"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.

Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib.

Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra “Azərenerji”nin Füzulidə elektrik stansiyasına baxış olub.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.

Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.

Daha sonra Zəngilan rayonunda İqtisadiyyat naziri Mikayıl Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.

Nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.

Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib. Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Səfərin sonunda Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Xocavənd rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.

Bununla da səfər başa çatıb.



"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
 Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə maraqlanıb. 

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Daha sonra, Saleh Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az"un xəbərinə görə, Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.

Yol boyu işlərin fiziki tərəqqisi 80% təşkil edir. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.

Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.

Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü16 avtomobil körpüsü82 yeraltı keçid39 düzbucaqlı su keçidi574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. 

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. 

Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına da müsbət təsir göstərəcək.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az"un xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2021-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.

Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafı məqsədi ilə ötən il 728.3 km, son 5 il ərzində isə 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

İdarə Heyyətinin sədri Saleh Məmmədov Müzəffər Ali Baş KomandanAzərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinin davam etdirildiyini bildirib. 

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.  

Uzunluğu  101 km2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilib. 

Tədbir zamanı 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əalqədar olaraq avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşlarına fəxri diplom və mükafatlar təqdim olunub.



"Yol-xeber.az"un xəbərinə görə, “22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı” günü münasibəti ilə agentlik tərəfindən keçirilən “Qarabağın yolları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri məlum olub. 

Avtomobil yolları işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq keçirilən tədbir çərçivəsində rəsm müsabiqəsinin qalibləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən mükafatlandırılıb. 

2022-ci il “Şuşa ili” elan olunduğu üçün müsabiqədə işğaldan azad edilmiş ərazilərin məktəbliləri iştirak edib. 

Müsabiqədə 1-ci yerə Əliyeva Nəzrin Vasif qızı ( Füzuli rayonu), 2-ci yerə Təhməz Nihad Nahid oğlu (Laçın rayonu), 3-cü yerə Kərimli Nuray Səxavət qızı (Zəngilan rayonu) layiq görülüb. 

Sonrakı 5 yeri tutan iştirakçıya isə həvəsləndirici mükafatlar təqdim olunub. 

Qeyd edək ki, rəsm müsabiqəsinə ümumilikdə 150-dən çox rəsm təqdim olunub.



"Yol-xeber.az"un xəbərinə görə, Fevralın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya  imkanları ilə bağlı məlumatları bölüşüb.   Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal konstruksiyaların, məmulatların və hissələrinin, təhlükəsizlik sistemlərinin işlənib hazırlanması və istehsalı, obyekt tanıma sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri əhatə edib.  Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində proqram təminatının hazırlanması, yük daşımaları sahəsində avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər  “Rusiya Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu nəqliyyatı   qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir. 

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

"Yol-xeber.az"un xəbərinə görə, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.       

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.



"Yol-xeber.az"un xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub.  Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov Azərbaycan Dəmir Yollarında görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.





Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.

Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına start verilib. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 kilometr uzunluğunda daxili yolları idi.

Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.

Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.

Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışında iştirak ediblər.

294626

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

Yol-xeber.az xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

- Salam, möhtərəm cənab Prezident, AZƏRTAC-a müsahibə üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün 330 kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq elektrik stansiyası istifadəyə verilir. Bir neçə gün bundan əvvəl yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak etdiniz. Ölkəmizdə enerji potensialının gücləndirilməsi baxımından bu stansiyaların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sismtemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.

- Cənab Prezident, məlumdur ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda, ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?

-Bəli, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq.

- Cənab Prezident siz bərpaolunan enerji növləri ilə bağlı məsələyə toxundunuz, növbəti sualımız da bununla bağlıdır. Son illər Azərbaycanda bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidr. Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik qeyd etdiyim kimi “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır. Mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik.

- Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınıza görə Sizə minnətdarıq. Sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun.

- Sağ olun.

****
Fevralın 11-də Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

Açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

Xəbər lenti