir olunub, 190-ı qalıb, o da bu il təmir olunacaq.
Prezident İlham Əliyev: Cəmi 190 bina qalıb, onları da bu il başa çatdıracaqsınız. Lift təsərrüfatını da. Sonra icra hakimiyyətindən müraciət olunmuşdur ki, şəhər nəqliyyatı üçün avtobuslar alınsın, biz bunu da həll etdik. Kredit verildi, müasir avtobuslar gətirildi, indi hamısı işləyir. Ona görə insanları narahat edə biləcək bütün əsas məsələləri biz kompleks şəkildə təhlil edərək öz addımlarımızı atdıq və deyə bilərəm ki, bütün hədəflərə çatmışıq. Amma əlbəttə, həyat yerində durmur, biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq.
***
Sumqayıt şəhər 1 nömrəli doğum evinin baş həkimi Təranə Rəcəbli dedi:
-Cənab Prezident, mən də öz növbəmdə, Sizi salamlayıram və qeyd etmək istəyirəm ki, Sizinlə görüşdən böyük sevinc hissi duyuram. Sizin hər səfərinizdə bizim gündən-günə gözəlləşən Sumqayıt şəhəri daha da böyük inkişaf yoluna addım atır və problemləri həll olunur. Cənab Prezident, Sizin yürütdüyünüz siyasətin mərkəzində, hədəfində xalqımız, xalqımızın rifahı, sağlamlığı və əminliyi durur. Biz bunun illərdir şahidiyik. Son aylarda dünyada tüğyan edən COVID-19 qlobal pandemiyası əlbəttə ki, Azərbaycandan da yan keçmədi. Bu dövrdə Sizin atdığınız addımlar, verdiyiniz qərarlar bizə bir xalq kimi bu dövrü çox sabit və rahat keçirtməyə imkan verdi. Bu dövrdə bizim xalqımız az itkilər verib. Buna görə mən Sizə bir vətəndaş kimi, bir ana kimi, bir həkim kimi təşəkkür edirəm.
Cənab Prezident, bu dövrdə artıq bəzi ölkələr bizim təcrübələrimizdən yiyələnirlər. Bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların Sizə təşəkkür etməsi bir vətəndaş kimi məndə böyük fərəh hissi yaradır. Bu dövrdə Sizin məhz iqtisadi sabitliyi deyil, əhalinin sağlamlığını üstün tutmağınız çox təqdirəlayiqdir. Siz hər zaman sumqayıtlılara xüsusi diqqət yetirmisiniz. Biz bunu hiss etmişik və daim yanımızda olmusunuz. Sumqayıtın 70 illik yubileyi ərəfəsində Sizin Sumqayıta gəlişiniz və Sumqayıt sakinlərini bu yubiley ərəfəsində medallarla, ordenlərlə təltif etməyiniz biz sumqayıtlıların hədsiz sevincinə səbəb oldu. Fürsətdən istifadə edib demək istəyirəm ki, həmin dövrdə Siz mənə də “Əməkdar həkim” adı verdiniz, buna görə təşəkkür edirəm.
Cənab Prezident, mən Sizi əmin etmək istəyirəm ki, biz Sizin etimadınızı doğruldacağıq. Sizin rəhbərliyinizlə ölkəmiz, dövlətimiz daha böyük inkişaf yolu keçəcək. Bu pandemiya dövründə Sizin verdiyiniz qərarlarla əlbəttə ki, bu qısa müddətdə laboratoriyaların açılması, modul tipli xəstəxanaların tikilməsi və yüksək standartlara uyğun “Yeni klinika”nın açılıb COVID-19 xəstələrinin öhdəsinə verilməsi bu infeksiya ilə bizim mübarizəni gücləndirdi. Bu dövrdə Sizin və Mehriban xanımın həkimlərin yanında olmağınız, bizim sosial rifahımız üçün verdiyiniz qərarlar, əlbəttə ki, nəinki bizim, bütün sakinlərin, aztəminatlı ailələrin, yaşlı nəslin yanında olmağınız bizi bir daha inandırır ki, xalq-hakimiyyət birliyi güclüdür və bu birlik bizi daha gözəl, işıqlı sabahlara çıxaracaq.
Cənab Prezident, Allah Sizi qorusun!. Biz Sizə cansağlığı arzu edirik. Sizə və ailənizə Ulu Tanrıdan uzun və xoşbəxt ömür arzu edirik. Çox sağ olun.
***
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı Sumqayıt həkimlərinə çatdırasınız. Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Mən demişəm, hətta o geyimdə belə hərəkət etmək çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi.
Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Mən demişəm, indi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. “COVID-19” xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə demək olar ki, təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü.
Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, xəstəliyin geniş yayılmasına imkan verməyək. Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük. Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur. Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları - heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar. İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah! Sağ olun.
***
Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sosial layihələr uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial məsələlərinin həlli, sosial infrastrukturun daha da müasirləşdirilməsi dayanır. İndiyədək bu istiqamətdə icra olunan layihələr arasında ölkə ərazisinin qazlaşdırılması, əhalinin “mavi yanacağ”a tələbatının ödənilməsi məqsədilə həyata keçirilən işlərin də xüsusi yeri var. Onu da deyək ki, bu layihənin nəticəsində təbii qaz Yaşma və Sumqayıt elektrik stansiyalarına, həmçinin SOCAR-ın Karbamid zavoduna və yeni Metallurgiya Kompleksinə nəql ediləcək. Bu kəmərin istifadəyə verilməsi yalnız Sumqayıt-Yaşma iqtisadi regionu üçün deyil, həm də iki lokal nəql sistemini birləşdirməklə Bakı şəhərinin etibarlı qaz təchizatı üçün alternativ bir sistemə çevrilməsinə imkan verir. Qeyd edək ki, layihənin icrası zamanı istifadə olunan borular da yerli istehsaldır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. Respublikanın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması baxımından həyata keçirilən tədbirlər isə ardıcıl və kompleks şəkildə davam etdirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin müasir səviyyədə yenidən qurulması da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq, müasir memarlıq üslubunda, yüksək səviyyədə yenidən qurulub. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb.
Dövlətimizin başçısına binada fəaliyyət göstərəcək Baş İdarəetmə Mərkəzi barədə məlumat verilib. Bu mərkəz vasitəsilə enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, yeddi Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, on ədəd nəzəri və praktik trenajor zalının yaradıldığı kompleksin Tədris Mərkəzində enerji sistemində çalışan şəxslərə yeni texnika və texnologiyanın öyrədilməsi və onların idarə edilməsi tədris olunacaq. Bu məqsədlə nəzəri və praktiki məşğələlərin tədrisi üçün sinif otaqları təşkil edilib. Burada stansiya və yarımstansiyaların simulyasiyası, rele mühafizəsi və avtomatika, alternativ və bərpa olunan enerji mənbələri, informasiya texnologiyaları, elektrik təhlükəsizliyi və digər aidiyyəti otaqlar yaradılıb.
Binada ilk dəfə olaraq müasir avadanlıqla təchiz edilən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi yaradılıb. Burada ölkəmizin həyatında baş verən əlamətdar hadisələri, eyni zamanda, energetiklərin fəaliyyəti ilə bağlı təşkil olunan tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaq.
Yenidənqurmadan sonra “Azərenerji” ASC-nin mərkəzi aparatı bu binaya köçürülüb. Əməkdaşların fəaliyyəti üçün bütün zəruri avadanlıqla təchiz edilən iş, toplantı, arxiv otaqları, 165 nəfərlik yeməkxana yaradılıb. Elektron kitabxana və istirahət guşələri də işçilərin ixtiyarına veriləcək. Bundan başqa, burada Azərbaycan Energetika İnstitutu da fəaliyyət göstərir.
Prezident İlham Əliyevə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş İdarə binasının yenidənqurma layihəsi barədə də məlumat verilib.
Kompleksin yeni Laboratoriya Mərkəzi müasir səviyyədə qurulub. Burada müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar mövcuddur. Ən son model avadanlıqla təchiz olunan laboratoriyalarda geotexnika, geodeziya, inşaat, kimya, metalların və inşaat materiallarının sınağını və digər laborator işləri görmək və onları sertifikatlaşdırmaq mümkün olacaq. Bu isə öz növbəsində enerjisistemin uzunmüddətli istismarını təmin edəcək. Qeyd edək ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.
Kompleksin binasında tibbi maskaların istehsalı üçün xüsusi otaq da ayrılıb, zəruri avadanlıq quraşdırılıb. Burada İdman, Sağlamlıq və Tibb Kompleksi də müasir səviyyədə qurulub. Kompleksdə əməkdaşların idmanla məşğul olması üçün geniş imkanlar var.
Sonra Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
***
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dövlətimizin başçısı iclasda çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən mən bir çox tapşırıqlar verdim. Təbii ki, bu tapşırıqların hamısı yerinə yetirilməlidir və siz tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar mənə müntəzəm olaraq məlumat verməlisiniz. Bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.
Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyubdur. Bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirib və bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur.
Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Mən bunu bir daha demək istəyirəm, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Çünki bir daha demək istəyirəm ki, son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir. Çünki dünya böyük çağırışla üzləşib və biz görürük ki, bir çox hallarda ölkələr bu bəla ilə təkbaşına mübarizə aparır.
Azərbaycan, əlbəttə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atmışdır. Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk.
Bildiyiniz kimi, Azərbaycanın hazırda sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya miqyasında ilk təşkilat idi ki, Zirvə görüşünü videokonfrans şəklində keçirib. Bu Zirvə görüşü bir daha bizim həmrəyliyimizi, birliyimizi göstərmişdir. Göstərmişdir ki, biz ağır günlərdə bir-birimizin yanındayıq.
Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Karantin rejiminə gəldikdə, bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.
Bunu nəzərə alaraq, biz əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik.
Ancaq nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.
Əlbəttə, məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, - indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, - insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı.
Bizim səhiyyə sistemimiz son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilibdir. O cümlədən 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni, mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək.
Yəni, biz bütün hazırlıq işlərini görürük. Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni, bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm. Ona görə mən tam əminəm ki, karantin rejiminin uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik.
Bununla əlaqədar əlbəttə ki, biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir.
Ona görə bu məsələ ilə bağlı indi sizin nazirlik qarşısında çox ciddi vəzifələr durur. Siz qısa müddət ərzində bu ödənişləri təmin etməlisiniz. Sual vermək istərdim Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə, indi ayın sonuna 13 gün vaxt qalıb, 600 min insana bu ödənişlər nə dərəcədə operativ şəkildə edilə bilər və gündə neçə min insana bu ödənişlər verilə bilər? Məlumat verin.
Nazir Sahib Babayev dedi:
-Möhtərəm cənab Prezident, Sizin təşəbbüsünüzlə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində işsiz şəxslərə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə, habelə qeyd etdiyiniz kimi, aztəminatlı ailədən olan insanlara dəstək mexanizmi artıq aprelin 7-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Aprelin 9-dan biz ödənişlərə başlamışıq. İlk vaxtlar hər gün 10 min insana ödəniş köçürülürdüsə, artıq son günlər biz bu rəqəmi 20-25 minə çatdıra bilmişik. Dünən axşamadək artıq 140 min insana ödəniş edilibdir. Bugünkü plana əsasən əlavə 25 min insana ödəniş ediləcəkdir. Biz Sizin tapşırığınıza əsasən ayın sonuna qədər gündəlik rəqəmi 25-30 minə çatdırmağa çalışarıq ki, maksimum sürətlə icra olunsun, aprelin sonu, mayın əvvəllərində artıq 600 min insanın hər biri bu vəsaiti alsın. Əsas sual, eyni zamanda, vətəndaşlarımızın bu vəsaiti götürməsi ilə bağlıdır. Çünki bir gündə ödəniş həddən artıq çox olanda istənilən şəkildə vətəndaşların müraciəti və sıxlığı yarana bilər bizim bank şöbələrimizdə, poçt şöbələrimizdə. Ona görə biz onu da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə tənzimləməyə çalışdıq və əsas yük poçt şöbələrimizin üzərinə düşür. Onlar da həqiqətən bu günədək bu missiyanı çox uğurla icra edirlər. Amma biz düşünürük ki, ən geci mayın ilk həftəsində bütün ödənişlər yekunlaşacaqdır. Sizin tapşırığınıza uyğun olaraq ikinci ödənişin böyük bir hissəsi köçürmə yolu ilə həyata keçirilsə, əlbəttə ki, daha sürətlə icra ediləcəkdir.
Prezident İlham Əliyev: Yaxşı. Onda birinci ödənişi alan vətəndaşlara bir daha tövsiyə olunmalıdır ki, bank hesabları açsınlar. Bizim banklara da indi müraciət edirəm ki, onlar, - düzdür, bu, böyük iş tələb edir, - burada maksimum operativlik göstərsinlər. Çünki əgər 600 min insanın hamısı bank hesabı açarsa, - biz bunu istəyirik, tövsiyə edirik, - bu, əlbəttə ki, müəyyən problemlər yarada bilər. Ona görə bank sektoru da buna hazır olmalıdır. Beləliklə, bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar, şəffaf şəkildə alacaqlar və öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaqlar. Çünki bu, ən düzgün yoldur. Bu məsələ ilə, yəni, görüləcək əlavə işlərlə bağlı sizin başqa sözünüz var?
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, işsiz və qeyri-formal məşğul insanlar, xüsusi karantin rejimində iş yerini itirmiş insanlar ilə bağlı bir sıra digər proqramlar da var - Sizin təşəbbüsünüzlə elan edilən haqqı ödənilən ictimai iş yerləri proqramı. Bu proqramın əhəmiyyətli dərəcə artırılmasını tapşırmışdınız və əlavə 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Bu proqramın da icrasına artıq başlanıbdır. Məruzə edirəm ki, bu günədək 5 min işsiz şəxs artıq bu işlərə cəlb edilibdir, onlarla əmək müqavilələri yekun imzalanma mərhələsindədir. Biz bunu da 10 gün ərzində tam şəkildə icra etməyə çalışacağıq. Cənab Prezident, digər bir proqram özünüməşğulluq proqramıdır. Sizin tapşırıqlarınıza uyğun olaraq özünüməşğulluq proqramına həm Dünya Bankı cəlb edilibdir, həm də Azərbaycan bankları artıq fəal şəkildə qoşulubdur. Bu il biz 12 min ailə üçün mikro-təsərrüfatın yaradılmasını planlaşdırırıq. İşsizlərlə bağlı bu qədər, cənab Prezident.
Prezident İlham Əliyev: Çox yaxşı. Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq. Ancaq pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq mən göstəriş vermişdim ki, biz ilkin mərhələdə bu rəqəmi 50 minə çatdıraq. Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. Bu məsələ ilə bağlı biz sizinlə əvvəllər də danışmışıq. İndi mexanizm daha şəffafdır. Çünki əfsuslar olsun ki, ilkin mərhələdə burada nəzarət sıfır səviyyəsində idi və bir çox hallarda yerli icra orqanları bundan sui-istifadə edərək, aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş vəsaiti də mənimsəyirdilər. Bu, vicdansızlığın zirvəsidir. Məhz buna və digər cinayətlərə görə artıq 3 icra başçısı həbs olunub və onların çirkin əməlləri sənədləşdirilib, ictimaiyyətə təqdim edilib. Onlar özlərini, öz əcdadlarını biabır ediblər, öz yaxınlarına, dövlətə böyük ziyan vurublar. Biz bu vəsaiti ayırırdıq ki, iş tapa bilməyən, yaxud da iş qabiliyyəti yüksək olmayan insanlar heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Nəzərə alsaq ki, biz minimum əməkhaqqını 250 manata qaldırdıq, ancaq onu da mənimsəyib, kartları özündə saxlayıb, kartlardan pul çəkib varlanırdılar. Bu, həm cinayətdir, həm də mənəvi eybəcərlikdir. Buna başqa ad vermək olmaz. Ona görə bütün aidiyyəti orqanlar bundan sonra bu məsələyə çox böyük diqqət verməlidirlər. Mən vətəndaşlardan da xahiş edirəm, kimin ki, adı bəlkə indi də yazdırılır və əməkhaqqı almır, onlar da bu məlumatı bizə versinlər. Beləliklə, biz 90 min işsizi ictimai işlərlə təmin edəcəyik.
Özünüməşğulluq proqramına gəldikdə, biz keçən dəfə də bu məsələ ilə bağlı danışmışıq. Hesab edirəm ki, 12 min insanı bu il bu proqrama cəlb etməyimiz çox yaxşı rəqəmdir. Bizim təşəbbüsümüzlə həm Dünya Bankı bu proqrama qoşulub, həm də Azərbaycan bankları ilk dəfədir ki, bu proqrama qoşulur. Ümid edirəm, Azərbaycan bankları gələn il bu kateqoriyadan olan daha çox sayda insana kömək göstərəcəklər.
Bir də mən sizə tapşırmışdım ki, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Son müddət ərzində bu sahədə vəziyyət və artım dinamikası necədir?
Nazir Sahil Babayev dedi:
-Möhtərəm cənab Prezident, artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunubdur. Aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir və ya 36 min şəxsdir. Bu dinamika da Sizin tapşırığınıza uyğun olaraq mütəmadi şəkildə artırılacaq. Ünvanlı yardım bizim aztəminatlı ailələrimizə önəmli bir dəstək mexanizmi kimi yenə də Sizin təşəbbüsünüzlə icra ediləcəkdir.
Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, ayın 14-də keçirilmiş müşavirədə mən bildirdim ki, şəhid ailələrinə nəzərdə tutulmuş evlərin təmin edilməsi həyata keçirilsin. Siz də bu məsələ ilə bağlı məlumat verdiniz. Əlbəttə ki, indi karantin rejiminə görə kütləvi tədbirlər keçirilə bilməz. Ancaq bilməliyik ki, biz ilin sonuna qədər müəyyən edilmiş rəqəmə çatmalıyıq, 1500 şəhid ailəsi bu yardımdan faydalanacaq. Belə olan halda növbədə daha nə qədər ailə qalacaq? Bu barədə məlumat verin.
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, 2014-cü ildə proqramın ilkin icrasına başlanan zaman, yəni, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan şəxslərdən artıq bu ilin sonuna cəmi 1500 nəfər qalacaqdır.
Prezident İlham Əliyev: Yəni, bu il 1500 ailə təmin olunandan sonra hələ də 1500 qalacaq. Yəqin ki, biz 1-2 ilə bu məsələni də həll edə bilərik. Beləliklə, bu kateqoriyadan olan bütün insanlara dövlət tərəfindən mənzillərin verilməsi proqramı başa çata bilər.
Eyni zamanda, DOST mərkəzlərinin tikintisi ilə bağlı maraqlanmaq istərdim. Düzdür, indiki şəraitdə bu mərkəzlər fəaliyyət göstərmir. Ancaq bizim proqramımızda bu il bir neçə mərkəzin tikintisi nəzərdə tutulurdu. Karantin rejimi başa çatandan sonra bu mərkəzlər mütləq fəaliyyətə başlamalıdır. Bu sahədə hansı işlər görülüb? Çünki mən iki mərkəzin açılışında iştirak etmişəm. Ondan əlavə, neçə mərkəzin tikintisi nəzərdə tutulub bu il və hazırdırmı, yoxsa yox?
Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, bu il əlavə 7 mərkəzin tikilməsi üzərində iş aparılır. Onların dördünün bu il açılması nəzərdə tutulurdu və biri artıq hazırdır. Bu, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı DOST mərkəzidir. Biz onu açılış üçün tam şəkildə hazırlamışıq, xüsusi karantin rejimi bitən kimi fəaliyyətə başlayacaq. Həmin mərkəzimiz gündəlik əsasda təqribən 700 insan qəbul edə biləcək və ən həssas kateqoriyadan olan insanlarımıza dəstək verəcək. Digər mərkəzlərimiz Sumqayıt şəhərində, Abşeron, Bərdə, Quba və Şəki rayonlarında planlaşdırılır. Onların da hər birinin üzərində müvafiq işlər aparılır. İnşallah, bu mərkəzlərin tikintisi sürətli şəkildə yekunlaşdırıldıqca Sizə məruzə ediləcək.
Prezident İlham Əliyev: Yaxşı. İndi biz iqtisadi sahə ilə bağlı, əlbəttə, öz addımlarımızı elə atmalıyıq ki, hazırkı çətin şəraitdə iqtisadi fəallığı müəyyən mənada qoruyub saxlayaq. Hər kəs yaxşı bilir ki, demək olar bütün ölkələr indi pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar, ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir. Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Əlbəttə ki, iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır. Bu ilin 3 ayının yekunları haqqında biz üç gün bundan əvvəl danışdıq, təkrar etmək istəmirəm. Hələ ki, müsbət dinamika var. Ancaq istisna olunmur ki, aprel, may, iyun aylarında tənəzzül müşahidə ediləcək. Çünki biz iki ayın yekunlarını üç ayın yekunları ilə müqayisə edəndə görürük ki, həm ümumi daxili məhsulda azalma var, eyni zamanda, qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq, hələ ki, biz artımı görürük, ancaq növbəti aylarda necə olacaq, əlbəttə, bu da karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır. Ancaq eyni zamanda, nəzərə alın ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək. Karantin rejimi çərçivəsində biz hansı əlavə addımları atmalıyıq ki, iqtisadi fəallığı, heç olmasa müəyyən dərəcədə qoruyaq və karantin rejimi başa çatandan sonra vaxt itirmədən iqtisadi fəallığı artıraq. Ona görə mən deyəndə ki, biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq, bu, eyni zamanda, bizim iqtisadi sahəyə də aiddir. Çünki bu sahədə də sizdə artıq prioritetlər olmalıdır. Hətta mən bir daha demək istəyirəm, istisna edilmir ki, aprelin 20-dən sonra uzadılacaq karantin rejimi çərçivəsində belə biz müəyyən sahələri aça bilərik. Çünki biz indi dünya praktikasına da baxırıq, artıq bir neçə ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə belə təşəbbüslər irəli sürülür. Ona görə ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik. Ona görə biz addımlarımızı elə atmalıyıq ki, bu müddət ərzində postkarantin rejiminə daha hazırlıqlı olaq. Hesab edirəm ki, bayaq qeyd etdiyim məsələlər öz müsbət həllini taparsa, qeyri-formal məşğulluq karantin rejimindən sonra təbii olaraq düşəcək. Çünki bu müddət ərzində on minlərlə əmək müqaviləsi bağlanmışdır və bu gün qeyri-formal sahədə işləyənlər artıq görəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin. Bir daha onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb. Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir. İndi vergi güzəştləri, vergi tətilləri ilə bağlı mən göstəriş vermişəm və istəyirəm ki, siz bu məsələ ilə bağlı məlumat verəsiniz, hansı tədbirlər hazırlanıb və bu paket Milli Məclisə nə vaxt təqdim ediləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dedi:
-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. İlk növbədə, onu vurğulamaq istərdim ki, Sizin iki tapşırığınıza uyğun olaraq biz bütün işləri planlaşdırıb həyata keçiririk. Birincisi, ilk növbədə, mövcud olan iqtisadi strukturu və məşğulluğu qorumaqdır. İkincisi, yeni şəraitdə fəaliyyəti təmin etməkdir.
Operativ məlumat olaraq diqqətinizə məruzə etmək istərdim ki, pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi uğurla gedir, proses onlayn keçirilir. İzahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
İkinci tapşırığınıza uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. O, aşağıdakı hissələrdən ibarətdir və bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər.
İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.
Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb.
Prezident İlham Əliyev: Sahibkarlarla bu məsələ ilə bağlı müzakirələr aparılıb?
Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizin Sərəncamınıza uyğun olaraq yaradılmış işçi qruplarında sahibkarlıq subyektləri, Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə müzakirələr aparılıb və sahibkarların rəyi nəzərə alınıb.
Prezident İlham Əliyev: Yəni, sahibkarların bu təkliflər paketinə münasibəti nədən ibarətdir, bu, onları qane edir, yoxsa bundan daha böyük güzəştlər istəyirlər? Bu barədə məlumat verin.
Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, vergi güzəştlərinə gəldikdə, bu, geniş və əhatəli vergi güzəşti paketidir. Məlum olduğu kimi, bu, yeganə dəstək mexanizmi deyil. Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: Yaxşı. Verdiyim tapşırıqları operativ, şəffaf şəkildə yerinə yetirmək lazımdır. Əminəm ki, bu tədbirlərin görülməsi nəticəsində biz həm əhalinin sosial müdafiəsini gücləndirəcəyik, eyni zamanda, sahibkarlara əlavə dəstək verəcəyik və ən önəmlisi, insanların həyatını, sağlamlığını qoruyacağıq.
Əminəm ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik. Sağ olun.
***
Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərzaq yardımının paylanılması davam etdirilir.
Bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Bakı şəhəri, Abşeron, Tərtər, Göygöl, Şamaxı, Ağsu, Qobustan, Quba, Ucar. Kürdəmir, Qax, Oğuz, Qazax, Gədəbəy, Biləsuvar, Lənkəran və Astara rayonlarında 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Xatırladaq ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin olunub.
Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərzaq yardımı ilə dəstək olunması davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat veriblər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi iki dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
Sonra dövlətimizin başçısına və birinci xanıma Azərbaycanda istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə məlumat verilib.
Onu da deyək ki, spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar da yerli istehsaldır. Hazırda 6 şirkət isə dezinfeksiyaedici məhlullar istehsal edir.
Sonra STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib.
Qeyd edək ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur.
Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət edib:
“Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.
Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.
Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.
İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.
Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.
Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.
Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.
Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.
Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.
Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.
Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.
Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.
Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.
Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”.
Azərbaycanda tibbi maska istehsalına başlanılması bir çox mühüm məqamları özündə ehtiva edir. İlk növbədə, bu addım Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Bundan başqa, bu müəssisənin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, eyni zamanda, idxaldan asılılığı azaltmaq, daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
14:02
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Bu il dəmir yolu ilə konteyner daşımalarının həcminin proqnozlaşdırılan artımı əsasən Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.
Bunu "Report"a müsahibəsində "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.
Müsahibənin tam mətnini təqdim edirik:
- Ötən ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə illik artımın 50%-dən çox olacağı proqnozlaşdırılır. Bu artım əsasən hansı ölkələrə daşımaların hesabına təmin olunacaq? Ümumiyyətlə, Azərbaycanın kontenyer daşımalarında əsas bazarı hansılardır?
- Son illər ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək, artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edildi.
Şirkət 2017-ci il avqustun 1-dən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti dövründə konteynerlərlə yükdaşımaların həcmi 2016-cı illə müqayisədə 4 dəfədən çox artıb. 2019-cu ildə 2018-ci illə müqayisədə idxalda 58%, tranzitdə 74%, ümumilikdə isə 61% artım qeydə alındı.
Konteynerlə yükdaşımaların həcminin artmasında bütün istiqamətlərdə təşkil edilən uzunməsafəli blok qatarların rolu böyükdür. Statistik məlumatlara görə, 2019-cu ildə ümumilikdə Çindən Avropa istiqamətində 600 mindən artıq konteyner daşınıb. Bu daşımalarda “ADY Konteyner”in də payı var. Belə ki, şirkət ölkəmizin ərazisindən keçən Orta koridor vasitəsilə (Çindən başlayaraq, Qazaxıstan və Azərbaycan üzərindən keçməklə) Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə Qara dəniz vasitəsilə Avropaya və ya BTQ dəmir yolu xətti ilə Türkiyəyə, oradan isə Avropaya dəmir yolu vasitəsilə konteynerlərlə yükdaşımalar həyata keçirir.
Digər marşrutlara nisbətən Orta koridorun üstün cəhəti geniş diversifikasiya imkanlarına malik olmasındadır. Çindən Avropaya həm “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan”, həm “Çin-Qazaxıstan - Azərbaycan-Gürcüstan-Türkiyə”, həm də Çin-Rusiya-Azərbaycan marşrutları ilə konteynerlərlə yüklərin daşınmasını həyata keçirmək mümkündür.
Orta koridorla daşınan konteynerlərin sayının ildə 100 min TEU-ya çatdırılması hədəflənir. Bunun üçün təkcə Azərbaycanda deyil, marşrut boyu yerləşən digər ölkələrdə də buraxılış imkanlarının genişləndirilməsi, daşımaların sürətini və həcminin artırılması istiqamətində böyük həcmdə investisiyalar yatırılıb, infrastruktur layihələri həyata keçirilib. Bu isə imkan verir ki, Orta koridorla Çindən Avropaya daşınan konteynerlərin sayı ildə 150-200 min TEU-ya çatdırılsın.
Şirkətimiz Avrasiyanın bir sıra aparıcı operatorları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə konteynerlə yükdaşımaların həcmini daim artırmağa imkan verir. 2020-ci ildə proqnozlaşdırılan 50 faizlik artımın, əsasən, Azərbaycan üzərindən tranzit daşımaların hesabına reallaşacağı gözlənilir.
- Konteyner daşımalarında müsbət tendensiya müşayiət olunsa da, bütövlükdə ölkədə konteynerləşmə səviyyəsi kifayət qədər aşağıdır. Bunun hansı obyektiv və ya subyektiv səbəbləri var?
- Burada əsasən subyektiv yox, obyektiv səbəblərdən danışmaq olar. Belə ki, konteynerlə daha çox hazır məhsullar daşınır. Hazır məhsulların maya dəyəri yüksək olduğu, istehsal müəssisələri müxtəlif yerlərdə yerləşdiyi və onların arasında dəmir yolu bağlantısı olmadığı üçün daşıma zamanı daha sürətli olan avtomobillərə üstünlük verilir.
Konteynerləşmənin səviyyəsinin artırılması üçün “ADY Konteyner” müəyyən addımlar atır. Məsələn, Gürcüstanın Poti və Batumi limanları istiqamətində vahid tariflərlə mütəmadi fəaliyyət göstərən blok qatarlar təşkil edilir. Bu proses konteynerləşmənin sürətlənməsinə şərait yaradıb. Məsələn, 2018-ci ildə bu istiqamətdə konteynerlərlə 24 505 TEU yükdaşınmışdısa, 2019-cu ildə bu rəqəm 35 895 TEU-ya çatdırılıb, il ərzində artım 46% olub.
Həmçinin Türkiyənin İstanbul, Mersin şəhərlərinə, Orta Asiyanın əsas şəhərlərinə, Qara dənizdən keçməklə Avropaya, Azərbaycan üzərindən keçməklə İrana, Orta Asiyaya, Rusiya və Çinə blok qatarlar təşkil edilir. Bu isə yük sahibləri üçün cəlbedici olduğundan konteynerlə daşımalara müraciətlərin sayı da müvafiq olaraq artır.
Bir məqamı da diqqətinizə çatdırım ki, postsovet məkanında, o cümlədən qonşu ölkələrdə uzun illər dəmir yolu ilə daşımalar əsasən vaqonlarla həyata keçirildiyi üçün konteynerləşmə prosesi zaman tələb edir. Bu baxımdan, Azərbaycanın tranzit potensialını artırmaq məqsədilə artıq konteynerləşmə prosesi yüksək səviyyədə olan bazarların Azərbaycan üzərindən digər ölkələrə tranzitlə keçməsi üzərində işləyirik. Məsələn, Şimal-Cənub marşrutu ilə Hindistan, Fars körfəzi ölkələrinin Azərbaycan üzərindən keçməklə Baltik dənizi ilə, Körfəz ölkələrinin Qara dəniz ölkələri ilə birləşdirilməsi prosesi gedir. Bu marşrutlar digər marşrutlara nisbətən daşıma müddətini bir neçə dəfə azaldır. Həmçinin Şərq-Qərb marşrutu ilə Uzaq Şərq ölkələrinin (dünyanın nəhəng iqtisadiyyatlarından olan Çinin, Yaponiyanın, Cənubi Koreyanın cəmləşdiyi region) Avropa ilə birləşdirilməsi davam edir.
- Bildiyimiz kimi, konteynerlər hər iki istiqamət üçün kirayələnir. Konteyner geriyə boş qayıdanda bu daşıyıcı üçün itkilərə səbəb olur. Bu faktorun neytrallaşması istiqəmətində hansı addımlar atılır?
- Təbii ki, hər iki istiqamətə yük olmadığı halda, dəmir yolu ilə konteyner daşımalarının cəlbediciliyi avtomobillərlə müqayisədə daha aşağıdır. Avtomobillə daşıma zamanı geriyə boş qayıtmasın deyə, maşın çox aşağı qiymətə olsa da, yük götürə bilir. Dəmir yolunda isə müəyyən öhdəliklər, vahid tariflər mövcuddur ki, ondan kənara çıxmaq çətindir. Avtomobil sahibləri isə dolu və ya boş getməsindən asılı olmayaraq qiyməti özləri tənzimləyə bilir.
Qurudan quruya daşımalar həyata keçirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC konteynerlər alıb və yaxın illərdə onların sayı daha da artırılacaq. Eyni zamanda “ADY Konteyner” MMC bu problemi tərəfdaş şirkətlərlə əməkdaşılıq çərçivəsində həll edir. Belə ki, dəniz xətlərində əməkdaşlıq etdiyimiz "Maersk", MSM, CMA/CGM kimi iri şirkətlərin özəl konteyner bazası var və kirayəyə ehtiyac qalmır.
- Mövcud konteyner terminallarının modernləşməsi nə dərəcədə əhəmiyyətlidir?
- Konteyner terminallarından danışarkən bildirim ki, “ADY Konteyner” MMC fəaliyyətinə Keşlə Konteyner Terminalında başlayıb. Lakin qısa zaman kəsiyində yükdaşımaların həcmi artdığı üçün, bazarın tələbatına uyğun olaraq yeni terminallara ehtiyac yarandı. Azərbaycan hökumətinin dəstəyi ilə daha böyük sahəyə və imkanlara, müasir infrastruktura malik, məsələn Abşeron Logistika Mərkəzi kimi terminal yarandı. Artıq bir çox istiqamətlər üzrə daxil olan konteynerlər məhz bu terminalda aşırılır.
Hazırda "ADY Konteyner" şirkətinin balansında olan Sumqayıt terminalı önəmli nəqliyyat qovşaqlarından birinə çevrilib. “ADY Konteyner”in balansına daxil olanadək burada demək olar ki, konteyner daşımaları dayanmışdı. Bu gün isə aylıq orta hesabla Sumqayıt terminalından 300-dək konteyner yola salınır və bu rəqəm artmaqdadır. Paralel olaraq terminalın modernləşdirilməsi uğurla davam etdirilir. Bildiyiniz kimi Sumqayıtda bir sıra iri müəssisələr yerləşir. Bu müəssisələrdə istehsal edilən, xüsusən ixrac məhsullarının ölkə xaricinə daşınmasında “ADY Konteyner” şirkəti də iştirak edir. Məhz bu səbəbdən Sumqayıt terminalının tam müasir səviyyədə qurulması qarşıya qoyulan məqsədlərdən biridir. Bu, həm də terminaldan daşınan konteynerlərin sayının artırılmasına imkan yaradacaq.
Eyni zamanda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na uyğun olaraq, bölgələrimizdə yeni müəssisələr yaradılır. Bu, bizə əsas verir ki, bütün regionlarda konteyner meydançlarını hazır vəziyyətə gətirək. Ölkənin ixrac potensialına dəstək olaq.
- “ADY Konteyner” yeni marşrutların yaradılması istiqamətində nə kimi addımlar atır?
- Şirkətimiz, əsasən, beynəlxalq daşımalar üzrə ixtisaslaşıb. Onun yaradılmasında da əsas məqsəd beynəlxalq daşımalarda Azərbaycanın mövqeyini gücləndirmək və ölkənin tranzit imkanlarını genişləndirməkdir.
Biz dövlətimizin bir sıra xarici layihələrinin həyata keçirilməsində iştirak edirik. Əsasən, Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Cənubi Koreya, həmçinin Avropa ölkələri, o cümlədən Ukrayna, Türkiyə, Rusiya, İran, Hindistan və digər ölkələrlə Şərq-Qərb, Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizləri, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması istiqamətində əməkdaşlığı genişləndiririk. Təsadüfi deyil ki, “ADY Konteyner” şirkətinin bu gün üçün şüarı məhz belədir - “Biz kontinentləri birləşdiririk”.
Həmçinin mövcud dəhlizlərlə yanaşı, yeni marşrutların yaradılması üzərində iş aparılır. Yeni marşrutlara Gürcüstan-Azərbaycan- Türkmənistan-Özbəkistan- Qırğızıstan-Çin istqamətini, həmçinin Uzaq Şərqdəki Naxodka limanını Azərbaycandan keçməklə Türkiyə və İranla birləşdirən istiqaməti göstərə bilərik.
Bununla yanaşı bu yaxınlarda "ADY Konteyner" tərəfindən həyata keçirilən Sian-Praqa konteyner qatarı qarşımızda yeni imkanlar açdı və mövcud marşrutların diversifikasiyasını mümkün etdi. Marmaray tunelindən konteyner daşımaları üçün ilk dəfə istifadə edilməsi və tunellə konteyner daşımaları həyata keçirmək üçün imkanların yaradılması bizə Avropa dövlətləri, o cümlədən Cənub-Şərqi Avropa ölkələri ilə fasiləsiz dəmir yolu əlaqələri qurmağa imkan verir. Bu istiqamətdə bir sıra Avropa ölkələrinin dəmir yolu şirkətləri ilə, o cümlədən İtaliyanın "Mercitalia", Avstriyanın "Rail Cargo", Polşanın "PKP", Bolqarıstanın BGZ, Rumıniyanın CFR və s. şirkətləri ilə danışıqlar aparılıb. Ən son görüşlər isə "Metrans" və “Rail Cargo” şirkətləri ilə keçirılıb.
Bu yerdə vurğulamaq istəyirəm ki, Hamburq limanının törəmə şirkəti olan "Metrans" Avropadakı 15 terminalı vasitəsilə təkcə qitənin daxili bazarında 1 milyon konteyner daşıyır. "Metrans"ın bu kimi imkanları yüklərin ölkə ərazisindən tranzit keçərək Mersindən, İstanbuldan və Qara dəniz limanlarından Avropa sərhədlərinə və buradan Avropanın istənilən nöqtəsinin çatdırılmasında çox vacib rol oynayacaq. Bu istiqamətdə bir çox dəmir yolu şirkətləri ilə müxtəlif marşrutlar üzərində işlər aparırıq. PKP LHS Avroterminal, Grandpet şirkəti vasitəsilə Rumıniyanın Konstansa limanı ilə Gürcüstanın Poti və Batumi limanlarını, BGZ Karpo ilə həmçinin Varna limanını Batumi, Poti ilə birləşdiririk. Türkiyənin Kapıküllə stansiyasından Rumıniya, Bolqarıstan və Serbiya, Orta və Cənubi Avropa ölkələrinə yükadaşımaları Rail Сargo, Metrans şirkəti, İtaliyanın limanılarından isə MercitaliaTriyest limanı və Genuya limanından həyata keçirilməsində maraqlıyıq.
Mertrans şirkəti ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.
O ki qaldı “Rail Cargo”ya, bu şirkətlə tarixi “Sian-Praqa” konteyner qatarının Avropaya çatdırılması istiqamətində əməkdaşlıq təcrübəmiz var. Bu yaxınlarda “Rail Cargo” şirkətinin iştirakı ilə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin həyata keçirilməsi məqsədilə yaradılan İşçi Qrupunun növbəti iclası keçirildi. Qeyd edim ki, “ADY Konteyner” MMC-də İşçi Qrupunun üzvüdür. Bildirildi ki, bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəql olunmasını planlaşdırır. “Rail Cargo Group” ilə əməkdaşlıq çərçivəsində 2020-ci ilin birinci yarısında, artıq Venlodan (Niderland) ilk sınaq qatarı Azərbaycan üzərindən keçməklə Çinə yollanacaq.
Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.
Sərəncamda qeyd edilir ki, Füzuli rayonunun əhalisi 15373 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.