Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi
Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb.

Criminal.az xəbər verir ki, əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub.

Karantin postunda "Audi" markalı maşını idarə edən qadının icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili ilə K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, onun ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, K.Şərifov 2015 ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı.

Azərbaycanda zəlzələ oldu
Lənkəran şəhərində zəlzələ olub.

Report xəbər verir ki, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib.

Zəlzələnin maqnitudası təxminən 3,5 olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km. şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb:

"Zəlzələ hiss edilib. Zəlzələ ocağının dərinliyi 10 km, maqnitudası isə 3,5 olub".

Ata dilənmək istəməyən  oğlunu başından bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası “Report”a bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri
Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Baku TV xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Azərbaycanda hərbçilərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
Bu gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsis ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Qeyd edək ki, dəhşətli qəzada ölənlərdən dördü hərbi qulluqçulardır. oxu.az

Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş
Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.

Oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

Ermənistan Azərbaycanı məhkəməyə verdi
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM - Avropa Məhkəməsi -red.) Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayacaq.

Qaynarinfo xəbər verir ki, məhkəmənin saytında verilən məlumata görə, Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər.

Məlumatda deyilir ki, şikayətçilər Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququnun (2-ci maddə) və etnik ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə) maddələrinin pozulması ilə ittiham edirlər. Bundan başqa, Macarıstan ekstradisiya əlaqədar olaraq "məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi" (2-ci maddə) ilə ittiham olunur.

Ramil Səfərov BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib.

Vəkil Əsabəli Mustafayev ehtimal edir ki, məhkəmədə həm Macarıstan, həm Azərbaycan tərəfdən "insan haqlarının pozuntusu tanına bilər".

"Belə ehtimal edirəm ki, Avropa Məhkəməsi ikinci maddəni, yəni yaşamaq hüququnun pozuntusunu tam tanıyacaq. Ola bilsin ki, 14-cü maddə də, etnik ayrı-seçkilik maddəsinin də pozuntusu tanınsın", - o deyib.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ekstradisiya və əfvlə bağlı deyir ki, Macarıstan beynəlxalq müqavilə, Azərbaycan isə daxili suveren qərarla bu işi həyata keçirib.

O ehtimal edir ki, "etnik ayrı-seçkilik məsələsində pozuntu tanına bilər, amma onun geri qaytarılması və cəzasını çəkməsi tələb edilə bilməz".

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə görə, bu, "konkret şəxslər arasında baş vermiş bir hadisədir".

"Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisədir", - İsa Qəmbər BBC News Azərbaycancaya bildirib.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri və Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov bu işlə bağlı şərh verməyin "tez olduğunu" deyib.

Nə baş verib?
 
Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib.

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Polis təqibindən qaçan sərxoş qadın 20 yaşlı sürücünü öldürdü - VİDEO

Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Murmansk əyalətində sərxoş qadın ağır yol qəzası törədib. Yol-xeber.az xəbər verir ki, hadisə Apatitax şəhərində qeydə alınıb.

Məlumata görə, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları 36 yaşlı qadının idarə etdiyi “Mitsubishi” markalı avtomobili saxlayıb. Ancaq alkoqol qoxusunun gələcəyindən qorxan sürücü avtomobili hərəkət etdirərək oradan uzaqlaşıb. Bundan sonra təqib başlayıb. Təqib zamanı yüksək sürətlə irəliləyən “Mitsubishi”, döngədə sürücünün idarəetməsindən çıxaraq qarşı zolaqdan gələn “SsangYong”la toqquşub.

Qəza nəticəsində “SsangYong”un 20 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 18 yaşlı qız sərnişini isə zərbənin təsirindən avtomobilin salonundan uçaraq asfalta çırpılıb və yaralanıb. Qəzanın səbəbkarı və 18 yaşlı qız, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı
Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq, müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Reyd zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub.

Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər.

Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin, bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər.

Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək. 

Xəbər lenti