![]() |
|
İran prezidenti Məsud Pezeşkian Xuzistan əyalətinə səfəri zamanı fəhlə forması geyinərək bənnalara fəhləlik edib.
O səfərinin ikinci günündə Əhvaz şəhərində məktəb tikintisinin təməlqoyma mərasimində iştirak edib.
Prezident təməlqoyma mərasimində əyninə fəhlə uniforması geyinərək bənnalara yardım edib. O həmçinin bənnalara divar hörgüsü zamanı palçıq verib.
Misli Premyer Liqasının XX turuna bu gün bir oyunla start veriləcək.
"Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. Matçı İnqilab Məmmədov idarə edəcək.
Hazırda Bakı klubu turnir cədvəlində 33 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci yerdə olan "Şamaxı" isə 17 xala malikdir.
Misli Premyer Liqası
III dövrə, XX tur
24 yanvar
14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.
Amerikalı jurnalist Kendis Ouens Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşının kişi olduğuna dair sübutlar topladığını bildirib.
Ouens bu barədə sosial şəbəkələrdə məlumat verib.
O, materialları yanvarın 30-da dərc edəcəyinə söz verib.
Jurnalistin sözlərinə görə, Bricit Makron heç vaxt mövcud olmayıb.
Ouens qeyd edib ki, Makron müəllimi 39 yaşlı Bricitlə evləndiyi iddia edilən zaman 15 yaşında idi, lakin müəllimin məktəb və ya kollec həyatından heç bir dəlil yoxdur.
Jurnalist həmçinin əlavə edib ki, o, araşdırmasını dərc etməzdən əvvəl Fransa liderinə “ədalətli və balanslı müsahibə” üçün 21 sualdan ibarət siyahı göndərib.
Xatırladaq ki, Makron ilk dəfə 2024-cü ildə bir sıra KİV-lərin həyat yoldaşının cinsi ilə bağlı xəbərlərini açıq şəkildə təkzib etmişdi.
Vaşinqton ştatının dairə məhkəməsi ABŞ prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq bloklayıb.
Bu barədə Seattle Times məlumat yayıb.
Nəşr hakim Con Kofinourdan sitat gətirir: "Mən 40 ildən artıqdır ki, hakim skamyasındayam və verilən sualın cavabının daha aydın olduğu vaxtı xatırlamıram. Bu, açıq-aşkar konstitusiyaya zidd bir fərmandır".
Bazar ertəsi ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin axşam ABŞ vətəndaşlığının doğuş hüququ ilə verilməsini məhdudlaşdıran fərman imzalayıb. “Reuters”in məlumatına görə, sənəd qeyri-qanuni mühacirlərin uşaqlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın əmrinə etiraz etmək üçün ABŞ məhkəmələrinə müraciət edib. 18 ştat və Kolumbiya dairəsi Massaçusets məhkəməsinə, daha dörd ştat isə Vaşinqton əyalət məhkəməsinə müraciət edib.(Musavat.com)
Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Dəməşqə yola düşüb.
Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.
Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.
Xatırladaq ki, bu ilin noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.
Danimarkanın Avropa Parlamentinə üzv olan deputatı Anders Vistisen Qrenlandiyanı ölkəsinə qatmaq istəyən ABŞ prezidenti Donald Trampın ünvanına səsləndirdiyi ifadələr parlament tərəfindən sərt reaksiya qarşılanıb.
Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasının iclasında çıxış edən Vistisen parlament tribunasından Qrenlandiyaya iddiasına görə Trampı lənətləyib.
"Hörmətli prezident Tramp, lütfən, diqqətlə dinləyin. Qrenlandiya 800 ildir, Danimarka Krallığının tərkibindədir. Bu, ölkəmizin ayrılmaz hissəsidir. Satılmır. İcazə verin, bunu başa düşə biləcəyiniz şəkildə ifadə edim. Hörmətli Tramp, rədd olun.... gedin", - danimarkalı deputat deyib.
Avropa Parlamentinin sədr müavini Nikolae Stefanuta bu çıxışa etiraz edərək parlamentdə Trampa qarşı belə ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O əlavə edib ki, belə ifadələr işlədilməsinin nəticələri olacaq. "Demokratiya parlamentində belə bir şey qəbuledilməzdir. Cənab Tramp haqqında nə düşünürük, düşünək, amma belə bir dildən istifadə etmək mümkün deyil", - Stefanuta bildirib.
Vistisen daha sonra sosial mediada yayımladığı açıqlamasında Avropa Parlamentində Tramp haqqında işlətdiyi ifadələrə görə cərimə olunacağı ilə hədələndiyini bildirib. "Tramp haqqında həqiqəti ifadə edəndə cəza ilə üzləşirsiniz", - danimarkalı deputat yazıb.
“2025-ci ilin dünya üçün sakit il olmayacağı aydındır. Regional və qlobal oyunçular üçün sağlam düşüncə və dözümlülüyün nə qədər kifayət edəcəyindən çox şey asılıdır”.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Narışkin əlavə edib ki, indi birqütblü, köhnəlmiş dünya nizamından yeni, ədalətli dünya nizamına keçid prosesinin şahid oluruq. "Və bu prosesin, əlbəttə ki, öz riskləri var, çox çətindir", - Narışkin qeyd edib.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Qəzza zolağında atəşkəsdən sonra təhlükəsizliyin necə təmin edilməsini yerində araşdıracaq.
Bu barədə Uitkoff "Fox News" müsahibəsində məlumat verib.
O bildirib ki, razılaşmanın ilkin altı həftəlik mərhələsindən ikinci mərhələyə keçidi təmin etməyə diqqət yetirəcək.
“Mən, əslində, İsrailə gedəcəyəm. Mən Netzarim, həm də Filadelfiya dəhlizində təftiş qrupunun tərkibində olacağam. Burada işim insanların təhlükəsiz olduğuna, içəri girənlərin silahlı olmadığına və heç kimin pis niyyətinin olmadığına əmin olmaqdır”, - Uitkoff bildirib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılığı yanvarın 19-dan qüvvəyə minib.
ABŞ prezidenti Donald Tramp Yəməndə husilər kimi tanınan İran dəstəkli "Ənsarallah" təşkilatını yenidən terror təşkilatları siyahısına salıb.
O, İranın müxtəlif vasitələrlə Yaxın Şərqdə terror fəaliyyətləri yaydığını və Yəməndə husilər kimi tanınan "Ənsarallah"ı bu məqsədlər üçün istifadə edildiyini, xüsusən də Qırmızı dənizdəki gəmilərə etdiyi hücumları əsas gətirərək bu qərarı verib.
Tramp açıqlamasında 2021-ci ildə səlahiyyət müddətinin son günlərində husiləri terror təşkilatı siyahısına əlavə etdiyini, lakin Baydenin hakimiyyətə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib.
Trampın fərmanına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində husiləri yenidən terror təşkilatları siyahısına rəsmən əlavə edəcək.
Onu da qeyd edək ki, ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken "Ənsarullah" təşkilatının 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb.
"ABŞ-nin yeni rəhbərliyi ilə Rusiya arasında hansısa formada razılığın əldə olunması barədə nəsə demək çətindir. Bununla belə, Ağ Evin əvvəlki sahibi Co Baydenin hər mənada ümid vermədiyi ilə müqayisədə bu gün çox az şey var".
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Trampın hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərini dəyərləndirərkən deyib.
Ryabkov əlavə edib ki, ABŞ ilə münasibətlərin necə bərpa edilməsi imkanı və risklərin azaldılmasını anlamaq vacibdir.
Putin-Tramp görüşünə gəldikdə Ryabkov deyib ki, bu istiqamətdə hazırlıqlar davam edir: "Vaşinqtondan görüşlə bağlı daha aydın mövqe olandan sonra görüş tarixini müzakirə etməyə başlayacağıq".