![]() |
|
![]() ![]() ![]() ![]() |
Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı AMEA Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər:
“Büdcə zərfi sübut edir ki, Azərbaycanın maliyyə-iqtisadiyyat strukturları cavabdeh olduqları sahələrin peşəkarlarıdır. Bununla belə bəzi sahələrə daha artıq diqqət yönəldilməlidir. Hər şeydən əvvəl elmin inkişafına diqqət artırılmalıdır. Elmsiz inkişafın gələcəyi yoxdur. Məni xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir.
İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün “Gənc alimlər evi”nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin-elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir”.
Millət vəkili Azərbaycan tarixinə dair kitabların nəşr olunması üçün büdcədən lazımınca vəsait ayrılmasının vacib olduğunu söyləyib:
“Xalqımızın tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan AMEA Tarix İnstitutunun cəmi 10-12 otağı var. İnstitutun maddi-texniki bazasını bir sıra qonşu ölkələrin elmi qurumlarındakı vəziyyət ilə müqayisə etməkdə çətinlik çəkirəm. Son illərdə nəşr olunmuş fundamental tədqiqatlar, o cümlədən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi onlarla kitabımız müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.
Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb. Biz istərdik ki, qonşu ölkələrdəki kimi, Azərbaycan tarixçilərinin də normal iş şəraiti olsun”.
Qeyd edək ki, ötən gün Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi müzakirə edilib.