Prezident qəbul keçirdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

İlham Əliyevdən "Azərenerji" ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmanla müəyyən edilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər

Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

Yol-xeber.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir.

"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Qırğızıstan tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə ola biləcək sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir.
"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi dəyişdirildi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Prezident bu hərbi qulluqçuları təltif etdi

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam verib.

Qərarda bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilir:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Əsgərov Vasif Asif oğlu - polkovnik-leytenant

Mirzəyev Ruslan Cəmil oğlu - polkovnik-leytenant

"Vətən uğrunda" medalı ilə

İsmayılov Ramin Əfsələddin oğlu - polkovnik-leytenant

Behbudov Nofəl Arif oğlu - mayor

"Hərbi xidmətlərə görə" medalı ilə

Abbasov Hafiz Sakit oğlu - polkovnik-leytenant

Ələkbərov Eldəniz Yaşar oğlu - polkovnik-leytenant

Abdullayev Tural Front oğlu - mayor

Eyvazlı Pərviz Barat oğlu - mayor

Mayılov Elməddin Nəcməddin oğlu - mayor

Musayev İlqar Sabir oğlu - mayor

Heydərov Fuad Abdulla oğlu - kapitan

Nəcəfov Fadiq İsa oğlu - kapitan.

Azərbaycanın D-8-ə qoşulması təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Dövlət başçısı bununla bağlı "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında" qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulub.

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.

XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.

Tədbirdə əvvəlki forumlarda olduğu kimi, dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Forumun sonuncu günündə "Yeni Dünya üçün Yeni Texnologiyalar", "Gender- Təhlükəsizlik - İqlim Bağlantısı", "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" və "GƏNCLƏR DANIŞSIN, BİZ DİNLƏYƏK" adlı panellərin keçirilməsi nəzərdə tutulub.
Əliyev növbəti geopolitik hədəfinə çatdı: Ancaq Qərb yenə də "suyu bulandırmağa" çalışır

Rəsmi İrəvan son qlobal hadisələrin nəticəsində ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana təhlükəsizlik təminatı vermək imkanında olmadığını artıq anlamağa başlayıb... Paşinyan hakimiyyəti indi Ermənistana yalnız Azərbaycanla imzalanacaq yekun sülh sazişinin təhlükəsizlik təminatı verə biləcəyi ilə bağlı qənaətə sürətlə yaxınlaşır...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün olduqca real imkanlar açılmağa başlayıb. Belə ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıb. Yəni, hər iki tərəf bu sənədi imzalamağa və daha perspektivli yeni dönəmə start vermək niyyətlərini rəsmi şəkildə təsdiqləyiblər. Və bu baxımdan, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq, savaş təhlükəsinin birmənalı şəkildə bloklanma ehtimalı indi daha ön plana çıxmış kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, hazırda dünyanın bir çox ölkələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin razılaşdırılmasını alqışladıqlarını, dəstəklədiklərini bəyan edirlər. Əslində, bu, olduqca pozitiv yanaşma tərzi kimi dəyərləndirilə biləcək önəmli məqamdır. Çünki ilk baxışdan, hər kəs Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına dəstək vermiş kimi görünür. Və belə beynəlxalq mövqe regional sülh prosesini daha da sürətləndirə biləcək faktordur.

1193401.jpg (98 KB)

Ancaq Azərbaycan və Ermənistan arasında əldə olunan sülh irəliləyişinə verilən pozitiv reaksiyaların səmimi olduğuna yalnız sadəlövhlər inana bilər. Belə ki, Avropa Birliyi Ermənistanın silahlandırılaraq, yeni regional savaşa hazırlaşdırılmasında bu qurum xüsusi rol oynayır. Hər halda, Ermənistanın hələ də davam edən silahlandırılma prosesi məhz Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Və Avropa Birliyinin mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən kəşfiyyat şəbəkəsi Azərbaycan sərhəd bölgələrini casus müşahidəsi altında saxlayır.

Almaniyanın Xarici İşlər Nazirliyi isə sülh razılaşmasına dəstək bəyanatında Ermənistanın "güzəştlər"ini xüsusi olaraq, qeyd edib. Yəni, belə çıxır ki, yekun sülh sazişinin mətninin razılaşdırılması "güzəştlər" edən Ermənistanın sayəsində mümkün olub. Rəsmi Berlin hələ də qərəzli olduğunu gizlətməkdə açıq-aşkar çətinlik çəkir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpa olunması və Ermənistan tərəfindən tanınması niyə "güzəşt" kimi təqdim olunur? Bu sualın cavabını yalnız Almaniyanın riyakarlığında axtarmaq lazımdır.

Göründüyü kimi, bir tərəfdən guya sülh prosesində əldə olunan irəliləyişi dəstəkləyirlər, əslində isə daha çox "suyu bulandırmağa" çalışırlar. Vaxtilə Rusiya prezidenti Vladimir Putin də təxminən oxşar mövzuda dəstək açıqlaması verdikdən dərhal sonra Paşinyan hakimiyyətini "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda suçlamışdı. Və bu, həm Avropa Birliyi ölkələrinin, həm də Rusiyanın Cənubi Qafqaza münasibətdə ortaq ermənipərəst mövqeyi bölüşdüklərini göstərir.

1715758216.jpg (74 KB)

Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan etməsi isə ümumiyyətlə, absurd görünür. Çünki məhz Fransa bu regionda yeni savaşın törədilməsi üçün xüsusi məkrli ssenarilər quran dövlətdir. Ona görə də, Fransa prezidentinin Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün heç bir əngəlin qalmadığını bəyan etməsi də riyakarlıqdan başqa bir şey deyil. Və rəsmi Paris Ermənistanı silahlandırmaqdan imtina etmədikcə, Fransa Cənubi Qafqaza qarşı əsas beynəlxalq təxribat mərkəzi olaraq qalacaq.

Əgər, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıbsa, bu, indi dəstək ifadə edən Qərb dövlətlərinin xidməti deyil. Əksinə, ABŞ, Fransa və Avropa Birliyi həmişə sülh prosesinin pozulmasına yönəlik geopolitik manevrlər etməyə üstünlük verib. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaza aid olmayan kənar güclərin, xüsusilə də, Fransa və Avropa Birliyinin sülh prosesində iştirak etmək cəhdlərini qətiyyətlə bloklayıb.

Məsələ ondadır ki, məhz Prezident İlham Əliyevin Ermənistanla birbaşa və ikitərəfli təmas formatı sayəsində yekun sülh sazişinin tam mətninin razılaşdırılması hazırda reallığa çevrilib. Əgər, bu proses kənar vasitəçilərin iştirakı ilə davam etdirilsəydi, böyük ehtimalla həmin sənədin hər bir bəndinin müzakirəsi illərlə sürə bilərdi. Və bu baxımdan, yekun sülh sazişinin tam mətninin artıq razılaşdırılması Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsidir.

aliyev-pashinyan-sulh-Снимок.JPG (66 KB)

Onu da qeyd etmək lazımdır ki, indi sülh prosesində növbəti önəmli mərhələ başlayır. Belə ki, yekun sülh sazişinin imzalanması üçün indi Ermənistan rəsmi Bakının prinsipial şərtlərini də yerinə yetirilməlidir. Yəni, rəsmi İrəvan ən qısa zamanda Ermənistan konstitusiyanı dəyişdirərək, Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etməlidir. Eyni zamanda, Ermənistan Azərbaycanla ortaq şəkildə Minsk Qrupunun ləğv olunması barədə ATƏT-ə rəsmi müraciət göndərməlidir. Və yalnız bundan sonra Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.

Göründüyü kimi, sülh sazişinə nail olmaq üçün Ermənistanın keçməli olduğu daha bir önəmli mərhələ var. Yəqin ki, bu mərhələ də mütləq keçiləcək və Cənubi Qafqaz tezliklə çoxdan gözlənilən sülhə qovuşacaq. Çünki bu prosesin uzadılması Azərbaycana deyil, məhz Ermənistana olduqca ciddi təhlükələr vəd edir. Rəsmi İrəvan son qlobal hadisələrin nəticəsində ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana təhlükəsizlik təminatı vermək imkanında olmadığını artıq anlamağa başlayıb. Və Ermənistana yalnız Azərbaycanla imzalanacaq yekun sülh sazişinin təhlükəsizlik təminatı verə biləcəyi qənaətinə yaxınlaşmaqdadır.

Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.

Dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb.

Müsahibənin tam variantını təqdim edirik.

Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.

Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

- Builki Forumun mövzusu “Dünya Düzəninin Yenidən Düşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?

- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.

- Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?

- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.

- Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?

- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.

- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?

- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?

- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.

Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.

- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?

- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.

- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.

- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.

-Sağ olun. Sizi görmək xoş idi.

- Sağ olun.

Xəbər lenti