Həbs edilən “qumar kralı”nın işində sensasion məlumat - 161 milyon…

Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev sərbəst qalmaq istəyir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “qumar kralı” kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.

Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.

Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.

Əldə etdiyimiz digər məlumata görə, Yusif Baqiyev qumarxanalar təşkil etməklə 161 milyon manata yaxın pul qazanmaqda ittiham edilir.

Mütəşəkkil dəstə halında törədilən cinayətdən qazanılan pulların böyük bir qismi həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

İş üzrə istintaq hələ yeni başlayıb. Gələcəkdə ziyanın həcminin dəyişəcəyi də istisna edilmir.

Qeyd edək ki, Y. Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

"Report xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Ağdamda yük maşını minaya düşdü

Ağdamda yük maşını minaya düşüb.

Hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.

Xəsarət alanın olmadığı deyilir.

Biləsuvar rayonu Bəydili kənd tam orta məktəbinin direktor əvəzi dünyasını dəyişib.

"Unikal" məlumatına görə, həmin məktəbin direktor əvəzi Nurlan İmanov 44 yaşında vəfat edib.

Məlumata görə, mərhumun səhhətində bir müddət öncə problem yaranmışdı.

Qeyd edək ki, N. İmanov 1981-ci ildə Biləsuvar rayonunda anadan olub. O bundan öncə Biləsuvar rayon Təhsil Sektorunda çalışıb.

Ağdamda insan sümüklərinin qalıqları aşkarlanıb

Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb.

Report verdiyi məlumata görə, qalıqlar ərazidə inşaat işlərinin aparılması zamanı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərimanovda 2 nəfər küçədə öldü

Bakı şəhər Nərimanov rayonunda iki nəfər küçədə ölüb.

qafqazinfo xəbər verir ki, Tovuz rayon sakini 1976-cı il təvəllüdlü F.Cəfərov Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb.

Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub.

Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

İntensiv yağış və qar yağacaq, temperatur 4 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var.

Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.

Xudayar Yusifzadənin anasını təhqir edən bloger həbs olundu

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.

Qaynarinfo məlumatına görə, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü Vüqar İ. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, "TikTok" sosial şəbəkəsində "Şah_əmlak" adı ilə qeydiyyatdan keçən əmlak blogeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak blogerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.

Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsi ilə "TikTok"da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə "Şah_əmlak"ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qazaxda polis zabiti vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, polis mayoru Üzeyir Abdullayev ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bu gün Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

İclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Xəbər lenti