![]() |
|
Azərbaycanın Müdafiə Nazirliyi Türkiyənin 29 Oktyabr - Cümhuriyyət Bayramını təbrik edib.
"Bu barədə nazirlik məlumat yayıb.
"Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edirik. Qardaş Türkiyənin Cümhuriyyəti hər zaman güclü və daimi olsun! Yaşa, var ol, Türkiyə!", - təbrikdə bildirilib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif gələn il Azərbaycana dövlət səfəri edəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən bildirib.
Dövlət başçısı Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il Azərbaycana dövlət səfəri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Çexiya arasında dostluq münasibətlərinin genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Qeyd edək ki, əsasnamə bu ilin avqustun 30-da imzalanıb.
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın icrasının monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə" sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun formalaşdırılmasını 6 (altı) ay müddətində təmin edib və növbəti ildən Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirəcək.
Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
- Modulda "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın təqdimatı əsasında Milli Strategiyada qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə icazə sənədi, texnikiiqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları rübdə bir dəfə, növbəti ayın 25-dək Komissiyaya təqdim etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2028-ci il iyun ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 1.6. Modulun yaradılması və Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə almalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram.
Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim.
Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.
Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Dövlət başçısının digər Fərmanı ilə 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.
Fərmanla Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə tapşırılır və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərəcək.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Zəfər tariximiz - Qubadlının Ermənistan işğalından azad edilməsindən dörd il ötür".