qonaqperverliye-gore-tesekkur-etdi

Dünən ölkəmizdə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Almaniya lideri bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. 

O, həmçinin paylaşımlarında İçərişəhərə səfərini, Azərbaycan və Almaniyanın birinci xanımları Mehriban Əliyeva ilə Elke Büdenbender arasında baş tutan görüşü, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını xüsusilə qeyd edib.

 

 


 
Biz Türk dünyasına qarşı aparılan hibrid müharibəsi ilə üz-üzəyik - AÇIQLAMA 

“Almaniya prezidentinin Azərbaycana səfəri ərəfəsində yaşanan qalmaqal-onun Ermənistana səfəri çərçivəsində özünün rəsmi İnstagram səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı paylaşım etməsi texniki cəhd kimi qələmə verilsə də, buna böyük şübhələr var. Xatırlatmaq istəyirəm ki, Almaniya rəsmilərinin Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışları birinci dəfə deyil”.

Bunu siyasi ekspert Qulamhüseyn Əlibəyli deyib.

O əlavə edib ki, təxminən 2 il bundan əvvəl Almaniya Kansleri Şolts Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən “Dağlıq Qarabağ xalqının” vətəndaş hüquqları haqqında danışmış, bu barədə rəsmi məlumat yayıldıqdan 2-3 saat sonra saytdan silinmişdi: “Bir müddət sonra Almaniyanın xarici işlər naziri xanım Berbok Azərbaycanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmış, COP29 sammiti çərçivəsində Bakıya gəlməmişdən əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan könüllü getmiş erməni əsilli şəxslərlə “Qarabağdan olan qaçqınlar” adı ilə görüş keçirmiş, “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də yol vermişdi. Azərbaycana səfəri zamanı isə jurnalistlərin Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyi barədə sualına əvvəlcə Ermənistanda “Qarabağdan olan qaçqınlar”la görüşü barədə uzun-uzadı danışmış, sonradan Azərbaycanın xarici işlər nazirinin təkidindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti ayrı-ayrı nümayəndələri ilə görüşünü guya İcma ilə də görüş kimi qələmə verməyə çalışmışdı.

Bütövlükdə, Almaniya prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyanatları təmsil etdiyi dövlətin Cənubi Qafqazda fəal rol almaq istəyindən irəli gəlsə də pozitiv məqamlara da malikdir”, - o qeyd edib.

Əlibəyli onu da əlavə edib ki, Avropa dövlətlərinin çoxunun Azərbaycanla bağlı qərəzli və reallığı əks etdirməyən mövqe sərgiləməsi fikri mübahisəsizdir: “Biz uzun müddət ərzində dünyada şaxələnmiş məkrli bir düşmənin Türk dünyasına qarşı apardığı hibrid müharibəsi ilə üz-üzəyik. Bu müharibəni təkcə XİN aparmalı deyil. Almaniya ilə bağlı sadaladığım konkret hallarda XİN ortaya mövqe qoyub və müəyyən nəticəyə nail olub. Bütövlükdə Azərbaycana və Türk dünyasına qarşı formalaşmış stereotipləri dünya miqyasında dağıtmaq üçün işlək bir yol xəritəsinə ehtiyac var. Azərbaycan mediasında yayılanlar isə yalnız daxili auditoriya üçün nəzərdə tutulub”.

Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Almaniya prezidenti Bakıdan paylaşım etdi - Video

Azərbaycanda səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıdan paylaşım edib.

Almaniya lideri rəsmi instaqram hesabında Bakı şəhərinin mənzərəsini, eləcə də Prezident İlham Əliyevlə görüşündən foto paylaşıb.

O bildirib ki, İlham Əliyevlə görüşdə Almaniya və Azərbaycan arasında münasibətlər, eləcə də Ermənistanla sülh prosesi müzakirə olunacaq.

İlham Əliyev: Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək.

Bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlərAzərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edirlər.
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb.
Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü olubAzərbaycanın birinci xanımı Mehriban Əliyevanın Almaniya Federativ Respublikasının birinci xanımı Elke Büdenbender ilə aprelin 2-də görüşü olub.
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.
Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Prezident Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbər lenti