Ankarada 28 avtomobil toqquşdu

 Türkiyənin paytaxtı Ankarada 28 avtomobilin bir-biri ilə toqquşması nəticəsində zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, qəzada 9 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

 

Qəzaya yolların sürüşkən olması səbəb olub. Hadisədən sonra yaranan tıxac saat yarıma aradan qaldırılıb.

 

 

Bakı Nəqliyyat Agentliyi (BNA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günlərində müntəzəm marşrut xətlərinin fəaliyyətini tənzimləmək məqsədi ilə iş qrafiki hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ümumilikdə isə adi günlərlə müqayisədə bayram günlərində şəhər əhalisinin əksəriyyəti rayonlara üz tutduğundan sərnişin tələbatı az olur: “Eyni zamanda bildirmək istərdim ki, dekabrın 31-dən 1-nə keçən gecə paytaxtın inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin tələbatına uyğun tənzimlənəcək. Bununla bağlı daşıyıcılara tapşırıqlar verilib. Həmçinin tapşırılıb ki, sərnişin axını çox olacağı təqdirdə xətlərə əlavə nəqliyyat vasitələri çıxarılsın”.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.

DTX-nin İctimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilərək zərərsizləşdirilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Bakının 230 nömrəli tam orta məktəbi dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagirdi ilə bağlı məlumat yayıb.

Məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin "8 b" sinif şagirdi dekabrın 25-də V dərsin sonuna qədər məktəbdə olub. VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib:

"Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailədə problemlər var. Şagirdin ata və anası ayrılıb. Sonradan anası yenidən ailə qurub. Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar".

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda Baş Prokurorluq, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və s. qurumların məsul əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov ölkəmizdə dini durumun tam sabit olduğunu deyib.

“Bütün din nümayəndələrinə bərabər münasibət göstərilir. Azərbaycandakı bu tolerant mühitdə dünyanın bir sıra aparıcı şəxsləri tərəfindən yüksək qiymət verilib. Ölkəmizin bu sahədə apardığı siyasət dünyaya nümunədir. Biz artıq bunun müsbət nəticələrini görməkdəyik”.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə bildirib ki, dinə ictimai, milli və ideoloji təhlükəsizlik müstəvisindən baxılmalıdır və bu işlə də aidiyyəti qurumlar məşğul olur:

“İdeoloji nöqteyi nəzərdən bu gün Azərbaycan cəmiyyətinin üzləşdiyi hansı çətinliklər var? Bu təhdidlər əsasən “islam” istiqamətlidir. Burada dırnaqarası islamdan söhbət gedir. Əsl dindarların bu təhdidlərə heç bir aidiyyəti yoxdur. Dini kimliyimizin məqsədli şəkildə milli kimliyə qarşı qoyulması ən böyük problemdir. Bir qrup dindar 20 Yanvar, Xocalı faciəsi şəhidlərini qəbul etmir ki, namaz qılmırlar. Novruz bayramını qəbul etmirlər ki, islama ziddir.

Bir milləti millət edən həm də ortaq nöqtələridir. Bir vətəndaş müstəqillik, həmrəylik günümüzü bayram kimi qəbul etmirsə, belə adamların ingilis, rus, fransızdan fərqi yoxdur. Təbliğatın təsiri nəticəsində dindar olan şəxs milli kimliyimizlə bağlı məsələlərə biganələşir”.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ssenariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.

Sabaha ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-11dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 27-28-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.

Qeyd edək ki, Lotu Quli Azərbaycanda həbsdən azad edildikdən sonra Türkiyəyə gedib. O, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Bundan öncə mətbuat Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.


Bakı Metropoliteni QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.

QSC-dən Axar.az-a verilən məlumata görə, metronun “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.

Bakı Metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də sərnişinlər görə biləcək. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonun qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq.

Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız da kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.

Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.

Bayram günlərində Bakı Metropoliteni QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq.

Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat tələbə sayına və tarixinə görə ölkənin ən əzəmətli universiteti haqqında rəylərin onları da yaxından maraqlandırdığını bildirib:

“Çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə BDU-nun müəllimlərinə və təhsil mühitinə borcluyuq. Etiraf edim ki, son illərdə hər dəfə rəsmi tədbirlərdə iştirak etmək üçün bu universitetin binasına daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım. Hazırda BDU üçün belə bir şansın yarandığını düşünürəm. Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda hansısa kadr dəyişikliyinin bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bildiyinin şahidi olduq. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilən, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan mexanizm sayılan MTN Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda köklü dəyişiklik də mümkün olur”.

Millət vəkilinin sözlərinə görə, BDU-nun rektoru əvəzinə təhsil nazirinin müavini Firudin Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişikliyin baş verməsini gözləmək olar:

“Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.

Təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib.

Xəbər lenti