Bir neçə gün öncə Yasamal rayonunda yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılıb. Bu görüntülərdən sonra mağaza rəhbəri açıqlama yayaraq bildirib ki, siçovul dəyən şirniyyatlar mağazadan atılıbdır. Lakin rəhbərliyin mağazada belə bir hadisənin növbəti dəfə yaşanmayacağına zəmanət verən hər hansı ciddi tədbirlərin görülməsindən söz açmaması və fəaliyyətini hələ də davam etdirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Şikayətlərin çox olması səbəbilə Axar.az sözügedən hadisənin yaşandığı mağaza rəhbərliyi ilə əlaqə saxlasa da, qarşı tərəf bu barədə açıqlama vermək istəmədiyini bildirdi.

Məsələ münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov dünya təcrübəsində əsasən belə mağazaların bağlanaraq, orada yenidənqurma işləri həyata keçirdiyini və istehsal prosesini tam dəyişdirdiyini qeyd edib:

“Buna oxşar hadisə ilə Kanadada rastlaşdım. Restoranı tarakan basmışdı deyə, rəsmi səhifələrində bu barədə məlumat verilmişdi və fəaliyyətini dayandırdığını bildirmişdi. Ertəsi gün həmin restorana gedəndə isə restoranın qapısının bağlı olduğunu və orada yenidənqurma işləri aparıldığını müşahidə etdim. Düşünürəm ki, bu, bizdə də belə olmalıdır. “Gəncə Cake House” adlı şirniyyat mağazasının rəhbərliyi yaşanan hadisəyə görə ictimaiyyətdən üzr istəməlidir və mağaza bağlanmalıdır. Orada istehsal prosesi tamam dəyişməlidir. Bu işdə Qida Təhlükəsizliyi Agentliyi də onlara kömək etməlidir ki, onlar müasir tələblərə cavab verən istehsal həyata keçirsinlər. Çox təəssüflər olsun ki, AQTA-nın yaradılmasına baxmayaraq, belə hadisələr yenə yaşanır. Bu, effektsiz işin nəticəsidir. Agentliyin əsasnaməsində göstərilir ki, AQTA Azərbaycanda istehsal olunan bütün malların tarladan və ya fermadan istehlakçıların masasına qədər izlənməsini həyata keçirməlidir. Biz özümüz də AQTA-ya 7 illik təcrübəsi olan birlik kimi müraciət etdik ki, əməkdaşlıq edək. Əhalinin maarifləndirilməsinə təmannasız olaraq, könüllü kömək etməyə hazırıq. Lakin agentlik Azad İstehlakçılar Birliyini savadsızlıqda günahlandırır”.

Qeyd edək ki, AQTA "Gəncə Cake House” adlı şirniyyat mağazasında sanitar və gigiyenik qaydalara əməl olunmaması səbəbindən araşdırmalara başlayıb. Nəticənin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.

Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.

Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən, ixtisas qrupları üzrə aşağıdakı dəyişikliklər olub:

“Təhsil ixtisasları” qrupunda olan 22 ixtisasdan biri (“Rəqs müəllimliyi”) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var.

“Humanitar və sosial ixtisaslar” qrupunda olan 17 ixtisasdan biri (“Antropologiya”) çıxarılıb, 2 ixtisas (“Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya”) isə bir ad altında birləşdirilib, “İslamşünaslıq” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var.

“Mədəniyyət və incəsənət ixtisasları” qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, “Solo oxuma”, “Estrada sənəti”, “Kinoşünaslıq”, “Teatrşünaslıq” və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.

“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” və “Kommersiya”), onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. “Mühasibat uçotu və audit” ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.

“Təbiət ixtisasları” qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var.

“Texniki və texnoloji ixtisaslar” qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.

“Kənd təsərrüfatı ixtisasları” qrupunda mövcud olan 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (“Aqromühəndislik” digər qrupa keçirilib, “Zootexnik”) çıxarılıb və 1 yeni ixtisas (“Zoomühəndislik”) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var.

“Səhiyyə, rifah və xidmət ixtisasları” qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (“Həkim yardımçısı”, “Bədən tərbiyəsi və idman” və “Turizm və otelçilik”) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var.

“Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar” qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (“Tibbi profilaktika”) çıxarılıb, 1 ixtisas (“İctimai səhiyyə”) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib.

“Xüsusi təyinatlı ixtisaslar” qrupunda mövcud 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan 2-si artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ümumilikdə ixtisasların sayı 8-ə enib.

Qeyd edək ki, ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı barədə ilkin məlumatlar ötən gün yayılmışdı.

Avropada Azərbaycan əleyhinə təbliğat apararaq ölkə rəhbərliyini, eləcə də diaspor nümayəndələrini təhqir edən Orduxan Teymurxanın əsas məqsədi Xocalı faciəsi ərəfəsində ajiotaj yaradaraq erməni diasporundan qrant almaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili deyib. O, Orduxan və komandasının konkret məqsəd üçün çalışdığını söyləyib:

“Çox adam Orduxanın təhqirlərini təsadüfi saya bilər. Bəziləri hesab edə bilər ki, ümumiyyətlə, bu adamın xəmiri söyüşlə yoğrulub, həyat tərzi belədir və s. Əslində isə bu düşüncə doğru deyil. Çünki bu adamlar yalnız düşünülmüş şəkildə, lazımi vaxtlarda və yerlərdə ortaya çıxır. Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca dünyada yaşayan azərbaycanlılar, Azərbaycan diasporu soyqırımla bağlı səfərbər olur, dünyanın hər bir yerində, o cümlədən Avropada tədbirlər, aksiyalar keçirməyə hazırlaşırlar. Orduxan isə fürsətdən istifadə edərək xaricdə yaşayan Azərbaycan diasporunu, məmurlarımızı, Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbərini təhqir və ittiham etməyə başlayıb. Bu adam artıq yolunu azıb”.

Ekspertin sözlərinə görə təhqirlə ölkənin nüfuzunu aşağı salmaq istəyən bu şəxslərə qarşı mübarizə aparılmadıqca onların sayı artmağa davam edir:

“Statistikaya nəzər salsaq görərik ki, dünənə qədər Orduxan və Tural vardısa, bu gün mehmanlar, məhəmmədlər, vidadilər var. Getdikcə bu adamlar yüksələn xətt üzrə çoxalırlar. Hələ burdan köçüb Avropada yaşayan azsaylı azərbaycanlılar var ki, onlara qoşulub bərabər fəaliyyət göstərirlər. Bu gün Haaqada öz toplantılarını keçirirlər, Orduxangil də onları dəstəkləyir. Avropada bir sıra qrant verən təşkilatları onlara yönləndirirlər. Söyüş və təhqir siyasi mübarizə üsulu deyil. Söyüş söyərək Azərbaycan rəhbərliyini nüfuzdan salmağa çalışan bu şəxslər elə düşünürlər ki, cəhdləri fayda verəcək.

İftiralar zamanı səsləndirdikləri ifadələrin hamısı düşmən tərəfindən seçilmiş metoddur. Necə olur ki, bütün bu radikallar eyni zamanda söyüşə, təhqirə başlayır? Bunlar sırf erməni diasporunun, lobbisinin Orduxangilə ayırdığı maliyyə dəstəyindən irəli gəlir. Onlar Xocalı soyqırımı ərəfəsində Azərbaycan diasporunun başını belə məsələlərlə qatmaqla vəzifələndirilib.

Xaricdə fəaliyyət göstərən diaspor nümayəndələri var ki, özlərini lider, sədr, hətta bir az da irəli gedərəkAzərbaycan diasporunun banisi adlandırırlar. O adamlar nədən qorxurlar, niyə susurlar ki? Nəyə görə Orduxan və komandasına bir cavab verməyə çəkinirlər? Niyə Avropada özlərinə hüquqşünas tutub məhkəməyə müraciət etmirlər, toplantılar keçirmirlər?

Onların əksəriyyəti biznesmənlərdir, buna maddi imkanları da çatır. Orduxana qarşı hüquqi müstəvidə mübarizə başlatmağın vaxtı yetişib. Bu, xahiş yox, tələbdir”.


08:45

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetində rektor əvəzi vəzifəsini icra etməyə başladıqdan sonra ali təhsil ocağında imtahan nəticələrinin təkrar yoxlanılması ləğv edilib. Əvvəlki rektorun dövründə isə qrupda kəsir olmayanda yazılar 2, bəzən 3 dəfə yoxlanılırdı.

Axar.az xəbər verir ki, bu barədə sözügedən universitetin müəllimlərindən biri məlumat paylaşıb. O, F.Qurbanovun bu vaxta qədər tələbələrin xeyrinə gördüyü işlərdən danışıb:

“İmtahanların cavabı 1 gün sonra elan olunmağa başlayıb. Bundan öncə isə imtahan cavabları bəzən 10-15 günə çıxırdı. Apellyasiya şikayəti nəticəsində xeyli tələbənin qiyməti düzəldilib. Təkcə mən 10-a yaxın tələbənin balını artırmışam. Əvvəlki rektorun dövründə heç kimin qiyməti düzəlməzdi. Bu, yalnız digər vasitələrlə mümkün idi. Doktoranturaya öz biliyi ilə qəbul olmaq mümkün olub. Sənəd qəbulunda olan süni maneə əvvəlki rektorun vaxtından qalmışdı. İmkanlı və yüksək vəzifəli şəxslərin oxumadan A alan övladları kəsildi. Əvvəlki rektorun dövründə tapşırıq və digər vasitələrlə A alan tələbələr kəsilib və ya onlardan bəziləri artıq oxumağa başlayıb. Tələbə və müəllimlərin bütün müraciətlərinə dərhal və humanizm prinsipləri əsasında baxılmağa başlayıb”.

Qeyd edək ki, BDU-nun rektoru A.Məhərrəmov vəzifəsindən azad edildikdən sonra F.Qurbanov 2018-ci ilin dekabrında rektor əvəzi təyin edilib.


Fevralın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperature Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.


Şamaxı rayonunda vulkan püskürüb.

Report xəbər verir ki, təbii hadisə bu gün səhər saatlarında rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

Repot-un xəbərinə görə, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır:

1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası – dosent, 2 ştat baş müəllim, 1 ştat

2. Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrası baş müəllim, 0,5 ştat

3. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası – baş müəllim, 1 ştat

4. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1,75 ştat, baş müəllim, 2 ştat

5. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1 ştat, baş müəllim, 0,75 ştat

6. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər kafedrası – baş müəllim, 0,5 ştat

7. Linqvokulturologiya kafedrası – baş müəllim, 2 ştat

8. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – dosent, 1 ştat

9. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – baş müəllim, 1 ştat

10. Təlimdə innovasiyalar kafedrası – kafedra müdiri, baş müəllim, 1 ştat

11. Beynəlxalq münasibətlər kafedrası – baş müəllim, 1 ştat

12. Qafqazşünaslıq kafedrası – dosent, 0,5 ştat

13. Azərbaycan dilçiliyi kafedrası – dosent, 3 ştat

14. Ümumi dilçilik kafedrası – dosent, 0,5 ştat

15. İnformasiya texnologiyaları kafedrası – dosent, 0,25 ştat

16. Filologiya və jurnalistika fakültəsi – dekan

Qeyd edək ki, bir neçə gün bundan öncə ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad olunub.

 

İnkassatorun sürücüsü 3,4 milyon avro ilə yoxa çıxıb

 

Paris yaxınlığında inkassator maşınının sürücüsü içərisindəki 3,4 milyon avro ilə yoxa çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Loomis” şirkətinə məxsus furqon "Western Union”un yerli filialının qarşısında dayanıb. İki əməkdaş pulun bir hissəsi ilə şirkətə daxil olub. Geri qayıdan zaman furqon sürücü ilə birgə yoxa çıxıb. 

Bir müddət sonra inkassator maşını dayanacaqdan bir neçə kvartal uzaqlıqda aşkarlanıb. Lakin içərisində nə sürücü, nə də pul olub. 

İnsidenti araşdırmaq quldurluqla mübarizə briqadasına tapşırılıb. 

 

 

“Biz bu reallığa hazır olmalıyıq”

“Əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməyiblər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olub:

“O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır”.

Prezident sözlərinə əlavə edib ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir:

“Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi”.

Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq”.


Rostov polisi azərbaycanlı biznesmen Söyün Sadıqov saxlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya KİV-ləri yayıb. O, bir hektar ərazi və 100 milyon rubl vəsaiti mənimsəməkdə ittiham edilib.

Onun öz tərəfdaşları ilə birgə bu vəsaiti “Nebuq” şirkətindən tələb etdiyi müəyyən olunub. Bundan sonra biznesmen polisə müraciət edib və Sadıqov ondan 5 milyon rubl alarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb..

Qeyd edək ki, Sadıqov mətbuatda Rusiya Prezidenti Vladimir Putinin adamlarından biri kimi təqdim olunur.

Xəbər lenti