![]() |
|
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bayram münasibəti ilə xalqa ünvanlanan müraciətdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.
Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".
“İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq”.
Bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində inşa edilən yeni mənzillərə köçən sakinlərlə görüşdə deyib.
“Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq”, - deyə Prezident bildirib.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
“Azərtac” Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salıb.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.
Təhlükəsizlik orqanlarının milliləşməsi Ulu Öndərin adı ilə bağlıdır
Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.
Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.
Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Ulu Öndərin xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti tərəfindən daim rəhbər tutulur.
Dövlət təhlükəsizliyi orqanları yeni dövrdə
Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.
Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir.
Azərbaycanın xüsusi xidmət orqanları işğaldan azad olunan ərazilərdə uğurla fəaliyyət göstərir
Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını bu il də böyük şövqlə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Onu da qeyd edək ki, DTX-nin əməkdaşlarının Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” və “Qartal zirvədə”, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli filmləri çəkilib.
Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə hazırda xidməti fəaliyyətlərini uğurla davam etdirirlər.
DTX-nin Şuşa şəhər idarəsi
DTX-nin Laçın rayon şöbəsi
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qondarma rejimin rəhbərləri məhz DTX–nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Bütün bunlar, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.
2023-cü il noyabrında Prezident İlham Əliyevin iştirakı ilə DTX-nin yeni inzibati binalarının açılışı olub. Burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. DTX-nin xüsusi təyinatlı dəstəsi ən müasir silah, avadanlıq, dron və digər zəruri texnika ilə təmin olunub.
Paytaxtımızda keçirilmiş tədbirlər təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizəyə töhfə verir
DTX-nin təşkilatçılığı ilə 2023-cü ilin may ayında 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin iştirak etdiyi "Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə" mövzusunda I Bakı Təhlükəsizlik Forumundan sonra 2024-cü il sentyabr ayında 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Forum tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.
İtkin düşmüş şəxslər mövzusu da daim diqqət mərkəzində saxlanılıb
Bakı şəhərində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı ilə 2023-cü il sentyabrın 18-də “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması”, ötən il oktyabrın 2-də isə Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzularında beynəlxalq konfranslar keçirilib. Tədbirlərdə bu kimi beynəlxalq konfransların keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyi vurğulanıb, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyi qeyd olunub, Prezident İlham Əliyevin itkin vətəndaşlarmızın taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğu və ölkə başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığı bildirilib.
Bu il martın 10-da Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatı olub. Tədbirdə Dövlət Komissiyasının dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik Beynəlxalq Komissiya ilə əməkdaşlığının itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.
Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı qətiyyətlə alınır
Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşları müasir çağırışlara uyğun şəkildə çalışaraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.
Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.
Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan təhlükəsizlik orqanlarımızın əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!
Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır.
Bunu Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir”.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.
Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir.
Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.
Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.
Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.
Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
x x x
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.
x x x
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.
Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımı şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu idman qurğusundan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib.
Dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“Dövlət başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib.
məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram”.
***
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dövlət başçısını təbrik edib:
“Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.
Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.
Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun”.