![]() |
|
Zatulin şübhəsiz ki, özü danışmır, onu erməni dostları və Ermənistanı xüsusi şəkildə himayə etməyə çalışan dairələr danışdırır.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti çıxışına cavab olaraq deyib. O bildirib ki, indiki şəraitdə Zatulinin bu cür hədə yükü olan fikirlər sasləndirməsi əslində məqsədyönlü şəkildə Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına xidmət edən bir addım kimi dəyərləndirilməlidir:
“Bunu xüsusilə qeyd etmək lazımdır. Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə həm iqtisadi, həm siyasi, həm humanitar müstəvilərdə dinamika artır. İki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün kifayət qədər geniş imkanlar yaranır. Təsadüfi deyil ki, qısa müddət ərzində Azərbaycan və Rusiya prezidentləri bir neçə dəfə görüşüblər. Bu görüşlər nəticəsində də kifayət qədər ciddi sənədlərə imza atılıb. Əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan baza daha da inkişaf etdirilib. Belə bir şəraitdə şübhəsiz ki, daim Cənubi Qafqazda Rusiyanın himayəsinə sığınan və özünün cinayətkar əməllərini, işğalçılıq siyasətini davam etdirən Ermənistan və onu himayə edən dairələr bununla barışa bilməzdi”.
Analitik vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı erməni lobbiçiliyini həyata keçirən Zatulin kimilərə sərf etmir:
“Çünki onun missiyası məhz ondan ibarətdir ki, Azərbaycan və Rusiya münasibətlərini pozsun. Zatulin ona görə erməni lobbisi tərəfindən mükafatlandırılır, ona bu və ya digər şəkildə məhz bu əməllərinə görə müəyyən üstünlüklər tanınır. Bu baxımdan da məqsədyönlü şəkildə Zatulin Rusiyadakı erməni lobbisinin, Ermənistanı himayə edən dairələrin maraqlarını müdafiə etmək və Rusiya-Azərbaycan münasibətlərində özünün pozuculuq fəaliyyətini ortaya qoymaq üçün bu fikirləri səsləndirib. Bu, əlbəttə ki, Rusiya Fedrasiyasının mövqeyini ifadə etmir, Zatulin və onun təmsil etdiyi ermənipərəst dairələrin mövqeyini ifadə edir. Şübhə etmirəm ki, Rusiya parlamenti və Rusiyanın müəyyən rəsmi dairələri Zatuilinin bu aqressiv bəyanatına, münasibətlərə xələl gətirmək üçün dilə gətirilmiş bu fikirlərə, eyni zamanda onun pozuculuq fəaliyyətinə münasibət bildirəcəklər”.