Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

 

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verdi.

 

Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur.

 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 7 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.

 

Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir.

 

Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

 

Dövlətimizin başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoydu.

 

 
 


Yol-xeber.az-ın məlumatına görə, 20-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “Rebuild Karabakh” – 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan dəmir yolu layihələri barədə məlumat da yer alıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri intensiv şəkildə həyata keçirilir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. 

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 ədəd süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir. 
     
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilməkdədir.

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu  birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.



Yol-xeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-də Macarıstanın ölkəmizdəki  səfiri Viktor Szederkenyi ilə görüş keçirilib.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ölkələrimiz arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən, o cümlədən nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan söhbət açıb. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlardan danışan  Cəmiyyət sədri dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məkana çevrilib, ölkəmizin logistika və tranzit qovşağı kimi rolunun gücləndirilməsi üçün lazımi infrastrukturun qurulması prosesi davam etdirilir. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin  Macarıstan dəmir yolları ilə “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası (TDƏŞ) və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) çərçivəsində əməkdaşlıq etdiyini deyib. O, Azərbaycan və Macarıstan dəmir yolları, eləcə də aparıcı loğistika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə Bakıda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Macarıstanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ölkələrimiz arasında əlaqələrin inkişafından,  beynəlxalq və regional layihələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəaliyyətindən məmnunluğunu bildirib. Macarıstan şirkətlərinin dəmir yollarının tikintisində iştirakda maraqlı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. 


b
b



Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi dəmir yolu işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

n
n
n
n

 



Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.

Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb.

Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə predmeti olub.

Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.




Yol-xeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası davam edir. Bu barədə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, belə layihələrdən biri də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoludur.

 

Qeyd edək ki, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.

 

Onu da qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

 

Dövlətimizin başçısına Füzuli-Hadrut avtomobil yolunun layihəsi barədə də məlumat verilib. Başlanğıcını Zəfər yolundan götürən bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq.

 
 




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Yol-xeber.az xəbər verir ki, ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtərə səfəri çərçivəsində Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

"Ölkə.az" xəbər verir ki, dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.

Azərbaycan Prezidenti Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.




Yol-xeber.az-ın məlumatına görə, Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupunun 6-cı iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Cəmiyyət sədri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər ölkələrin də inkişafında əhəmiyyətli rol oynayacaq, iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Cavid Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi sayəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı və fəal rolundan söhbət açıb. Bu təşəbbüskarlığın təzahürü olaraq dəhlizə beynəlxalq maraq ildən-ilə güclənir.

Tədbirdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəisinin birinci müavini Pyotr Dulub, İran İslam Respublikası Dəmir Yollarının ticarət və istismar üzrə vitse-prezidenti Murteza Cəfəri, Finlandiya Dəmir Yolları konserninin (“VR Group LTD”) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladislav Şepetovski iştirak ediblər. Yığıncağa  onlayn formatda Hindistanın CONCOR konteyner korporasiyasının prezidenti Kalyana Rama da qoşulub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun sədrliyi ilə keçən İşçi qrupun 6-cı iclasının iştirakçıları ötən toplantının qərarlarının icrası və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindəki daşımaların inkişafı üzrə işlərin gedişatı ilə tanış olublar. Kağız məhsullarının konteynerlərlə Finlandiyadan Hindistana daşınması layihəsinin nəticələrinə baxılıb, mövcud trafik həcmi və Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi perspektivləri, eləcə də AB ölkələrindən konteynerlərin geri yüklənməsi ilə bağlı məsələlər müzakirə olunub. Dəhliz iştirakçıları tərəfindən cəlbedici tarif şərtlərinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca konteyner qatarlarının təşkilində elektron məlumat mübadiləsinin tətbiqi, dəhlizin milli hissələrində infrastrukturun inkişafı, Astaradakı (İran) yükləmə terminalının yük potensialının artırılması, Astara-Rəşt və Zahedan-Çabahar dəmir yolu xətlərinin tikintisi və digər mövzular gündəlikdə yer alan əsas məsələlər olub. İclasda Finlandiya Dəmir Yolları konserni (“VR Group LTD”) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupuna üzv qəbul edilib.

Görüş çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC nümayəndələri ilə İran, Rusiya, Belarus və Finlandiya dəmir yolları təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub.

İclasın sonunda müvafiq protokol imzalanıb.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci il tarixindən qüvvəyə minib. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.



Yol-xeber.az-ın məlumatına görə, Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC,  “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının Baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində  artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb.  Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb.

Xəbər lenti