![]() |
|
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupundan verilən məlumata görə, Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb.
Yol-xeber.az" xəbər verir ki, Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri (104-cü km) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı km) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 faizi tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək.
Qeyd edək ki, Horadiz–Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulmuş Horadiz–Ağbənd dəmiryol xəttində tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz (mövcud), Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 4 ədəd tunel, 40 ədəd körpü, 3 ədəd qalereya (dəmir yollarını qaya parçalarından, qar uçqunlarından qorumaq üçün süni mühəndis qurğusu), 26 ədəd avtomobil keçidi, ümumilikdə isə 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
Yol-xeber.az" xəbər verir ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.
Layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, daha sonra lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Ardınca yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri aparılıb.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Göygöl rayonunda yerli əhəmiyyətli Topalhəsənli avtomobil yolunun 5-ci km-dən ayrılan və uzunluğu 7 km olan Kərəmli avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Yol-xeber.az" xəbər verir ki, Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağının və yol əsasının inşası yerinə yetirilib, ardınca isə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri, həmçinin suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası da aparılıb.
Qeyd edək ki, tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün uzunluğu 5100 metr təşkil edən çınqıl örtüklü olmaqla alternativ yol salınıb.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən sürətlə və keyfiyyətlə icra olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Yol-xeber.az" xəbər verir ki, Bu tədbirlər çərçivəsində Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan daha bir ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.
Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir.
Yol-xeber.az" xəbər verir ki, Yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.
Aparılan işlər çərçivəsində Saray qəsəbəsi tərəfdən kənar (A1) və iki orta dayaqların (P1,P2) tikintisi üzrə işlər tam olaraq yekunlaşıb (svaylar, təməllər, sütunlar, sütunlar üzərində riqellər). Həmçinin körpünün birinci aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb (16 ədəd, uzunluq 33 metrə hər biri), üzərində armatur karkası toxunaraq betonlanıb. Hal-hazırda körpünün orta aşırımı üzrə tirlərin quraşdırılması prosesi gedir (16 ədəd, uzunluq 28 metrə hər biri) və paralel olaraq Sumqayıt şəhəri tərəfdə kənar dayağın (P2) armaturlanması və betonlanma işləri aparılır.
4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.
Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.
Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışmağa davam edir.
Bölgələrdə agentliyin xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.
Yol-xeber.az" xəbər verir ki, Gecə boyu və səhər saatlarında Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlar üzrə bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Yol-xeber.az" xəbər verir ki, Uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
3 körpünün tikintisi üzrə 80%, 1 körpü üzrə 90%, 3 qovşaq körpüsü üzrə 70%, 1 tunelin tikintisi üzrə isə 30% iş yerinə yetirilib.
Həmçinin layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, həmçinin drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir.
Hal-hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
Bundan başqa layihə boyu 6 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yarasız qruntun yararlı material ilə əvəzlənməsi), 4 km-lik hissədə əsasın alt, üst laylarının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi, 2.250 m3 çiyinlərin bərkidilməsi işləri yerinə yetirilib.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur. Tərtib olunmuş qrafikə uyğun şəkildə işlərin vaxtında yekunlaşdırılması üçün layihə boyu tikinti prosesinə lazımi sayda qüvvə cəlb edilib.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Gəncə şəhərində təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.m təşkil edir.
Yol-xeber.az" xəbər verir ki, Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin yekunlaşdığı küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib. Yol-xeber.az" xəbər verir ki, Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.
Dövlət Proqramına uyğun olaraq, yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.
Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Burdan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.
Layihə çərçivəsində Ulduz metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeralti piyada keçidi inşa edilir.
Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmiş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirməsi İşləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
Bundan başqa 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.
Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.
Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.
YOLUNUZ AÇIQ OLSUN...
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.
Yol-xeber.az" xəbər verir ki, Qeyd olunan infrastruktur quruculuğu Zirə Limanından ilk dəfə olaraq dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradıb.
İlkin mərhələdə 13 min tona yaxın yükün daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınacaq.
Ümumilikdə Zirə limanından dəmir yolu ilə ay ərzində 60 min ton yük daşınması planlaşdırılır.
Növbəti mərhələdə yüklərin çeşidinin artırılması, o cümlədən karbamid yükünün daşınması nəzərdə tutulur.
Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması sayəsində Orta Dəhlizlə yük axınlarının daha sürətli təşkili və əməliyyatların səmərəliliyi təmin olunacaq.
ADY tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərir. Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının formalaşdırılması üzrə əsas təşəbbüskar tərəfdir.