![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Belə ki, Sərəncama əsasən Gəncə şəhərində ümumi sahəsi 346 min m2 olan 52 adda küçənin təmiri nəzərdə tutulur. Artıq bu çərçivədə yenidənqurma işlərinə bir müddətdir ki, start verilib.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. Bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.
Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”.
İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.
Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yerinə yetirilir.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.
Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi yekunlaşıb. Hazırda ərazilər üzrə yeni asfalt-beton örtüyün sərilməsi işləri görülür.
Qeyd edək ki, bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.
İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 (iki) tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 (iki) tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.
Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin nəzərdə tutulan dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır.
Paralel olaraq ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri də görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.
Yolda sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə 14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsu çayı üzərində 1195 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpünün inşası üzrə ümumilikdə 37% işlərin icrası yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələrinin inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 24% təşkil edir.
Layihənin digər hissələrində də hazırda torpaq işləri icra olunur, yolun hərəkət hissəsi genişləndirilir, yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilir, istinad divarları və suötürücü borular tikilir. Artıq 20 km-ə yaxın hissədə torpaq yatağının inşası başa çatdırılır.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıkış portalında qazma işləri bitib, betonlanma işləri görülür. T-2 tunelində qazma və qrunt bərkitmə işləri gedir, T-3 tunelinin girişi portalında işlər davam edir.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 503.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kub.metr həcmində qazma işləri aparılib, 3.2 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası uğurla davam etdirilir.
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir.
Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür. Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda yararsız örtüyün sökülməsi işləri aparılır.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü borular, boru başlıqları və istinad divarları inşa olunur.
Layihə çərçivəsində yollar boyu yeni torpaq yatağının və yol əsasının inşası işləri icra olunur. Yol əsası hazır olan hissələrə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yerinə yetirilir.
Layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilir.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun (17.2 km) hərəkət hissəsinə tökükən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Hadisə baş verən andan etibarən dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Qeyd edək ki, sözügedən yol nəzarətdə saxlanılır və qeyd edilən hissədə qaya parçalarının təmizlənməsi işləri davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri davam edir.
13 km uzunluğa malik Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Ardıcıllığa uyğun olaraq aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Yolun Ağabağı–Kəndəbil hissələrində torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların yenilənməsi və yol əsasının tikintisi işləri aparılır.
Layihənin Nəzəralılı hissəsində artıq yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşmaq üzrədir.
Yolun Şıxbağı hissəsi üzrə isə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...