![]() |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.
Bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış edib.
Şəhid anası gəlininin və nəvələrinin qaçırıldığını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.
Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildirib ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.
Araşdırmaya əsasən qadının könüllü razılıq əsasında getdiyi məlum olub.
Şəhidin ailəsinin video müraciətini təqdim edirik:
Bu gün Bakı metrosunda 1994-cü ildə baş verən ikinci terror aktının 30-cu ildönümüdür.
1994-cü il iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı olub.
Həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib.
Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.
"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Apa xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1 500 manat miqdarında cərimə edilib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əli Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı marixuana, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə kultivasiya yolu ilə yetişdirilən çəkisi 35 kiloqram olan 70 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanında 280 nəfərə yaxın azərbaycanlı zəvvar qalıb: "Onlar, o cümlədən ziyarətin təşkilatçılarından ibarət sonuncu qrup bu gün Bakıya yola düşəcək".
V.Cahangiri həmçinin bildirib ki, builki Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün çox rahat və təhlükəsiz başa çatıb.
Qeyd edək ki, builki Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılmışdı. Zəvvarların ilk qrupu iyunun 4-də təyyarə ilə Bakıdan Səudiyyə Ərəbistanına yola düşmüşdü. Zəvvarlar iyunun 16-17-də ziyarətdə Qurban bayramını qeyd ediblər.
Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları idi.
İyulun 2-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.