![]() |
|
Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha bir neçə nəfər məsuliyyətə cəlb olunub.
Demokrat.az məlumatına görə, Nağıyev Məhəbbət Rövşən oğlu, Novruzov Ceyhun Fərhad oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Mehdiyev Elçin Eldar oğlu, Süleymanov Baba Tahir oğlu, Çobanov Pərvin Nadir oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
Onların barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Məhəbbət Nağıyev, Ceyhun Novruzov, İsmayıl Məmmədov, Elçin Mehdiyev, Baba Süleymaov və Pərvin Çobanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu günə kimi həbs olunan şəxslər bunlardır:
Həsənov İsmayıl Vaqif oğlu, Quliyev Vüsal Güdüz oğlu, Mövləyev Dəyanət Kərəm oğlu, İmanov Bəxtiyar Bədəl oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Ramid Zəkrulla, Rəhimli Şəmsi Rasim oğlu, Məmmədov Elvin Sarif oğlu, Əhmədov Seymur İntiqam oğlu, Yusifli Asif Qənbər oğlu, Məmmədov azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Əhmədov Emin Şirməmməd oğlu, Mahmudov Kamil Akif oğlu, Vəliyev Tural Famil oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Əliyev İlkin Pirəli oğlu, Vahabov Müşfiq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu.
Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
Bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma başlanılmışdı.
DİN-dən Anews.az-a verilən açıqlamaya görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, "Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.
Bakıda seksual xarakterli zorlakılıq hərəkətlərində ittiham olunan Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ağalar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ağalar Hümbətov bibisi qızı Məlahət Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı Bakı şəhəri, Xətai rayonundakı mənzilinə gəlib.
O, bibisi qızının evində gecəni qonaq alıb. Səhəri gün evdə heç kimin olmamasından istifadə edərək ev sahibinin 2005-ci il təvəllüdlü qızı Bahar Məmmədovaya təcavüz etmək qərarına gəlib. Bahar Məmmədovaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla qonaq otağında ona hədə-qorxu gəlib.
Daha sonra Ağalar Hümbətov Bahar Məmmədovaya istintaqa məlum olmayan mənbədən əldə etdiyi güclü narkotik tərkibli ağrıkəsici olan Klonitazin (Clonitazene) adlı dərman maddəsi verib, ona həmin dərmanı içməyə məcbur edib. Dərmanı içən Bahar Məmmədova huşsuz vəziyyətə düşüb.
Bundan istifadə edən Ağalar Hümbətov Bahar Məmmədova ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Daha sonra bıçaqla qıza hədə-qorxu gəlib, hər hansı bir şəxsə zorlanması barədə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyib.
İstintaq orqanı tərəfindən Ağalar Hümbətovun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bahar Məmmədova bildirib ki, bayram günü olduğundan dərsə getməyib. Onunu sözlərinə görə, 2016-ci il martın 22-də anasının dayısı oğlu Ağalar onlara gəlib və gecəni onlarda qalıb: “Martın 23-də səhər 7 radələrində yuxudan oyandım. Mən oyananda anam artıq işə getmişdi, qardaşım isə bir gün əvvəldən Suraxanıda qalmışdı. Səhər saatlarında atam da işə getdi. Nənəm isə sonradan, yəni saat 13 radələrində evdən çıxdı. Ağalarla evdə ikimiz qaldıq. Mən yatdığım otaqda televizora baxırdım, Ağalar isə zalda yatmışdı”.
Zərərçəkmişin sözlərinə görə, günorta saatlarında Ağalar evdən çıxaraq gedib: “Geri qayıdan da sosiska, balaca şüşə qabda spirtli içki və bir ədəd çörək almışdı. Özü yemək bişirərək yeyib-içdi. Mən də təklif etdi. Amma imtina etdim. Yemək yeyəndən sonra onun üçün disk qoymağımı istədi. Mən disk qoysam da, Ağların istədiyi kino olmadı.
Bu zaman mətbəxdən bıçaq gətirərək mənə soyunmağı əmr etdi, özü də soyunaraq çılpaq oldu. Qorxaraq paltarlarımı çıxardım. Soyunduqdan sonra Ağalar əlində olan balaca yumru ağ rəngli dərmanı mənə verdi və su ilə içməyimi istədi. Ağaların verdiyi su ilə dərmanı içdim”.
Bahar Məmmədova qeyd edib ki, dərmanı içəndən sonra yatıb: “Nə qədər yuxuda olduğumu bilməmişəm. Ayılanda zalda yerdə uzandığımı, Ağaların isə qara rəngli gödək kurtkasını geyindiyini gördüm. Ağalara paltarımı geyinməyə icazə verməsini istədim. O, sakit dayanmağımı bildirdi. Həmin vaxtı bıçaq stolun üstündə olub. Bundan sonra qorxaraq sakit dayandım. Ağalar paltarlarını geyin dedi. Mən də paltarımı geyindim. Xəstə olduğumdan qorxan kimi burnumdan qan gəlir. Oyananda da burnumdan qan gəldiyini gördum. Hamama gedərək burnumu yudum”.
Bahar Məmmədova bildirib ki, bu zaman bədənində ağrılar hiss edib: “Köynəyimin qana bulaşdığını gördüm və onu çıxardım. Bu vaxt Ağalar əynimdə olan paltarlarımı soyundurdu və sellofan torbaya yığdı. Atamın balaca telefonu yataq otağında idi. Atama zəng etmək istədim. Amma Ağalar hara gedirdimsə, arxamca gəlirdi. Sonra Ağalar telefonu götürərək mahnı yükləyəcəyini dedi.
Telefonu aldıqdan sonra bildim ki, Ağalar heç kimə zəng vurmamağım üçün nömrələri sildi. Getməyə hazırlaşanda bıçağı yenidən götürərək, mənə kiməsə bu barədə nə isə desəm, məni və valideynlərimi öldürəcəyini söylədi.
Sonra Ağalar getdi. Bir qədər sonra qayıdaraq alışqanın yaddan çıxdığını və alışqanı götürüb gedəcəyini söylədi. O, özünün sellofan paketini götürdü, eyni qaydanda hədə-qorxu gələrək yenidən getdi. Mən cəld atama zəng etdim. Evə gəlməsini, ona sözüm olduğunu bildirdim. Atam evə gəldi, olanları ona danışdım. Atam Ağalara zəng edərək evə gəlməsini istədi, sonra zəng etdikdə sonuncuya zəng çatmadı. Bundan sonra polisə şikayət etdik”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ağalar Hümbətov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ağalar Hümbətovun apelyasiya şikayəti təmin olunmayıb.
Bu qəraradan narazı qalan Ağalar Hümbətov kasasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti də təmin olunmayıb. (teleqraf.com)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.
Müdafiə Nazirliyi məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Şəki rayonu, Aşağı Layısqı kənd sakini Mehman Yusifov xüsusi karantin rejimini pozaraq məclis təşkil edib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20- dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.
Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.
Baş Konsulluqdan “Report”a verilən məlumatda bildirilir ki, ermənilər 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar:
"Azərbaycanlı icma üzvləri Ermənistanın ölkəmizə qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək, erməniləri susdurublar.
Baş Konsulluğun baş konsul da daxil olmaqla bütün əməkdaşları nümayiş günü diplomatik korpusun ofisində olaraq, daim icma üzvlərimizlə əlaqədə olublar.
Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.
Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus şirkətlərilə əlaqə saxlayaraq, avtobus təşkil edilməsi prosesinə başlayıb. Ancaq 15 dəqiqə sonra Los Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək, onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaşdırmağa başlayıb. Lakin təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək, xəsarət alan həmyerlilərimiz ilə görüşərək, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los Ancels Polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los Anceles Polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.
Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib”.
Bakı- Qazax avtomagistralının Hacıqabuldan kecən hissəsində yol- nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan təcili tibbi yardım avtomobili “Mersedes” markalı yük dolu maşınla toqquşub.
Zərbənin gücündən təcili yardım maşını yararsız hala düşüb, yük maşınının daşıdığı daş yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Dünən Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Lənkəran rayon prokurorluğun verilən məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.