![]() |
|
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in Mətbuat Xidmətinin keçmiş rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.
“Report” məlumatına görə, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.
Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.
Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.
Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.
Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyətinin olduqca böyük olduğu barədə məlumat verilib. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti ilə görüş olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov gənc mütəxəssislərin dəmir yolu sahəsinə marağının artırılması üçün zəruri addımlardan söhbət açıb və bu sahədə iş prosesini yaxından izləmək üçün əlverişli şərait yaradılmasının mümkünlüyünü diqqətə çatdırıb. Görüşdə gənc kadrların bilik və bacarıqlarına daha çox tələbat olan istiqamətlər müzakirə olunub. Onların nəzəri biliklərini tətbiq etmələri üçün müvafiq ixtisaslar üzrə təcrübə imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılıb.
AzTU-nun rektoru Vilayət Vəliyev görüşdən əvvəl Bakı Dəmir Yolu Vağzalı, eləcə də digər stansiya və depolarda iş prosesi ilə yaxından tanış olduğunu bildirib. Qeyd olunub ki, universitet dəmir yolu nəqliyyatı və təsərrüfatı sahəsində kadrlar hazırlamaqda maraqlıdır. Əgər zərurət yaranarsa, bu sahədə tələb olunan mütəxəssislərin hazırlanması üçün ali təhsil ocağında yeni ixtisasların yaradılması da mümkündür. "Azərbaycan Dəmir Yolları" QSC-dən peşəkar və ixtisaslı mütəxəssislər dəvət olunaraq, tədris prosesinə cəlb edilə bilərlər. Həmin tələbələrin öz ixtisasları üzrə iş prosesinə cəlb olunmaları onların gələcək fəaliyyətlərində səmərəli təcrübə əldə etmələrinə imkan yaradar.
Görüş tələbə və məzunların təcrübə imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam etdirilib.
"O vaxt yüksək texnologiyalardan, ümumiyyətlə, söhbət getmirdi, yollar bərbad vəziyyətdə idi, dəmir yolları infrastrukturu köhnəlmişdi, dəniz nəqliyyatı sahəsində hər hansı bir irəliləyiş yox idi, əksinə, bizim donanmamız böyük dərəcədə köhnəlmişdi. Bütövlükdə bu sahədə vəziyyət ürəkaçan deyildi. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik. Yəni, bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Əlbəttə ki, nəqliyyat infrastrukturuna qoyulan vəsait bu yeni vəziyyəti yaratmışdır. Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq. Son 17 il ərzində 17 min kilometrdən çox avtomobil yolu tikilib, həm magistral yollar, həm kənd yolları, həm də şəhərlərarası yollar. Bu proses bu gün də davam etdirilir. Eyni zamanda, azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına bu il start verilmişdir. Biz bu işləri planlı şəkildə görəcəyik. Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik".
Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb.
Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib.
Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Sonda xatirə hədiyyələrinin təqdimatı olub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmkarlar!
Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilmişdir. Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqlənmişlər.
Eyni zamanda, Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzla birgə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və cəsurluq nümunələri göstərmiş, orden və medallara layiq görülmüşlər.
Bütün bu möhtəşəm uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçısı tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin, dinamik iqtisadi inkişafın, məqsədyönlü ordu quruculuğunun, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatların məntiqi nəticəsidir.
Əminəm ki, bundan sonra da vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək!"
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əmək haqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən fondun hesabına köçürülüb.
Şəhid ailələrinin və yaralanan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platforma rolunu oynayan “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb.
Unikal.org məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, o, 1992-ci ildən 2020-ci il tarixinədək DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.