![]() |
|
Bu gündən Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, palatanın saytına daxil olub "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyadınızı və telefon nömrənizi yazıb məlumat əldə edə bilərsiz.
Bu gün bəzi sosial şəbəkə səhifələrində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günleri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.
FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.
Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir.
Axar.az xəbər verir ki, bu sözləri ekspert Radil Məmmədov şadlıq saraylarının birində POS terminal quraşdırılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
Şadlıq sarayları isə bunun ailənin istəyindən asılı olduğunu bildirir. Yəni əgər toy sahibi ənənəvi qaydada deyil, POS terminal vasitəsilə pul yazılmasını istəyirsə, bu aparatların quraşdırılması mümkündür.
Xatırladaq ki, toya POS terminal vasitəsilə pul yazdırılması dünyada ilk dəfə Hindistanda baş verib. Toyu olan cütlük dəvətnamələrində qeyd ediblər ki, toyda iştirak edən qonaqlar onlara hədiyyə olaraq Bitkoin bağışlasınlar.
Rusiyada Azərbaycan vətəndaşı dövlət sərhədini pozduğuna görə cərimələnib.
Report Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Kamçatka vilayətində qeydə alınıb.
Rusiya ərazisinə girişi qadağan olunmuş Azərbaycan vətəndaşının saxta sənəd düzəldərək Kamçatka yarımadasına gəldiyi, ancaq sərhəddə saxlanıldığı bildirilib.
Faktla bağlı cinayət işi açılıb və həmin şəxs məhkəmənin qərarı ilə 50 min rubl (təxminən, 1319 manat) məbləğində cərimə olunub.
Novruz bayramı günlərində Azərbaycana ən çox turist İrandan gəlib.
Axar.az-a verilən məlumata görə, Bakıda Təbrizdən, Ərdəbildən soydaşlarımız daha çox görünüblər. Eyni zamanda Misir, İraq, Gürcüstan, Rusiya və ərəb ölkələrindən də turistlər var.
Şəhərdə təşkil olunan Novruz festivalı qonaqlar tərəfindən maraqla qarşılanıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, bayram şənliyi bu gün Heydər bağı – park bulvarda keçirilib. Tədbirdə rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.
Bayram tonqalını alovlandıran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbə münasibətilə təbrik edib, dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.
Bayram tədbirində Novruz personajları – Bahar qızının könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.
Bayram şənliyində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, idmançıların nümunəvi çıxışları göstərilib. Həmçinin şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər, Azərbaycan xalq nağılları əsasında təşkil edilmiş səhnəciklər, folklor nümunələri nümayiş etdiriblər, bahara həsr olunmuş şeirlər söyləyiblər.
Bayram tədbirində iştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və bayram şirniyyatları təqdim edilib.
Bayram şənliyi Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdiriləcək.
Peru Konqresinin Beynəlxalq münasibətlər üzrə komissiyasının və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun birgə təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan xalqına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbrik bəyanatı qəbul edib.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, sənəddə Novruzun Azərbaycanda ən sevilən bayram olduğu, onun UNESCO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edildiyi bildirilir. Qeyd edilir ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətlər birləşdirir. Həmçinin sənəddə bu bayramın xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq idealları əsasında münasibətlərin möhkəmləndirilməsində oynadığı rol qeyd olunur.
Bəyanatda deyilir:
“Peru Konqresi ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və əməkdaşlığı nəzərə alaraq Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbriklərini göndərir və onlara xoşbəxtlik, möhkəm cansağlığı, səadət və rifah arzulayır”.
Cari ilin yanvar-fevral ayında 36,4 milyon nəfər metrodan istifadə edib.
Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, iki ay ərzində metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 36,4 milyon nəfər olub.
Bu gün Novruz bayramıdır.
Axar.az xəbər verir ki, Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.
İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.
Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".
Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a şöbədən məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.