DYP-dən yol hərəkəti iştirakçılarına müraciət

Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə İdarədən məlumat verilib.

Müraciətdə qeyd olunur ki, hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur:

"Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır".

"Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır",- deyə müraciətdə qeyd olunur

Azərbaycanda 6 günlük bayram tətili başlayıb

Azərbaycanda 6 günlük bayram tətili başlayıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günüdür.

Azərbaycan Dəmir Yolları yenilənmiş istifadəçi yönümlü korporativ veb-saytını təqdim edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Belə ki, www.ady.az veb-saytı həm sərnişinlərin, həm də biznes tərəfdaşların ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edəcək. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edə bilərlər.

Yol-xeber.az" xəbər verir ki, Veb-saytın məzmununun əsas hissəsini “Korporativ”, “Yük daşımaları” və “Sərnişin daşımaları” bölmələri təşkil edir.

“Korporativ” bölmədə ADY-nin tarixi, keçdiyi şanlı yol, şirkətin rəhbərliyi, struktur bölmələri, missiya və dəyərləri haqqında ətraflı məlumat verilib.

Yerli və xarici biznes tərəfdaşlarını maraqlandıran məqamları əhatə edən “Yük daşımaları” bölməsində innovativ həllərdən olan tarif kalkulyatoru, ADY-nin əməkdaşlıq etdiyi tərəfdaş şirkətlər, hazırda istismarda olan vaqon parkı və ölkə ərazisində yerləşən yük stansiyaları haqqında faydalı məlumatlar yerləşdirilib.

Saytın “Sərnişin daşımaları” bölməsi rahat interfeys və müasir dizaynla tərtib edilib. Yeni sayt maksimal dərəcədə sürətli və intuitiv olduğundan sərnişinlər üçün üçün bilet alışı prosesi artıq daha da asan olub. Bundan başqa, yenilənmiş şəxsi kabinet və hərəkət cədvəli zəruri məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verir.

İstifadəçilər həmçinin sərnişin stansiyaları, səyahət sinifləri, mövcud marşrutlar, qatarlarda daşıma qaydaları və müasir üsullarla ödəmə imkanları kimi vacib məlumatları saytdan əldə edə biləcəklər.

ADY-nin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu, transmilli hədəfləri ilə ölkənin aparıcı şirkətlərindən birinə çevrilməsini, eləcə də istifadəçilərin rahatlığını nəzərə alaraq veb-saytın məzmunu Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Qeyd edilən yenilik istər sərnişin qatarlarından istifadə edən xarici ölkə vətəndaşlarının, istərsə də potensial biznes tərəfdaşların ADY-nin xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Veb-saytda inklüzivlik və sosial məsuliyyət prinsiplərinin təşviqinin bir hissəsi kimi, “Müyəssərlik menyusu” veb-saytın istənilən bölməsində yerləşdirilmiş məzmunu köməkçi rəqəmsal alətlər vasitəsilə daha aydın görməyə və istifadəçinin istəyinə uyğun olaraq mətnin ölçülərini tənzimləməyə imkan verir. Bu isə öz növbəsində, ADY-nin xidmətlərinin bütün həssas qruplar üçün əlçatan olmasına şərait yaradır. 

ADY-nin yeni veb-saytı şirkətin müasir dəmiryol sisteminin inkişafı və rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Veb-sayt istifadəçilərə hər zaman dəqiq və aktual məlumatlar təqdim etməklə yanaşı, ADY-nin brend kimi qlobal müstəvidə tanıdılmasını təşviq edəcək.

Uşaq evlərində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var, amma...

Dünya təcrübəsində onlara müxtəlif peşələr öyrədilir, bizdə isə...

Azərbaycanda bir neçə uşaq evində nöqsanlar aşkarlanıb, cəzalandırılanlar var. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, uşaq evi sosial xidmət müəssisələrində keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür. Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq 2, 3, 4 və 6 saylı uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsi, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı, 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Xatırladaq ki, mütəmadi olaraq uşaq evlərində zorakılıq, ərzaqların oğurlanması və digər bu kimi neqativ faktlar aşkarlanır. Xüsusən də uşaqlara qarşı zorakılıq halları ilə bağlı tez-tez mətbuatda, mediada, eləcə də sosial şəbəkələrdə videolar yayılır, faktlar aşkarlanır. Bəs aparılan monitorinqlər bu problemlərin qarşısını ala biləcəkmi? 

Daha bir məsələ, uşaq evlərindəki uşaqların həyatı, sonrakı taleyi məsələsi ciddi problemdir. Eyni zamanda hər il yüzlərlə kimsəsiz uşaq 18 yaşını tamamladıqdan sonra oradan çıxarılır və bir çoxları səfil həyatı yaşayır.

Uşaq evlərində böyüyən uşaqlarla bağlı müxtəlif ölkələrdə mükəmməl proqramlar var. Məsələn, Rusiyada uşaq evlərində böyüyən uşaqların uyğun gələnlərini hərbiyə cəlb edirlər, digərlərini müxtəlif peşələrə yiyələndirirlər ki, 18 yaşını tamamladıqdan sonra işsiz qalmasınlar, habelə dövlətə yük, problem olmasınlar, kriminala yönəlməsinlər. Oxşar sistem bir çox Avropa ölkələrində də var. Bəs biz bu işi necə təşkil edək? Müşahidələr onu deməyə əsas verir ki, son 10 illikdə atılan, uşaq evlərinə verilən uşaqların sayı xeyli artıb və buna dair ciddi proqramlar işlənməlidir.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

 Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu sənədə əsasən, uşaqların ailə mühitində böyüməsi, ailə qayğısında olması onların inkişafı üçün ən uyğun mühit hesab olunur. Bu prinsipə uyğun olaraq, Azərbaycan hökuməti də 2015-2016-cı illərdən başlayaraq uşaqların ailələrdə böyüməsini təşviq edən islahatlar həyata keçirir. Bu yanaşmanın əsas məqsədi uşaqların institusional müəssisələrdən ailə mühitinə uyğun bir formada yerləşdirilməsi və onlara ailə qayğısı göstərilməsidir. Hər nə qədər sosial uşaq müəssisələri komfortlu və təminatlı olsa da, ailənin uşağa verdiyi dəstəyi və sevgini tam şəkildə əvəz edə bilməz. Məhz bu səbəbdən hökumətlər uşaqların ailə mühitində böyüməsinə üstünlük verir və buna nail olmaq üçün müxtəlif mexanizmlər yaradılır. Himayədar ailələr və övladlığa götürmə sistemi bu istiqamətdə tətbiq olunan önəmli vasitələrdir.

Bir çox valideynlər maliyyə çətinlikləri səbəbindən övladlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Bu səbəblə, hökumət sosial layihələr vasitəsilə belə ailələrə dəstək göstərməyə çalışır, onların məşğulluğunu təmin etməyə yönəlmiş addımlar atır ki, uşaqlar ailələrindən ayrı qalmasınlar. Ancaq təəssüf ki, son dövrlərdə uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayında artım müşahidə olunur, bu da sosial dəstək və ailə qayğısına ehtiyacın daha da artırdığını göstərir".

Sosioloq uşaq evlərində uşaqlar üçün qaynar xətt yaradılmasını təklif edib: “Uşaq müəssisələrində uşaqlarla kobud rəftar və zorakılıq halları ciddi problemdir və qəti şəkildə qarşısı alınmalıdır. Uşaqlara qarşı zorakılıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması və işdən azad edilməsi artıq bir addımdır, lakin bu kifayət deyil. Belə halların qarşısını almaq üçün müəssisələrin ictimaiyyətə, xüsusilə də media nümayəndələrinə açıq olması çox vacibdir. Müşahidə və nəzarətin gücləndirilməsi zorakılığın qarşısını almaqda effektiv rol oynaya bilər.

Uşaqların problemlərini, zorakılıq hallarını bildirmələri üçün qaynar xətt yaradılması ideyası da çox yerindədir. Bu, uşaqlara özləri ilə bağlı problemləri anonim və təhlükəsiz şəkildə bildirmə imkanı yaradacaq".

Bundan başqa, sosioloq hesab edir ki, uşaq müəssisələrində çalışan işçilər müvafiq təlim və təcrübəyə malik sosial işçilər və psixoloji dəstək mütəxəssisləri olmalıdır: “Sosial həssas qruplarla işləməyi bacaran, onlara uyğun yanaşma göstərməyi bilən işçilərin cəlb edilməsi uşaqların inkişafı və psixoloji sağlamlığı üçün vacibdir. Təəssüf ki, bir çox müəssisələrdə bu sahədə peşəkar olmayan şəxslərin işləməsi halları mövcuddur ki, bu da uşaqlarla düzgün rəftarın olmamasına gətirib çıxarır. Bir müddət əvvəl uşaq evlərinin birində uşağın döyülməsi hadisəsi də bu problemə diqqət çəkməkdə haqlıdır - belə hallar yolverilməzdir və hökumətin də bu sahədə nəzarəti gücləndirməsi vacibdir”.

Üzeyir Şəfiyev uşaq evlərindən çıxan uşaqların sonrakı taleyi ilə bağlı isə qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən çıxan və 18 yaşına çatmış gənclər üçün tikilən məzun evləri olduqca əhəmiyyətli bir addımdır. Bu evlərdə təkcə yaşayış imkanı deyil, həm də həmin gənclərin işlə təmin olunması üçün şəraitin yaradılması onların müstəqil həyata daha rahat uyğunlaşmasına kömək edir. Bu cür layihələr gənclərin cəmiyyətə inteqrasiyasını və öz ayaqları üzərində durmalarını dəstəkləyir.

Bölgələrdə də bu tip təşəbbüslərin həyata keçirilməsi çox faydalı olardı. Bu, regionlarda yaşayan və uşaq müəssisələrindən çıxan gənclərin öz yaşadığı yerlərdə qalaraq iş və yaşayış imkanlarına sahib olmalarını təmin edə bilər. Belə layihələrin genişlənməsi həm regional inkişafı gücləndirər, həm də gənclərə sosial adaptasiya prosesində əlavə dəstək verər".

Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq

8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

Bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq Meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.

Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq.

Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.

Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.

Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi - FOTO

Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb.

Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar. 
Manset.az məlumatına görə, polkovnik-leytenant Ramil Səfərov Xəyyam Əhmədlinin yanına gedib. Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb. 

Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.

 

 

 
ASAN Xidmətin bayram günlərində iş qrafiki BELƏ OLACAQ

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.

Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Nazirdən Qarabağ Universitetinə yeni təyinat - Foto

Qarabağ Universitetinə yeni prorektor təyin olunub.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 

Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan

Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb. 

Rüstəm İsgəndərli "Aztelekom" MMC, "Modern Group of Companies - Alyans Tekstil", "Şamaxı Rixos" və "Şamaxı Palace" hotelləri, "PMD Group" kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə "Baku Business Group"da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

 

 

 
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 
Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq

Bu gün Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.

Dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.

Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.

Xəbər lenti