![]() |
|
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
Müdafiə Nazirliyi xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.
General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyevin çıxışında deyilir:
“Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir.
Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.
Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.
Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.
Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.
Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.
Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib.
Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur.
Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik.
Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir.
Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir.<ins'>
Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.
Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub.
Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib.
Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.
Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir.
Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib.
Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.
Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.
...
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
"Ölkə.Az" xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.
Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.
Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək
Prezident İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:
"Biz görəndə ki, insanlar nümayişkaranə bu rejimi pozurlar... Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Qaydaları pozan insanlar daha məsuliyyətlıi olarlarsa, nizam-intizama əməl edərlərsə, hesab edirəm, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.qafqazinfo
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Burada çıxış edən Prezident İlham Əliyev deyib:
- Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.
Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi – 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır.
Təbii ki, ondan sonra, xüsusilə son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xidmətlərini biz xüsusilə qeyd etməliyik.
Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi. Düzdür, energetika sistemimiz köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada generasiya davam edirdi. O illərdə biz böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi, gündə iki saat, Bakı şəhərində də həmçinin. Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək mümkün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, milyardlarla. Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq.
Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təqdim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik. Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır – bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var – qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tamamilə müstəqilik və iqtisadi-enerji müstəqilliyi budur. Biz bunu əldə etmişik, Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Burada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik.
Xahiş edirəm, bütün energetiklərə mənim salamlarımı çatdırın, Mingəçevir sakinlərinə də həmçinin. Mən bu stansiyanın yenidən qurulmasında əməyi keçən hər bir insana təşəkkür edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.
***
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axmışdı, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.
Araşdırmalar nəticəsində məlum olmuşdu ki, stansiyadakı generatorlarda təsirlənmə sistemləri, soyuducuları köhnəlmiş və istismara tamamilə yararsızdır. Qazanlarda küləkdən mühafizə lövhələri dağılıb, qazan avadanlıqları aşınıb və sıradan çıxıb. Regenerativ hava qızdırıcıları, qaz yolları, kompensatorlar və digər qurğular uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşüb. Stansiyanın tüstü boruları və konstruksiyaları da aşınmaya məruz qalmışdı, Fasiləsiz Qida Mənbələri demək olar ki, işləmirdi. Maşın zalının konstruksiyası, dam örtüyü və döşəməsi dağılmışdı. Kimyəvi sutəmizləmə qurğusu olduqca köhnəlmişdi, azot və oksigen qurğuları, reagent və yağ təsərrüfatları istismar müddətini iki dəfədən çox başa vurmuşdu. Hidrogen qurğusu uzunmüddətli istismar edildiyindən təhlükə yaradırdı. Hətta Yuxarı Qarabağ kanalının stansiya ərazisindən keçən çıxış su kanalı hissəsinin yamacları dağılmışdı. 330 və 500 kilovoltluq yarımstansiyaların avadanlığı və mühafizə sistemləri öz ömrünü başa vurmuşdu. Bu isə sistem qəzasının olması ehtimalını ən yüksək səviyyəyə çatdırmışdı.
Prezident İlham Əliyev elektromobillə stansiyanın ərazisini gəzib.
Stansiyada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev bildirib ki, enerji bloklarının texniki su təchizatı Yuxarı Qarabağ kanalı vasitəsilə təmin edilir. Kanalın yamacları və dib hissəsi beton örtüklərlə bərpa olunub, dövran su xətlərinin altındakı dayaqlar əsaslı təmir edilib. Ərazidə yeni mazut çənləri, dövran və mazut nasosları quraşdırılıb. Stansiyanın qaz qəbulu məntəqələri də əsaslı təmir olunub.
İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik səkkiz blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb.
Diqqətə çatdırılıb ki, enerji bloklarında sıradan çıxmış elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksək gərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub. Blok və xüsusi sərfiyyat transformatorları da təmir edilib.
Qeyd olunub ki, 2018-ci ildə sistem qəzasının mənbəyi olan 330 və 500 kilovoltluq yarımstansiyalar yenidən qurulub. İstismar müddəti bitmiş və partlayış təhlükəsi olan bütün hava açarları eleqaz tipli açarlarla, cərəyan və gərginlik transformatorları müasir tipli avadanlıqla əvəzlənib. Yarımstansiyaların hər biri üçün yeni idarəetmə binaları tikilib.
İndi “Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati binadan həyata keçirilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.
Burada stansiyanın idarə olunması ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra dövlətimizin başçısı “Azərbaycan” İstilik Elektrik Stansiyasını işə salıb.
Prezident İlham Əliyevə yeni tikiləcək “Qobu” Elektrik Stansiyasının layihəsi barədə məlumat verilib.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev çıxış edib.
***
“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti işlərinin gedişi barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.
Dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.
İlham Əliyev zavodu işə salıb.
***
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar, tikinti işlərinin gedişi barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.