![]() |
|
Şaxtalı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə olnur:
1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, “Koroğlu” m/st istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
report xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Belə ki, Sumqayıt şəhər prokurorluğunda istintaq edilən cinayət işi "Qala Meyvə-Tərəvəz İxracat İdxalat MMC” tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 51 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində fevralın 24-nə təyin edilmiş məhkəmə prosesi Bakıdakı qarlı-şaxtalı hava şəraitinə görə təxirə salınıb.
Növbəti məhkəmə prosesi fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.
Modern.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.
“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.
V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:
“Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.
Lerikdə polisin keçirdiyi əməliyyatla 10 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin cənub regional qrupundan verilən məlumata görə, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Qeyd edilən əməli törədən şəxslər - Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, 3,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 01.03-də qeydə alınıb.
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Vasif Hüseynovun idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMV markalı avtomobil toqquşub.
Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən eks-icra başçısı artıq azaddır.
Bir ay əvvəl də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.
C. Cəfərov və T.Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.
Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.
Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəsisəsindən kənara çıxa bilirdi.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər hazır olacaq.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Talqat Lastaev bildirib.
"Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, istintaq bir il davam edir. Buna görə də, 2025-ci ilin dekabr ayına qədər yekun istintaq hesabatı tamamlanacaq", – deyə Lastaev qeyd edib.
Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktau şəhərinin bir neçə kilometrliyində qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, eləcə də 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər, o cümlədən altı qazaxıstanlı həlak olub. 29 nəfər, o cümlədən iki bələdçi sağ qalıb.