![]() |
|
![]() ![]() ![]() ![]() |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni baş katibliyin Belarusa keçməsi Ermənistanın növbəti uğursuzluğudur.
Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“Rotasiyaya görə, KTMT-də baş katib vəzifəsini 2020-ci ilə qədər Ermənistan nümayəndəsi daşımalı idi. Ancaq təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Yuri Xaçaturov vaxtından əvvəl vəzifəsindən azad edildi. Ermənistan nə qədər çalışsa da, Xaçaturovun əvəzinə namizəd verə və vəzifəni saxlaya bilmədi. Bu, Ermənistanın təşkilatda indiyə qədərki uğursuz siyasətinin nəticəsi idi”, - Hüseynli bildirib.
Politoloq Astanada KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərarın mühüm əhəmiyyət daşıdığını deyib:
“Bu qərar birbaşa Azərbaycanın təşkilata üzv dövlətlər yanındakı nüfuzundan xəbər verir. Nazarbayev qonşu ölkələri KTMT-də tərəfdaş və yaxud da müşahidəçi statusunda iştirak etməyə çağırıb. Düzdür, Azərbaycan tərəfindən hələ rəsmi açıqlama yoxdur, ancaq Rusiya mətbuatına və Nazarbayevin açıqlamasına istinad etsək, dəvətnamələrdən birinin də Azərbaycana göndərildiyini ehtimal etmək olar. Hətta bu prosesdə müəyyən bir fənd də işlədilə bilər. Belə ki, Ermənistan amili nəzərə alınaraq Azərbaycanla yanaşı, Moldova və digər ölkələrə də dəvətnamə göndərilə bilər. Təbii ki, burada əsas məqsəd təşkilatda müşahidəçi ölkə olaraq məhz Azərbaycanı görməkdir. Beləliklə, Azərbaycan müşahidəçi statusu ilə təşkilatda gedən prosesləri, orada verilən qərarları izləmək imkanına malik olacaq. Bu isə Azərbaycana Ermənistanı neytrallaşdırmaq üçün mühüm imkanlar aça bilər”.
Qeyd edək ki, ötən gün Qazaxıstanın paytaxtı Astanada KTMT-yə üzv dövlətlərin rəhbərlərinin iclası baş tutub.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iclasdan sonra təşkilatın yeni baş katibinin Belarus təmsilçisi olacağını və son qərarın dekabrın 6-da Sankt-Peterburq görüşündə veriləcəyini açıqlayıb.