Hacıqabulda 35 yaşlı qadın qətlə yetirilib.

APA məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.

Hazırda qadının meyiti müayinə olunması üçün Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumatda deyilir:

2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar.

Sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar.

Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.

Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəyib, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

"İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib", - məlumatda bildiirlib.

Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanova ağır itki üz verib.
Publik.az xəbər verir ki, S.İmanovun atası Eyzam İmanov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, S.İmanov daha əvvəl Sumqayıt şəhərinin və Suraxanının prokuroru olub.

Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.
APA xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Masallının Kolatan kəndində anadan olan, 34 yaşlı Teymur Cəfərov terrorçuluqda, terror təşkilatının fəaliyyətində iştirak etməkdə və qanunsuz silahlı birləşmənin tərkibində vuruşmaqda təqsirləndirilir.

Rusiya məhkəməsi onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib.

Gəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.

"Ölkə.Az" xəbər verir ki, fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.

Sərdar Cəfərov istintaqa ifadəsində: “Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq “Kəs səsini, sus, danışma” deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim”.

Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd “skoç” alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini “skoç”la bağlayıb. Daha sonra onu avtomobilində "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Bakının Suraxanı rayonunda intihara cəhd olub.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Günay Hüseynova canına qəsd etmək məqsədilə şosseyə çıxıb. Onu avtomobillərdən biri vurub. Qadın xəstəxanaya çatdırılıb.

Onun intihara cəhd etməsinin səbəbləri araşdırılır.

Bu gün səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub.

Qafqazinfo xəbər verir ki, K. Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.

Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin "Gələcəyin müəllimi təqaüdü"nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.

Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.

K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub.
“Qafqazinfo” məlumatına görə, hazırda həbsdə olan İ. Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə əlaqədar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Belə ki, A.Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Xəbər lenti