![]() |
|
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün olduqca real imkanlar açılmağa başlayıb. Belə ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıb. Yəni, hər iki tərəf bu sənədi imzalamağa və daha perspektivli yeni dönəmə start vermək niyyətlərini rəsmi şəkildə təsdiqləyiblər. Və bu baxımdan, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq, savaş təhlükəsinin birmənalı şəkildə bloklanma ehtimalı indi daha ön plana çıxmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, hazırda dünyanın bir çox ölkələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin razılaşdırılmasını alqışladıqlarını, dəstəklədiklərini bəyan edirlər. Əslində, bu, olduqca pozitiv yanaşma tərzi kimi dəyərləndirilə biləcək önəmli məqamdır. Çünki ilk baxışdan, hər kəs Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına dəstək vermiş kimi görünür. Və belə beynəlxalq mövqe regional sülh prosesini daha da sürətləndirə biləcək faktordur.
Ancaq Azərbaycan və Ermənistan arasında əldə olunan sülh irəliləyişinə verilən pozitiv reaksiyaların səmimi olduğuna yalnız sadəlövhlər inana bilər. Belə ki, Avropa Birliyi Ermənistanın silahlandırılaraq, yeni regional savaşa hazırlaşdırılmasında bu qurum xüsusi rol oynayır. Hər halda, Ermənistanın hələ də davam edən silahlandırılma prosesi məhz Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Və Avropa Birliyinin mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən kəşfiyyat şəbəkəsi Azərbaycan sərhəd bölgələrini casus müşahidəsi altında saxlayır.
Almaniyanın Xarici İşlər Nazirliyi isə sülh razılaşmasına dəstək bəyanatında Ermənistanın "güzəştlər"ini xüsusi olaraq, qeyd edib. Yəni, belə çıxır ki, yekun sülh sazişinin mətninin razılaşdırılması "güzəştlər" edən Ermənistanın sayəsində mümkün olub. Rəsmi Berlin hələ də qərəzli olduğunu gizlətməkdə açıq-aşkar çətinlik çəkir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpa olunması və Ermənistan tərəfindən tanınması niyə "güzəşt" kimi təqdim olunur? Bu sualın cavabını yalnız Almaniyanın riyakarlığında axtarmaq lazımdır.
Göründüyü kimi, bir tərəfdən guya sülh prosesində əldə olunan irəliləyişi dəstəkləyirlər, əslində isə daha çox "suyu bulandırmağa" çalışırlar. Vaxtilə Rusiya prezidenti Vladimir Putin də təxminən oxşar mövzuda dəstək açıqlaması verdikdən dərhal sonra Paşinyan hakimiyyətini "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda suçlamışdı. Və bu, həm Avropa Birliyi ölkələrinin, həm də Rusiyanın Cənubi Qafqaza münasibətdə ortaq ermənipərəst mövqeyi bölüşdüklərini göstərir.
Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan etməsi isə ümumiyyətlə, absurd görünür. Çünki məhz Fransa bu regionda yeni savaşın törədilməsi üçün xüsusi məkrli ssenarilər quran dövlətdir. Ona görə də, Fransa prezidentinin Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün heç bir əngəlin qalmadığını bəyan etməsi də riyakarlıqdan başqa bir şey deyil. Və rəsmi Paris Ermənistanı silahlandırmaqdan imtina etmədikcə, Fransa Cənubi Qafqaza qarşı əsas beynəlxalq təxribat mərkəzi olaraq qalacaq.
Əgər, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılıbsa, bu, indi dəstək ifadə edən Qərb dövlətlərinin xidməti deyil. Əksinə, ABŞ, Fransa və Avropa Birliyi həmişə sülh prosesinin pozulmasına yönəlik geopolitik manevrlər etməyə üstünlük verib. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaza aid olmayan kənar güclərin, xüsusilə də, Fransa və Avropa Birliyinin sülh prosesində iştirak etmək cəhdlərini qətiyyətlə bloklayıb.
Məsələ ondadır ki, məhz Prezident İlham Əliyevin Ermənistanla birbaşa və ikitərəfli təmas formatı sayəsində yekun sülh sazişinin tam mətninin razılaşdırılması hazırda reallığa çevrilib. Əgər, bu proses kənar vasitəçilərin iştirakı ilə davam etdirilsəydi, böyük ehtimalla həmin sənədin hər bir bəndinin müzakirəsi illərlə sürə bilərdi. Və bu baxımdan, yekun sülh sazişinin tam mətninin artıq razılaşdırılması Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsidir.
Onu da qeyd etmək lazımdır ki, indi sülh prosesində növbəti önəmli mərhələ başlayır. Belə ki, yekun sülh sazişinin imzalanması üçün indi Ermənistan rəsmi Bakının prinsipial şərtlərini də yerinə yetirilməlidir. Yəni, rəsmi İrəvan ən qısa zamanda Ermənistan konstitusiyanı dəyişdirərək, Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etməlidir. Eyni zamanda, Ermənistan Azərbaycanla ortaq şəkildə Minsk Qrupunun ləğv olunması barədə ATƏT-ə rəsmi müraciət göndərməlidir. Və yalnız bundan sonra Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.
Göründüyü kimi, sülh sazişinə nail olmaq üçün Ermənistanın keçməli olduğu daha bir önəmli mərhələ var. Yəqin ki, bu mərhələ də mütləq keçiləcək və Cənubi Qafqaz tezliklə çoxdan gözlənilən sülhə qovuşacaq. Çünki bu prosesin uzadılması Azərbaycana deyil, məhz Ermənistana olduqca ciddi təhlükələr vəd edir. Rəsmi İrəvan son qlobal hadisələrin nəticəsində ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana təhlükəsizlik təminatı vermək imkanında olmadığını artıq anlamağa başlayıb. Və Ermənistana yalnız Azərbaycanla imzalanacaq yekun sülh sazişinin təhlükəsizlik təminatı verə biləcəyi qənaətinə yaxınlaşmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.
Dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb.
Müsahibənin tam variantını təqdim edirik.
Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.
Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.
- Builki Forumun mövzusu “Dünya Düzəninin Yenidən Düşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?
- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.
İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
- Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?
- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.
- Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?
- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?
- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?
- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.
Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.
- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?
- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.
- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.
- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.
-Sağ olun. Sizi görmək xoş idi.
- Sağ olun.
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması və dövlətlərarası münasibətlərin qurulması barədə əldə edilmiş razılaşmaları alqışlayır.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın adından verilən bəyanatda deyilir.
"Biz son bir neçə il ərzində tərəflərin bu istiqamətdə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları inadlı işi yüksək qiymətləndiririk", - Avropa diplomatiyasının başçısının bəyanatında bildirilib.
Qeyd olunub ki, hazırkı razılaşma regionda dayanıqlı sülh və təhlükəsizliyin qurulması istiqamətində həlledici addımdır. Bəyanata əsasən, bu impulsu qorumaq, hər iki tərəfdən eyni perspektivli və kompromisə yönəlmiş yanaşma ilə bu prosesin uğurla başa çatdırılmasını təmin etmək son dərəcə vacibdir.
"Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir və tərəflər belə bir xahişlə müraciət edərsə, bu cür məsələlərdə əlavə dəstək və təcrübə təqdim etməyə hazırdır", - sənəddə qeyd olunub.
"İşğaldan azad olunmuş və bu gün yenidən qurulan ərazilərimizin sahəsi Ermənistanın bütün ərazisinin yarısında çoxluq təşkil edir. Mahiyyət etibarı ilə Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni bir ölkə qurur".
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının müzakirəsi zamanı MM sədrinin birinci müavini Əli Əhmədov deyib.
Vitse-spiker bildirib ki, bu, Azərbaycan hökumətinin böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu sübuta yetirən ən mühüm göstəricilərdən biridir:
"Ayrı-ayrı zamanlarda bəzi ölkələrdə belə hallar olub. Ancaq bu ölkələrdə dağıdılmış ərazilərin yenidən qurulmasına bir sıra ölkələrin donorluğu ilə böyük vəsaitlər cəlb olunub. Azərbaycan isə özünün vəsaiti hesabına bu qədər böyük ərazidə quruculuq və abadlıq işlərini uğurla həyata keçirir".
2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, 2024-cü ildə orta pensiya məbləği 12% artaraq 494 manat, yaşa görə pensiya 11,3% artaraq 528 manata çatıb.
“Yaşayış minimumu ölkə üzrə 9,8 faiz artaraq 270 manat müəyyən edilib. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”, - Baş nazir qeyd edib.
Baş nazir əlavə edib ki, Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir: “Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib”.
“Ermənistan sülh sazişi mətnində razılaşdırılmayan maddəni - üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasını qəbul edib. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Paşinyan bildirib ki, “sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcək”.
Ölkə.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, daha öncə İrəvan “müşahidəçilərin sərhədin delimitasiya olunmuş hissələrindən çıxarılması” mövqeyində israr edirdi, lakin sonda Bakının tələbinə uyğun olaraq, Aİ qüvvələrinin ümumi sərhəddən uzaqlaşdırılması ilə razılaşdı:
“İstisna deyil ki, müşahidəçilər sərhəddən uzaq bölgələrdə ofis şəraitində işləyəcəklər, lakin sərhəddə patrul xidməti aparmayacaqlar.
Bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh mərhələsinin başlanması istiqamətində ciddi addımdır, lakin hələ hər şeyin yekunlaşması demək deyil. Əsas məsələ Bakı-İrəvan xəttində problemlərin üçüncü tərəf olmadan, müzakirə masasında həll edilməsi imkanlarının tükənməməsidir”.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.
“Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.
Böyük Britaniya Azərbaycana hərbi attaşe təyin edib.
“Bu barədə məlumatı Britaniyanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.
Bildirilib ki, sözügedən vəzifəyə Gavin Tarbard təyin edilib.