![]() |
|
Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.
Ölkə.az xəbər verir ki, bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə.
Dünən material dərc olunduqdan sonra sayta Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.
İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola.
Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.
Fotoda: Heydər Əliyev prospektindəki binalar
Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var.
Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina
Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina
E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.
Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.
Bakıda “Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.
“Report” məlumatına görə, artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra Rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.
Dövət Sərhəd Xidmətinin hərbçisini maşın vuraraq, öldürüb.
Unikal.az xəbər verir ki, hadisə Xaçmazın Qusarçay kəndi ərazisində baş verib.
Belə ki, kənd ərazisində avtomobil Şeydabəy Qəhrəmanov adlı hərbçimizi vurub. O, hadisə nəticəsində həyatını itirib.
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək Şirvan şəhər, habelə Qusar, Bərdə, Masallı, Tovuz, Siyəzən, Şəki, Şabran və Gədəbəy rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 33 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 56 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb.
APA məlumatına görə, fevralın 9-u Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında “Şamilovka” meşə massivində aşkar edilib.
Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidən götürülərək müvafiq ekspertizaların keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Son dövrlərdə onlayn dələduzluq halları artıb. İnsanlar internetdə alış-veriş edərkən, bank əməliyyatları apararkən və ya sosial şəbəkələrdən istifadə edərkən fırıldaqçıların hədəfinə çevrilə bilirlər. Kibertəhlükəsizlik mütəxəssislərinin fikrincə, insanların bu tələlərdən qorunması üçün daha diqqətli olması və müəyyən qaydalara əməl etməsi vacibdir.
Mövzu ilə bağlı Ölkə.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, dələduzlar müxtəlif üsullarla insanları aldadaraq şəxsi, maliyyə məlumatlarını və ya hesablarını ələ keçirirlər:
"Onlar banklar, e-ticarət saytları və ya sosial media platformaları kimi etibarlı qurumları təqlid edərək saxta e-poçtlar, mesajlar və ya saytlar yaradırlar. Bu mesajlarda insanlardan fərdi və ya şəxsi məlumatlarını (məsələn, parol, bank kartı məlumatları) təqdim etmələri tələb olunur. Vətəndaşlar gözlənilməz e-poçtlar və mesajlara inanmasınlar. Linklərə klikləməzdən əvvəl göndərənin ünvanını yoxlasınlar. Rəsmi saytlara birbaşa brauzerdən daxil olsunlar və e-poçt linklərindən istifadə etməsinlər. İki mərhələli identifikasiya (2FA) tətbiq etmələri məsləhət görülür".
Mütəxəssis onu da qeyd edib ki, dələduzlar ucuz qiymətlər və ya endirimlər təqdim edən saxta onlayn mağazalar yaradaraq insanları aldadırlar:
"Alıcılar sifariş verdikdən sonra ya məhsul almırlar, ya da oğurlanmış bank kartı məlumatları ilə qarşılaşırlar. Bundan qorunmaq üçün isə etibarlı və tanınmış onlayn mağazalardan alış-veriş etmək lazımdır. Mağazanın rəylərini və şikayətlərini araşdırmaq, eyni zamanda ödəniş zamanı təhlükəsiz ödəniş sistemlərindən (məsələn, PayPal) istifadə etmək məqsədəuyğundur.
Bundan əlavə, belə dələduzlar vətəndaşların fərdi və kart məlumatlarını əldə etmək üçün onların etimadını qazanırlar. Məsələn, saxta sosial media hesabları vasitəsilə dost kimi davranaraq məlumatları əldə edirlər. Buna görə insanlar şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşmasınlar, tanımadığı insanlardan gələn dostluq və mesaj təkliflərini qəbul etməsinlər.
Dələduzlar, zərərli proqramlar vasitəsilə insanların cihazlarına daxil olaraq şəxsi məlumatlarını da oğurlayırlar. Bu proqramlar, adətən, e-poçt əlavələri, yüklənən fayllar və ya saxta saytlar vasitəsilə yayılır. Bəs bundan necə qorunmaq?
1. Naməlum mənbələrdən fayl yükləməsinlər.
2. Antivirus proqramlarından istifadə etsinlər və onları müntəzəm yeniləsinlər.
3. Şübhəli linklərə klikləməsinlər".
Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
Hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da təsdiqləyib.
Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. (Gununsesi.info)
Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, bir nəfər başqa bir nömrədən səsini dəyişdirərək, dostuna zəng edib və özünü polis əməkdaşı kimi təqdim edib. Zarafat edən şəxs qarşı tərəfə tarix deyərək onun polis bölməsinə çağırıldığını söyləyib.
Aldadılan şəxs isə vəziyyətdən xəbərsiz olduğundan ona zəng edən dostunu Daxili İşlər Nazirliyi zəng mərkəzi 102-yə şikayət edib. Nəticədə hər iki şəxs polis bölməsinə çağırılıb.
Paylaşım edən şəxs zarafat edənin hüquqi baxımdan məsuliyyət daşıyıb-daşımadığını sual edib.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Səməd Vəkilov məsələyə aydınlıq gətirib.
"Həmin şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 310-cu maddəsinin yəni vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətinin tərkib əlamətləri vardır. Maddəyə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə nəzərdə tutulur. Bu cinayətə görə şəxslər 1500(min beş yüz) 3000(üç min) manatadək miqdarda cərimə və ya 240(iki yüz qırx) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya 2 (iki) ilədək müddətə islah işləri, eləcə də 3(üç) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin CM-in 14.2.-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə, ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Bu maddənin tələblərini nəzərə alsaq, həmin şəxs polis xəbərdarlığı ilə cinayət məsuliyyətindən azad oluna bilər", - deyə o əlavə edib.
Keçən il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.
Aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanıb. O cümlədən:
- Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin sədri Q.Qəfərovun qanunsuz hərəkətləri faktı üzrə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb;
- Ağsu rayonu İlxıçı bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyənin vergi müfəttişinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin icarə haqlarını nağd qaydada yığaraq yerli büdcəyə ödəməməsi faktı üzrə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb;
- Göygöl rayonu Toğanalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyənin adından iclas protokolları tərtib edilərək yerli (bələdiyyə) büdcə vəsaitlərinin xərclənməsinə və torpaq sahələrinin ayrılmasına dair təkbaşına qərarlar verilməsi faktı üzrə Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 5 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Saatlı rayonu Mircəlal bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Astara rayonu Şahağacı bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 6 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid tor- paq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.1- ci, 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Həmçinin Saatlı rayonu Nabatkənd, Göygöl rayonu Çaykənd, Cəlilabad rayonu Cəlilabad, Şəmkir rayonu Qılıncbəyli, Ağcabədi rayonu Ağcabədi, İsmayıllı rayonu Qalagah və s. bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyəti barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.