Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus üzərində xəsarət izləri olan meyitin Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğundan "Ölkə.Az"a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkanlar hiss olunmayıb.

Gecə saatlarında paytaxtın Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hava limanı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. 

Nəticədə nəqliyyat vasitəsi KIA markalı avtomaşına çırpılıb. Zərbənin gücündən KIA bir neçə metr irəliyə getdikdən sonra dayanıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü və onun ailə üzvlərindən iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. 

Qəzanın baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan ərazisində Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ anı qərb rayonlarımızdan birində yaşayan vətəndaş tərəfindən təsadüfən lentə alınıb.

Həmin anın videosunu təqdim edirik:

Bakıda arvadını qəsdən öldürməkdə təqsirli bilinən Murad Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az"xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində qətl hadisəsi baş verib.

Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətl hadisəsindən əvvəl Murad şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib.Qadın onun təklifini qəbul edib və görüş faciə ilə bitib.

Onların iki azyaşlı övladı var.

Murad Şamilova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sərbəst iş qrafiki, artan maaş. Kim istəməz ki? Üstəlik təcrübə və təhsil də önəmli hesab olunmur. Bu tip elanlara müxtəlif küçələrdə, sosial şəbəkələrdə, saytlarda rast gəlirik. Bəs bu elanlara güvənmək olarmı?

"Dedilər ki, fevralın 9-da işə başlayacaqsan. 700 manat söz vermişdilər və 6 gün işləyəcəyimi bildirdilər. Dedilər ki, saat 19:00-a qədər 45 manat ödəyin və çekini bizə atın. Burada mənə şübhəli gəldi. Bundan da əlavə, məndən boyumu və çəkimi soruşdular. Məni işə götürürlərsə, boyum və çəkim onlara niyə lazımdı? Şübhəli hal olduğu üçün polisə müraciət etdim", - şikayətçi Xanım Məlikova deyib.

Ekspert Sahib Məmmədov bildirir ki, ayda yüzlərlə belə insanları aldadaraq böyük pulları yığıb aradan çıxırlar. Mütəxəssisin fikrincə, bəzən insanları insan alverinin qurbanına çevirirlər və ən təhlükəli tərəfi də odur.

Paytaxt sakinləri arasında keçirilən sorğular zamanı da saxta iş elanları ilə bağlı fikirlər səsləndirilir. Paytaxt sakinləri tez-tez saxta iş elanları ilə qarşılaşdıqlarını bildirirlər.

Mərhum jurnalist Natiq Qocamanın atası, fizika-riyaziyyat elmləri üzrə professor Vəli Qocayev vəfat edib.

Oxu24.com xəbər verir ki, dünən vəfat edən professor bu gün dəfn olunub.

Qeyd edək ki, Vəli Qocayev 50 il Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan ali texniki məktəblərində fizika kursunun məzmunu, tədris metodikası və onun təkmilləşdirilməsi istiqamətləri üzrə bir sıra kitabların müəllifidir.

Allah rəhmət eləsin!

Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

 Report xəbər verir ki, təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər.

Manevrə 200 rusiyalı hərbçi qatılıb.

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.

Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah, yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa, bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".

Xəbər lenti