![]() |
|
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
“Ölkə.az” xəbər verir ki, müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar. Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər. Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz:
“Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?” Daha ətraflı: “Xezerxeber.az”ın videomaterialında:
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istintaqa çağırılıb.
Lent.az xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.
Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Suraxanı Rayon İcra Hakimiyyətindən Ölkə.Az-a verilən məlumata görə, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.
"Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə o, azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
**
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gedib.
Bu barədə “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı məlumat verib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov da hadisə yerindədir.
Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov və başqa bir neçə əməkdaşı saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam edən istintaqla cinayət məsuliyyətinə cəlb ediliblər.
İdarə rəisi və digərləri çağırışçılardan rüşvət almaqda ittiham edilirlər.
Prokurorluq saxlanılan idarə rəisi barəsində həbs, digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barəsində təqdimat verib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə R.Şükürov və digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şöbə rəisi və digər əməkdaşlar məhkəmə zalından sərbəst buraxılıblar.
İş üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, il yarım əvvəl eyni idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılov həbs edilmişdilər.
***
Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, Xidmətin Xəzər Rayon İdarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.
Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.
“Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib..
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib”, - məlumatda bildirilib.
Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.
Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.
Faktla bağlı araşdırma aparılır.