15 iyun - Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib. Məlumat verilib ki, iki mərtəbəli inzibati binalar ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Hər iki binanın daxilində silah saxlama otağı, idman sağlamlıq zonası və yeməkxana var. Yeni tikililər ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri ilə təmin edilib, digər yardımçı sahələr yaradılıb. Ərazilər hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Nazir yeni binaların foyesində olan Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, növbətçi hissələrə, xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb.

General-polkovnik Vilayət Eyvazov görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. O, xalqımız üçün ən əlamətdar günlərdən biri olan Milli Qurtuluş Günündə iki yeni inzibati binanın açılışını məmnunluqla qeyd edərək əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətin göstərdiyi bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

“Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub.

Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirildi ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə - onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.

Prezident İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?

Baba Rzayev: Bu, qidalandırmırdı.

Prezident İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?

Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. “Əhmədli” bir nömrəli qəza mənbəyi idi.

Prezident İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.<ins'>

Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.

Prezident İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.

Baba Rzayev: Cənab Prezident, “Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.

Prezident İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik.

Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.

Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən “Görədil” işə salınıb.

Prezident İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.

Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.

Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq “Böyükşor” yarımstansiyasını qapalı “GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.

***

Prezident İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə I müavin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla bu vəzifə Namiq Hümmətova həvalə olunub.

O, indiyə qədər komitənin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. (report)



İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə məlumat verildi. Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.

Qeyd edək ki, ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tərtər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.

Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

İ. Əliyev tədbirə tibbi maska taxaraq qatılıb.

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.
Sərəncama əsasən, Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç il müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

"Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, bu gün Respublika Günüdür:

"Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı.

Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi.

Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun".

"Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun", - Prezident İlham Əliyev qeyd edib.


Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.

Xəbər lenti