İrəvan xəyanət etsə də, Kreml məhz Bakıya hücuma keçib: Rusiya imperializmi yenidən real təhlükəyə çevrilir

Rəsmi İrəvan Rusiyaya arxa çevirərək, "Qərbə qaçmaq" siyasəti yürütsə də, Kreml Ermənistana münasibətdə müəmmalı şəkildə tolerant olmağı bacarır... Ancaq Azərbaycanın haqlı tələbləri Rusiyada qəbuledilməz hesab olunur və Kreml bütün arsenalı ilə ölkəmizin üzərinə "hücuma keçməyə" cəhd göstərir...
"Yeni müsavat" xəbər verir ki, Kremin israrla davam etdirdiyi indiki xarici siyasət kursu Rusiyanı "geopolitik uçuruma" doğru sürükləyir. Belə ki, Kremlin davranışları Rusiyanın imperialist hədəflərinə bağlı qaldığını birmənalı şəkildə təsdiqləyir. Hər halda, Kreml qonşu dövlətlərlə dostluq və normal qonşuluq münasibətlərinə qətiyyən hazır olmadığını biruzə verməkdədir. Və Kremldə hələ də bunun ilk növbədə Rusiyaya qarşı yeni problemlər yaratmaqda olduğunu qəbul etmək istəmirlər.

Onu da qeyd etmək lazımdır ki, Kremlin mövcud xarici siyasət prioritetləri Rusiyanı Ukraynada "savaş bataqlığı"na salıb. Çünki Rusiya siyasi dairələri Ukraynanın müstəqil xarici siyasət yürütmək istəyinin suveren bir dövlətin hüquqları sırasına daxil olduğunu anlamaqda çətinlik çəkirlər. Kremldə hesab edirlər ki, Ukrayna vaxtilə keçmiş SSRI-nin tərkibinə daxil olduğundan indi də Rusiyanın imperialist maraqlarına xidmət göstərməkdə davam etməlidir. Və bu səbəbdən də, Rusiya nəzarətdən çıxmaq üzrə olan Ukraynaya savaş açdı.

Ancaq nə qədər qəribə də olsa, Kreml Ukrayna ərazilərini işğal etsə də, bu müharibəni xüsusi hərbi əməliyyat adlandırır. Halbuki, heç bir dövlətin hər hansı müstəqil ölkə ərazisində xüsusi əməliyyat aparmaq hüququ yoxdur. Əsl reallıq isə ondan ibarətdir ki, Rusiya müharibə apardığı Ukraynanın beynəlxalq hüquqla tanınmış ərazilərini hərbi zorakılıqla işğal edib. Və Kremlin öz işğalçı davranışlarını müxtəlif absurd təqdimat cəhdləri ilə ört-basdır etməsi sadəcə, mümkün deyil.

Bütün bunlar onu göstərir ki, Kremlin postsovet dövlətlərinə qarşı imperialist yanaşma tərzi qətiyyən dəyişməyib. Rusiyanın bu imperialist yanaşma vərdişləri ilə keçmiş SSRI-nin artıq mövcud olmayan sərhəd trayektoriyası daxilində öz əvvəlki mövqelərini bərpa etməsi qətiyyən mümkün deyil. Kremldə artıq tam dəqiqliyi ilə anlamalıdırlar ki, Rusiyanın mövcud xarici siyasət kursu strateji tərəfdaşları və müttəfiqləri özündən uzaqlaşdırmaqdan başqa heç nəyə yaramır. Və Kremldə son baş verənlərdən ciddi nəticələrin çıxarılması Rusiyanın gələcək taleyi baxımından da böyük önəm daşıya bilər.

Ancaq Kreml imperialist davranışlarından imtina etmək niyyətindən uzaqdır. Əksinə, Rusiyanın hegemonluğunu ön plana çıxartmaq məqsədi güdən aqressiv vərdişlərinə maksimum səviyyədə sadiq qalmağa çalışır. Xüsusilə də, qonşu ölkələrlə münasibətlərini birmənalı şəkildə Rusiyanın maraqları üzlərindən idarə etməyə üstünlük verir. Bu, təktərəfli xarakter daşıdığından Kreml strateji tərəfdaşlıq münasibətlərində olduğu ölkələrlə bərabərhüquqlu əməkdaşlıqdan yayınmağa çalışır. Və nəticədə postsovet dövlətləri mümkün qədər Rusiyadan məsafə saxlamağa üstünlük verirlər.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Azərbaycana münasibəti də, əslində, digər postsovet ölkələri ilə əlaqələrindən elə də fərqlənmir. Yeganə önəmli fərq yalnız odur ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsində deyil. Kremlin rəsmi Bakıya hərbi və siyasi təzyiq mexanizmləri artıq mövcud deyil. Azərbaycan ərazisində Rusiyanın hərbi bazaları yoxdur. Azərbaycan iqtisadiyyatı da Rusiyaya möhtac deyil. Əksinə, Rusiyanın Azərbaycanla iqtisadi-ticari əlaqələri daha da inkişaf etdirməyə ehtiyacı var. Və bu, rəsmi Bakının Rusiya faktorunu nəzərə almadan müstəqil xarici siyasət yürütməsinə geniş imkanlar açır.

Təbii ki, Azərbaycanın Rusiya ilə bərabərhüquqlu münasibətlərə üstünlük verməsi Kremli ciddi şəkildə qıcıqlandırır. Belə ki, Kreml hələ də Azərbaycanı hansısa mərhələdə Rusiyanın təsir dairəsinə qaytara biləcəyinə ümid bəsləyir. Halbuki, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə strateji hərbi müttəfiq olması Kremlin bu ümidlərini boşa çıxara biləcək əsas faktorlardan biridir. Və Rusiyanın bu reallığı dəyişmək şansları demək olar ki, mövcud deyil.

Ona görə də, Kteml Azərbaycana qarşı hazırda qərəzli münasibətini vaxtaşırı biruzə verməyə çalışır. Belə ki, Kreml onilliklər boyu Ermənistanı Rusiyanın ən müasir hərbi texnikası ilə silahlandlrıb. Rusiya qoşunları vaxtilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsində birbaşa və dolayısı yollarla iştirak edib. Hətta 44 günlük savaş dövründə belə, Rusiya Ermənistana silah-sursat və hərbi texnika göndərməkdə davam edib. Və bu, Rusiyanın Azərbaycana qarşı "erməni faktoru"na istinad etmək vərdişlərinə sadiq qaldığını təsdiqləyir.

Hazırda Rusiyanın hərbi müttəfiqi Ermənistan Qərbə inteqrasiya siyasəti yürüdür. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumlarda, o cümlədən də, KTMT çərçivəsində fəaliyyətini dayandırıb. Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar vermiş Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təsdiqləyib. Üstəlik, Ermənistanda hazırda rusdilli məktəblər də başlanıb. Və bütün bunlara baxmayaraq, Kreml Ermənistana münasibətdə olduqca tolerant siyasi kurs yürütməkdə davam edir.

Ancaq Kremlin Azərbaycana münasibətdə tolerant olduğunu düşünmək qətiyyən mümkün deyil. Belə ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq barədə bəyannamə imzalanıb. Buna baxmayaraq, Kreml Rusiya ərazisində raketlə vurulmuş Azərbaycanın sərnişin təyyarəsi ilə bağlı öz məsuliyyətini etiraf etməkdən israrla yayınır. Bu hərbi cinayətlə bağlı faktları saxtalaşdırmağa, günahı öz üzərindən atmağa cəhd göstərir. Rusiya KİV-ləri isə Azərbaycana qarşı qərəzli kampaniya aparırlar. Və Rusiyaya xəyanət etmiş Ermənistana münasibətdə isə analoji kampaniya qətiyyən müşahidə olunmur.

Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Azərbaycanda yüzlərlə rusdilli məktəblər hələ də fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən "Rossotrudniçestva" təşkilatının qadağan olunmasını az qala düşmənçilik kimi qələmə verməyə çalışırlar. Kremlə yaxın siyasi dairələr buna qarşılıq olaraq, Rusiyada yaşayan Azərbaycanlıların deportasiya və həbs olunması tələblərini gündəmə gətirirlər. Və bu, Rusiyanın Azərbaycana qarşı qərəzli mövqeyinə sadiq qaldığını göstərir.

Belə anlaşılır ki, Ermənistan Rusiyaya xəyanət edərək, Qərbə qaçmaq siyasəti yürütsə də, Kreml tolerant olmağı bacarır. Ancaq Azərbaycanın haqlı tələbləri isə Rusiyada qəbuledilməz hesab olunur və Kreml bütün arsenalı ilə ölkəmizin üzərinə hücuma keçməyə cəhd göstərməkdədir. Halbuki, rəsmi Bakı Rusiya və Qərb arasında balansın qorunmasına həmişə həssas yanaşıb. Bu, onu göstərir ki, Azərbaycanın normal münasibətlər umduğu Rusiya bərabərhüquqlu əməkdaşlığa qadir deyil. Və Rusiyadan Azərbaycana heç vaxt strateji tərəfdaş, yaxud müttəfiq olmaz.

Tramp Bakı və Ankaranı seçəcək - Hərbi müdaxilə ehtimalı...

Yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyatların olacağı az ehtimal olunan məsələdir, lakin Bakının sülh razılaşması əldə etmək üçün İrəvəna hərbi-psixoloji təzyiqi davam edəcək.

Bunu "Stratfor" mərkəzinin analitiki Metyi Orr deyib.

Analitikin fikrincə, Bakı hazırkı məqamda İrəvana şərtlərini diktə etmək və ya Zəngəzur dəhlizini açmaq üçün hərbi əməliyyatları zəruri saymır və buna ehtiyac da görmür: "Çünki Bakının şərtlərini İrəvana qəbul etdirmək üçün siyasi-iqtisadi-hərbi cəhətdən yetərincə digər mexanizmləri mövcuddur və bu imkanlardan da istifadə edir. Bakı sadəcə razılaşmanı əldə etmək, Zəngəzur dəhlizini açmaq üçün hərbi-psixoloji faktorundan istifadə edir. Ancaq əsas niyyəti hərbi əməliyyatlar keçirmək deyil", - o qeyd edib.

Bununla belə, "Stratfor"un eksperti bildirib ki, sülh razılaşmasının tezliklə əldə olunacağına da ümid etmək olmaz.
Zəngəzur dəhlizinin açılması ilə məsələyə gəldikdə ekspert deyib ki, bu məsələdə hər hansı kompromis əldə oluna bilər: "Əgər kompromis yolu ilə məsələ həllini tapa bilməzsə, o zaman hərbi əməliyyatları ehtimal etmək olar. Bu da yaxın perspektivdə görünmür. Ancaq Bakı hələ də təzyiq yolu ilə kompromisin əldə olunacağına inanır. Ona görə də güc yolu ilə məsələni həll etmək istəmir".

Tramp hakimiyyəti dövründə ABŞ-Ermənistan, ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ekspert deyib ki, Tramp Yaxın Şərqdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada maraqlarını təmin etmək üçün Bakı və Ankaraya üstünlük verəcək. "ABŞ-nin Ermənistanla strataji tərəfdaşlıq sənədi olsa da, Ağ Ev Bakı və Ankaranı seçib Azərbaycanla Türkiyəyə "stavka" edəcək. Tramp bu yolla İranı bölgədə sıxışdırmağa çalışacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın son Vaşinqton səfəri də aydın şəkildə sübut etdi. Hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı müahribə ehtimalı reallaşarsa, Tramp hakimiyyəti prosesə elə də ciddi müdaxilə etməyəcək. Bu səbəbdən də Paşinyan Vaşinqtonda verdiyi bəyanatlarda Bakı və Ankara maraqlarına uyğun bəyanatlar verməklə mesajını Ağ Ev rəhbərliyinə çatdırmağa çalışdı", - ekspert qeyd edib.

O eyni zamanda əlavə edib ki, Tramp hakimiyyəti Türkiyəni bölgədə stabilləşdirici və nizam-intizam yaradacaq bir güc kimi görür.

Samir Şərifova yeni vəzifə VERİLDİ

Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

O, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri təyin edilib.

Bundan əvvəl sözügedən vəzifəni Əli Əhmədov tutub. O, ötən il keçirilən parlament seçkilərində deputat seçilib.

Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.

Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.

Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.

Prezidentdən Sahil Babayevin yerinə TƏYİNAT

Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.

Qarabağ Universitetinin Klinikası yaradılıb

Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.

Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Klinikanın yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

5.1. Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.2. Klinikanın dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. Klinikanın 2025-ci ildə saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.5.5.7-ci (Səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 5 (beş) milyon manatı Qarabağ Universitetinə ayırsın;

6.2. Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etsin.

Sahil Babayev vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib

Azərbaycanda meqa nazirlik yaradılır?

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, M.Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi. Muxtar Babayev isə 2018-ci ildən nazir vəzifəsində çalışırdı.

Samir Şərifovla Muxtar Babayevin yerinə kimin təyin ediləcəyi maraqla gözlənilir. Lakin Maliyyə Nazirliyinin gələcək taleyi ilə bağlı da dövlət qurumlarında və digər strukturlarda müxtəlif versiyalar səslənməkdədir. Həmin ehtimallar arasında Azərbaycanda yaxın vaxtlarda bir neçə qurumu özündə birləşdirən yeni nazirlik və ya xidmətin yaradılması ideyasının olduğu və bu istiqamətdə işlərin görüldüyü deyilir. Yeni struktura gömrük, vergi və bir neçə digər qurumların da daxil ediləcəyi iddia edilir.

Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur.

Bakıdakı "Rus evi"nin fəaliyyəti barədə qərar - Rusiyaya bildiriş

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Bu barədə "Report"a məlumatlı mənbələrdən bildirilib.

Daha əvvəl, analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

Ötən il 441 nəfər Azərbaycana readmissiya olunub

Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Ermənistanın missiya saxtakarlığı: Paşinyanın siyasəti regional sabitliyi təhdid altında saxlayır

"Avropa İttifaqının (Aİ) müşahidə missiyasının şərti həmsərhəd ərazilərdən çıxarılmasına dair məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı razılaşdırılmamış məsələlərdən biridir. Azərbaycan tərəfi həmin missiyanın ümumiyyətlə, sərhədyanı ərazilərdən çıxarılması tələbi ilə çıxış edir və bu tələbində də kifayət qədər haqlıdır".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Aİ-nin müşahidə missiyası faktiki olaraq sülh yaratmaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərmir:

"Əksinə, öz fəaliyyəti ilə təhrikedici addımlara rəvac verir ki, bu da münasibətlərin iki ölkə arasında daha da gərginləşməsinə xidmət edir. Məlumdur ki, həmin missiya Azərbaycanın razılığı ilə cəmi iki aylıq müddətə 40 nəfərlik tərkibdən ibarət olaraq yaradılmışdı. Amma ondan sonrakı mərhələdə Ermənistan Azərbaycanla razılaşdırmadan birtərəfli qaydada həmin missiyanın müddətinin uzadılması və tərkibinin genişləndirilməsi istiqamətində addımlar atdı. Son olaraq isə daha iki il müddətinə, yəni 2027-ci ilə qədər mandatın uzadılması ilə bağlı müvafiq qərar qəbul olunub. Məsələ burasındadır ki, bu missiyanın tərkibi, yəni onun keçmiş hərbçilərdən, polis qüvvələrindən ibarət olması, eləcə də missiyanın tabe olduğu Avropa İttifaqının davamlı şəkildə Ermənistana silah tədarükü, Aİ-nin Sülh Fondu vasitəsi ilə ermənilərin silahlandırılması üçün milyonlarla vəsait ayrılması həmin missiyanın tamamilə başqa məqsədlər üçün yaradıldığını fakt olaraq ortaya qoyur. Yəni biz kifayət qədər yaxşı bilirik ki, missiyanın faktiki olaraq təkcə Ermənistan-Azərbaycan deyil, eləcə də zaman-zaman Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində, habelə Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü istiqamətində görünməsi faktiki olaraq kəşfiyyat məlumatlarının toplanmasını təmin edir. Təbii ki, missiyanın daha bir məqsədi də ərazilərimizdə, şərti sərhəddə Ermənistan tərəfini təxribatlara yönəltmək və bu təxribatlar fonunda da həm İrəvanın təhlükəsizliyi adı altında hay-küy salaraq regionda möhkəmlənmək, həm də Azərbaycan ilə bağlı yanlış məlumatı dünyaya çatdırmaqdan ibarətdir. Bu baxımdan, bu missiyanın hər hansı bir formada şərti sərhəd istiqamətində qalması Azərbaycanın maraqlarına cavab vermir".

"Paşinyanın artıq ikinci dəfədir ki, delimitasiya olunmuş ərazilərdən müşahidə missiyasının çıxarıla biləcəyi ilə bağlı məsələni gündəmə gətirməsi də əslində, prosesin uzadılmasına yönəlik bir fəaliyyətdir. Çünki məlumdur ki, keçən dövr ərzində cəmi 12-13 kilometr şərti sərhəd Qazax istiqamətində delimitasiya və demarkasiya olunub. Ümumiyyətlə isə, delimitasiya və demarkasiya işi uzun vaxt aparan prosesdir və bu baxımdan, Ermənistan tərəfinin belə bir təklif ilə çıxış etməsi faktiki olaraq o deməkdir ki, İrəvan hələ uzun illər ərzində Aİ-nin müşahidə missiyasının bizim sərhədlərimiz istiqamətində qalmasını istəyir. Yəni bir il ərzində cəmi 12-13 kilometr ərazi delimitasiya olunursa, Azərbaycan-Ermənistan sərhədinin də uzunluğunu nəzərə alanda, aydın olur ki, Paşinyan həmin missiyanın hələ uzun illər ərzində Ermənistanda fəaliyyətini nəzərdə tutur. Əslində isə Paşinyanın başqa çıxış yolu da yoxdur. Çünki Aİ müşahidə missiyasının çıxarılması ilə bağlı səlahiyyət artıq Ermənistanda deyil. Yəni Ermənistan o imkanda, o gücdə, müstəqil addım atmaq iqtidarında olan ölkə deyil ki, missiyanın ərazisindən çıxarılması ilə bağlı mövqe ortaya qoysun. Ona görə də hələlik icazəsini ala bildiyi istiqamətdə, yəni delimitasiya prosesinin başa çatdığı istiqamətdə missiyanın çəkilməsi ilə bağlı təkliflər səsləndirir", - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə bu istiqamətdə digər bir məqam Amerika Birləşmiş Ştatlarının bundan sonrakı addımlarından asılı olacaq:

"Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında imzalanmış xartiyada ABŞ tərəfindən İrəvana xüsusi sərhəd mühafizə missiyasının göndərilməsi nəzərdə tutulub və say tərkibi haqqında da hər hansı bir fikir səsləndirilməyib. Yəni ABŞ Ermənistanı əlində saxlamaq istəsə, o zaman Paşinyan hakimiyyətinə artıq missiyaya ehtiyacın qalmadığı ilə bağlı fikirlərini bildirəcək və ondan sonra da İrəvanın müvafiq addım atması mümkün olacaq. Amma ABŞ hesab etsə ki, fəaliyyətini həmin missiya ilə birgə davam etdirsin, o zaman Paşinyana da bu istiqamətdə hər hansı bir təzyiq olmayacaq. Paşinyan da təbii ki, indiki mərhələdə missiyanın çıxarılması ilə bağlı hər hansı bir konkret addım atmayacaq".

"Xüsusilə onu da nəzərə alaq ki, Ermənistan tərəfi artıq Aİ-yə üzvlük ilə bağlı prosedurlara başlamaq haqqında qərar qəbul edib. Odur ki, bu məsələdə Azərbaycan olaraq bizim üzərimizə konkret vəzifə düşür. Bu vəzifə də ondan ibarətdir ki, Ermənistan davamlı şəkildə təzyiq altında saxlanılmalıdır. Həmin missiyanın ən azından bizim sərhədlərdən, yəni başqa harada dayana bilirsə, o Ermənistanın öz işidir, - amma Azərbaycan-Ermənistan sərhədindən çıxarılması ilə bağlı İrəvanı davamlı şəkildə təzyiq altında saxlamağa ehtiyac var. Çünki bu missiya Azərbaycanın razılığı ilə yaranıb, lakin bu gün birtərəfli qaydada, Bakının icazəsi olmadan onun fəaliyyətinin uzadılması heç bir çərçivəyə sığmır", - deyə R.Bayramov fikrini yekunlaşdırıb.

Xəbər lenti