![]() |
|
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçular təltif edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Vətən uğrunda” medalı ilə
Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qayqiyev Şamil Mahama oğlu – mayor.
Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
"Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib".
Bu barədə Caliber.Az-ın redaksiyasına etibarlı mənbələrdən daxil olan eksklüziv məlumatda bildirilib.
Məlumata görə, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini, eləcə də "BBC"ni ("BBC News Azərbaycanca") təsir altına alacaq.
"Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, "Azərtac"ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", - deyə yazıda bildirilib.
Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir - "Rossiya seqodnya" Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafının məmnunluq doğurduğunu dedi, indi münasibətlərimizin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirdi. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu dedi.
Dövlətimizin başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxundu, Belarus Prezidentinin ölkəmizə dövlət səfərini və COP29-da iştirakını xatırladı, bunların əməkdaşlığımızın genişlənməsinə xidmət etdiyini dedi. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd etdi.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğuladı.
Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd etdi.
Münasibətlərimizin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunuldu.
***
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Belarusun ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, iddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.
Məlumata görə, Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.
Qeyd edək ki, 18 yanvar 2023-cü il tarixində Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib.
Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.
Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin "suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə" səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.
Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək.
Bu gün Bakıda “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilir.
Tədbiri iqtisadiyyat naziri Mikayıl Cabbarov açıq elan edib.
O, Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir:
Hörmətli Forum iştirakçıları,
“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayır və Dövlət Vergi Xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.
2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.
Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri onun 73-cü maddəsində əks olunub: “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur”. Konstitusiyamızda vergilərə dair müəyyən edilmiş bu müddəa dövlətimizin maliyyə sabitliyinin və davamlı inkişafının təminatı olub, ölkəmizin hüquqi və iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır.
Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.
Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir.
Bu məqsədlərin reallaşdırılmasının təməlində dövlətin iqtisadi qüdrəti, gəlirləri, fiskal dayanıqlığı durur. Güclü maliyyə imkanlarının formalaşdırılmasına isə effektiv vergi sistemi töhfə verə bilər. Maliyyə imkanlarımızın ildən-ilə artması, büdcə gəlirlərimizin fiskal dayanıqlığı prosesində effektiv və proaktiv vergi siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeni yanaşma və mexanizmlər iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətcə yeni bir mərhələyə qaldırıb. Bu gün vergi siyasəti həm aktiv iqtisadi tənzimləmə vasitəsi, həm də stimullaşdırıcı alətdir. Hazırda bütün fiskal yığımların əhəmiyyətli hissəsini məhz vergi orqanları təmin edir.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.
Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu var. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır.
Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər. Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar. Fəaliyyətiniz dövlət büdcəsinin formalaşdırılmasında, eyni zamanda iqtisadi və sosial layihələrin həyata keçirilməsində xüsusi rol oynayır. Vergi ödəyiciləri ilə effektiv əməkdaşlıq, vergi ödəmələrinin düzgün və vaxtında həyata keçirilməsi yalnız iqtisadiyyatı deyil, həm də xalqın dövlətə olan etimadını gücləndirir.
Ölkəmizin qarşısında duran hədəf və vəzifələr çoxdur. Bu yolda sizin öz işinizə münasibətiniz və vətənə sədaqətiniz bizim üçün qiymətli sərvətdir. Əminəm ki, bu şərəfli vəzifəni yüksək səviyyədə yerinə yetirməkdə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməkdə davam edəcəksiz.
Dövlət Vergi Xidmətinin bütün kollektivinə möhkəm cansağlığı, peşə fəaliyyətində uğurlar diləyirəm. Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı və rifahı yolunda atdığınız hər bir addımda müvəffəqiyyətlər arzulayıram!
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Belarusun ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.