Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsində  birinci yeri qazananlar sırasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşı da var. 

Belə ki, Cəmiyyətin Maliyyə və İqtisadiyyat İdarəsinin Maliyyə və iqtisadi təhlil şöbəsinin rəisi Orxan Yusibov müsabiqədə qalib olmuş 27 nəfərdən biridir. 

Digər əməkdaşımız ADY-nin İnvestisiya İdarəsinin rəis müavini Toğrul Quliyev isə 11760 nəfər arasından idarəçilik bacarıqları və səriştələri ilə fərqlənərək finala çıxan 112 namizəd arasında yer alıb. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Yüksəliş” müsabiqəsində uğur qazanmış əməkdaşlarla görüşərək onları bu nailiyyət münasibətilə ürəkdən təbrik edib. Sədr onların bu uğurunu ADY ailəsinin sevinci, uğuru kimi qiymətləndirib. Bildirib ki, ölkə üzrə əhəmiyyətli bir müsabiqədə qalib gəlmək onların karyera inkişafına təkan verəcək. Sədr ADY əməkdaşlarına peşəkar iş həyatlarında yeni müvəffəqiyyətlər arzulayıb. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsində 11760 nəfər iştirak edib və onlardan idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən 27 nəfər qalib adını qazanıb.

Azərbaycanlı döyüş samboçusu, MMA idmançısı Bəxtiyar Abbasova polis kapitanı rütbəsi verilib. 

Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova bu rütbə vaxtından əvvəl təqdim olunub. 

Səbəb onun Vətən müharibəsinin ilk günlərindən sonadək döyüşlərdə iştirakıdır. Abbasov polis zabiti olsa da, sentyabrın 29-dan könüllü şəkildə Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Qeyd edək ki, Bəxtiyar Abbasov 2008-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, 2016-cı ildə isə fəxri fərmanla təltif olunub.

 

 

 

 
 
 
İyulun 12-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olan məzunların dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Daxili İşlər naziri Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Qeyd edək ki, bu il DİN-in Polis Akademiyasının əyani şöbəsinin 153 məzunu olub. Onlardan qeydiyyatda olduqları ərazi üzrə 15 nəfəri Naxçıvan Muxtar Respublikasının, 138 nəfəri isə respublikanın digər şəhər və rayonlarının polis orqanlarına təyinat alıblar.



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.




Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nazir bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb.

V.Eyvazov narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.




Yol-xeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb. İclasda ADY Müşahidə Şurasının sədri və üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərbaycan Dəmir Yolları” QSC və “McKinsey&Company” şirkətinin nümayəndələri  iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir  və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Yol-xeber.az-ın məlumatına görə, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı ölkəmizin ərazisinə çatıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarının operatorları “RJD Logistika” AC, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-dur. Qatar Astara (Azərbaycan) - Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. 

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmir yolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmir yolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. 



İyunun 11-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

DİN Mətbuat xidmətindən “Yol-xeber.az”a verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Vilayət Eyvazov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk dövrdən Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim diqqət mərkəzində saxlayıb: “Məhz bu ali münasibətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərənlər arasında Ali Hərbi Məktəbin 33 məzunu da var”.

O, Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə, habelə xüsusi karantin rejimi dövründə polis əməkdaşları ilə birgə fəaliyyətinin də əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib.

Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş üç məzuna fərqlənmə diplomlarını və “baş leytenant” hərbi rütbələrinin paqonlarını təqdim edib.

Sonda gənc zabitlər tənətənəli marşla tribunanın qarşısından keçib.

 


 


"Yol-xeber.az"ın məlumatına görə, Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.

Bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır.

Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs 5 iyul 2021-ci il tarixinədək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.

Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12,16,20 iyun və 3 iyul tarixlərində keçiriləcək.

Xəbər lenti