Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.
 
Xəzər TV xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.
 
Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.
 
Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır.
 
Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqlədilər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir
 
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, həmin kənddə təsərrüfatlara baxış keçirilib. Hazırda araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ətraflı məlumat veriləcək.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

Nəsimi rayonunda izini itirmək məqsədi ilə otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov saxlanılıblar.

Bildirilib ki, onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

"Report məlumatına görə, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.

 

 
  •  

 

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı məsələ aktual olaraq qalır.

Ötən gün təcavüzə məruz qalan yeniyetmə və anası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb. Azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.

Psixoloqlar zorakı qurbanı olan qızın olayın baş verdiyi rayondan müvəqqəti də olsa uzaqlaşdırılması, əslində yeniyetmənin olayı xatırlatmayacaq məkanda reablitasiyaya cəlb olunmasını dorğu addım hesab edirlər.

Onların qənaətinə görə indiki halda 4 şəxs tərəfindən zorakılığa məruz qalmış yeniyetmə ilə rəftar, onun zədəlınmiş psixologiyasının bərpası və gələcək həyatı ilə bağlı doğru yöntəm ən vacib məsələdir. Bu baxımdan ailənin razılığı ilə yeniyetmənin paytaxtın müvafiq mərkəzlərində reablitasiya keçməsi təklif olunur.

Qeyd edək ki, bu təklifi ilk dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də olay baş verəndən dərhal sonra verdiyi açıqlamada irəli sürmüşdü.

Kəmalə Ağazadə növbəti dəfə sözügedən yeniyetmənin Bakıya gətirilməsi və psixoloji dəstəyə cəlb olunması üçün Bizim.Media vasitəsilə çağırış edib:

“O hadisə baş verən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərhal bu barədə bildirdim. Eyni zamanda qızın reablitasiyaya çox böyük ehtiyacı olduğunu dedim. Kim ali kitabların üzərinə əlini qoyub desə ki, o qız reablitasiyaya cəlb olunacaq, mən buna əmin deyiləm.

Çünki ona xatırladacaq bir mühitdə qız reablitasiya keçə bilməyəcək. Növbəti dəfə təklifimi etdim. Mənə bildirildi ki, ailə istəmir və qeyd edi ki, bütün kənd onların arxasında dayanır. Bəllidir ki, kənd cəzalandırmanın arxasında dayanır və dəstək olur.

Bunları anlayıram. Amma reablitasiyanın Bərdədə effektiv olacağına şübhə ilə yanaşıram. Kim bunu necə qəbul edir, etsin. Bu, bir reallıqdır. Bəli, bu gün Ailələrə Dəstək Mərkəzi o qızla Bərdədə işləyir. Məlumatım var. Hətta təklif etmişdim ki, anası ilə qızını müvəqqəti reablitasiyaya götürək və iş aparaq.

Bunlarda belə bir fikir var ki, əlimizdən alacaqlar. Bu cür insanların beynini yumaq da olmaz. Bir sözlə biz öz təklifimizi vermişik”, - deyə Kəmalə Ağazadə əlavə edib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xankəndidəki terrorçu rejimin çənbəri sürətlə daralır - NƏ BAŞ VERİR?

“Artıq indidən erməni qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmasına başlamaq lazımdır ki, 2022-ci il noyabrın 10-dək orada bir nəfər də silahlı erməni qalmasın”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında yazıb. Onun sözlərinə görə, paralel olaraq separatçı administrasiyanın bütün orqanları ləğv edilməli, fəaliyyətləri dayandırılmalı, onların rəhbərləri və funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər. “Azərbaycan vətəndaşlığını qəbul etmək arzusunu bildirmiş Qarabağda qalan dinc erməni əhalisinin təhlükəsizliyi isə (müvafiq quraşdırma və yoxlama prosedurlarından sonra) Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin daxili işlər orqanları tərəfindən təmin ediləcək”, - deyə Korotçenko qeyd edib.

Bu təklif, şübhəsiz, həm 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin tələblərinə, həm də Bakı və Moskva arasında imzalanmış 22 fevral 2022-ci il Moskva bəyannaməsinə tamamilə uyğundur. Hərçənd Korotçenko rəsmi şəxs deyil, amma reallığı dilə gətirib. Bəs bu yöndə proses nə yerdədir? 10 noyabra kimi ərazinin hərbsizləşdirilməsi mümkün olacaqmı? Rusiya sülhməramlı kontingenti bölgənin separatçılardan demilitarizasiyasını həyata keçirəcəkmi, yoxsa özümüz addım-addım bu işi görməliyik? İkinci yandan, Azərbaycan dövləti doğrudanmı separatçıların rəhbərlərinin heç bir cəza almadan Qarabağı tərk eləməsinə imkan yarada bilər? Dia.az xəbər verir ki, polkovnik, hərbi analitik Üzeyir Cəfərov “Yeni Müsavat”a şərhində göstərilən tarixlə bağlı inamı olmadığını vurğuladı. Onun fikrincə, 10 noyabra çox vaxt qalmayıb və erməni silahlılarının əraziləri boş saxlayacağını gözləmir: “Nəzərə alsaq ki, avqustun 29-da Putinlə Paşinyanın telefon söhbəti olub, Ermənistanın baş nazirinə müəyyən tapşırıqlar verilib, Brüssel görüşü öncəsi İrəvan yeni təlimatlar alıb, o zaman düşünmək olar ki, ermənilər vaxtı uzatmağa çalışacaqlar. İnanmıram ki, onlar 10 noyabra qədər bölgədən tam çıxacaqlar. Digər rus ekspert Sergey Markov da müharibədən çox-çox əvvəl deyirdi ki, Dağlıq Qarabağ məsələsi həll olunub, ermənilər oradan çıxacaqlar. İndi Korotçenko da xoş gəlmək üçün belə fikirlər səsləndirir, açığı, belə qısa müddətdə gedəcəklərinə inamım yoxdur”.

Ü.Cəfərovun sözlərinə görə, Korotçenko göstərdiyi tarix təsdiqlənərsə, o halda 10 noyabrdan sonra rus hərbçilərin də ərazidə qalmasına əsas yoxdur: “Onlar da getməlidirlər. Biz mülki erməni əhalisinin təhlükəsizliyinə təminat verəcəyik, vətəndaşlığımızı qəbul edənlər digər azərbaycanlılar kimi eyni hüquqlara malik olacaqlar. Odur ki, bölgədə separatizmi yaşatmağa çalışacaqlar. Üstəlik, minatəmizləmə işləri aparılmalı, vətəndaşlarımız Qarabağın dağlıq bölgəsinə köçürülməlidir, birgəyaşayış məsələsi ilə bağlı addımlar atılmalıdır ki, bu problemlər yoluna düşsün”.

Təhlükəsizlik eksperti İlham İsmayıl qeyd edir ki, Cənubi Qafqazda qlobal dünya güclərinin maraqlarının toqquşması, konkret olaraq Rusiyanın münaqişənin tezliklə bitməsini istəməməsi, bizim istəklərimizlə üst-üstə düşmədiyi üçün, şimal qonşumuzla ehtiyatlı siyasət aparıb, zamanla milli maraqlarımızı həyata keçirməliyik - Laçına nəzarətimizi bərpa etdiyimiz kimi: “Yeni yola hələ nəzarətimizin olmamasının ilk fəsadlarını elə yolun açılışının ilk günlərindən görə bilərik. Xankəndidəki separatçı rejim sentyabrın 2-də qondarma rejimlərinin elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir. Keçən il ağır məğlubiyyətdən sonra 30 illik qondarma yubileylərini yas mərasimi kimi keçirib, qəbiristanlığı ziyarət etməklə kifayətlənən ermənilər bu il 2 sentyabrı ”bayram tədbirlərinin keçirilməsi" kimi qeyd etməyi planlaşdırırlar. Erməni parlament üzvləri Qarabağa gəlməkdə həvəsli görünməsələr də, təxribat naminə müxalif fraksiyadan bəzilərinin gəlməsi barədə fikirlər səslənib.

Paşinyan hakimiyyətinə müxalif daşnakların təxribat xarakterli səfərləri mütləq olacaq və Qarabağ ermənilərinin beyinlərinə minalar yerləşdirib yalançı ümidlərlə “mübarizəyə davam” təbliğatını aparacaqlar. Bu gəlişləri ilə yeni yolun onlar üçün maneə olmadıqlarını sübut etməyə çalışacaqlar. Vaxtilə Norayr Mirzoyan nəzarət məntəqəmizə qumbara atdığı kimi, daşnakların da belə bir silahlı diversiya törədəcəyi bu günlər üçün tamamilə mümkün variantlardan biri ola bilər. Buna görə də Azərbaycan Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq etməli, sentyabrın ilk günlərində sərhəddə xüsusi rejim tətbiq edilməsini, hətta üç gün ərzində yalnız birtərəfli çıxışa icazə verilməsini tələb etməlidir".

Siyasi şərhçi Ramiyə Məmmədova separatçıların halqasının daraldığını düşünür: ““Qisas” əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba, Buzdux yüksəkliklərinin nəzarətimizə keçməsi, ardınca Laçın şəhərini ermənilərdən boşaltmağımız təbii ki, xunta rejiminin əl-qolunu xeyli dərəcədə bağlamış oldu. Bunun davamı kimi Sərsəng su anbarı ilə bağlı atılan addımlar da bir işarədir ki, növbəti dövrdə həmin ərazilər də törk-töküntülərdən təmizlənəcək. Azərbaycan bu işi radikal şəkildə həyata keçirmək istəmir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Xankəndi məsələsinə aydınlıq gətirdi. Dövlət daha çox mərhələli və sakit şəkildə erməni işğalında qalan əraziləri azad edir. Yəni müharibəsiz, səs-küylü antiterror əməliyyatları aparmadan iş gedir. Sentyabra qədər Ermənistan ordusunun bir hərbi qulluqçusu da bölgədə qalmayacaq, amma oxşar sözləri “artsax qüvvələri” haqda deməyə çətinlik çəkirəm. Onların silib-süpürmək üçün zamanla proses gedəcək. Bakı radikal və güc üsulundan istifadə edərsə, Hikmət Hacıyevin dediyi məsələ yenidən gündəmə gələcək. Ona görə Azərbaycan çalışır ki, hər periodda yüksəklikləri götürməklə, Rusiya ilə danışıqlar aparmaqla bu problemi həll etsin. Necə ki, “Qisas” cəza tədbiri oldu, bir mülki erməninin burnu qanamadı, bir rus hərbçi xəsarət almadı. Bəli, bizim 4 faiz ərazimiz işğaldadır və separatizmin bölgədə uzunömürlü olmasına imkan verə bilmərik, amma reallıqlar var və soyuq ağılla siyasət yürütməliyik".

Ekspertin fikrincə, dövlət də cəmiyyət kimi çox yaxşı bilir ki, Araikin, Balasanyanın, oradakı qanunsuz dəstələrin cəmi 3 saatlıq canı var: “İki ”Bayraktar" kifayətdir ki, bir sutka içində bayrağımız Xankəndi, Xocavəndin mərkəzi və Xocalıda sancılsın. Yəni bu, hərbi amillə bağlı deyil, ona qalsa Hadrutda yerləşən “Komandos” briqadalarımız terrorçuların qısa zamanda meyitlərini ərazilərdən çıxarar, sadəcə, siyasi faktorlar mövcuddur, özəlliklə Rusiya burada mötərizə içində qeyd olunmalıdır, eləcə də Qərb ermənilərin yanındadır. Bax, bu kontekstdə biz işimizi səliqəli, ehtiyatlı görürük, addım-addım irəliləyirik, separatçıların son hadisələrdən sonra nəfəsi kəsilməkdədir, onların meydanı daralır, hər halda, irəliləyən bizik, zaman və gedişat əleyhimizə işləmir, tam əksinə, 6 ay əvvəllə müqayisədə indi nəzarət etdiyimiz ərazilər daha da artıb".

İrəvan separatçı “komandiri” Şuşaya görə həbs etdi - Ermənistan İstintaq Komitəsi açıqlayır

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların keçmiş “komandanı” general-leytenant Arzumanyan Xankəndidən İrəvana gedərkən saxlanılıb.

Axar.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun saxlanılmasının detallarını açıqlayıb.

Bildirilib ki, onun həbsinin səbəbi “Şuşanın müdafiəsindəki səhlənkarlığı”dır.

Məlumata əsasən, Arzumanyan oktyabrın 30-dan noyabrın 9-dək (söhbət 44 günlük müharibə zamanından gedir – red.) Şuşa və ona bitişik ərazilərin “müdafiəsi” üçün üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməyib. Belə ki, o, erməni qüvvələrinin döyüş imkanlarından səmərəli istifadəni, tapşırıqların yerinə yetirilməsinə nəzarəti, vəziyyətin dəyişməsi üçün operativ və çevik reaksiya və qoşunların qarşılıqlı fəaliyyətini təmin etmədiyinə görə təqsirkar bilinir.

Qeyd olunur ki, 2020-ci il oktyabrın 27-28-dən Şuşa-Turşsu qəsəbəsində avtomobil yolunun bir hissəsində yerləşdirilmiş 95 nəfərlik xüsusi atıcı tağımın, o cümlədən hər biri 365 nəfərlik iki alayın onun sərəncamında olmasına baxmayaraq, Arzumanyan lazımi müdafiəni təmin etməyib.

Bundan əlavə, 2020-ci il noyabrın 6-sı daxil olmaqla, Arzumanyan imzaladığı əməliyyat hesabatlarında Azərbaycan Ordusunun ayrı-ayrı qruplarının Şuşaya əks-hücum etməsinə baxmayaraq, döyüş tapşırıqlarının icrasının davam etdirildiyi və vəziyyətin nəzarətdə olduğunu qeyd edib.

Noyabrın 5-də isə o, bir atıcı batalyonunu Şuşa ilə Daşaltı kəndinin kəsişməsinə, İsa bulağı ərazisinə göndərib. Ancaq buna qədər Azərbaycan birləşmələri artıq Daşaltı və bir sıra əraziləri nəzarətə götürmüşdü. Belə şəraitdə həmin ərazilərə göndərilən batalyon müdafiə əvəzinə, özünü qorumağa çalışıb və ciddi itkilər verib. Halbuki bu batalyon noyabrın 1-dən döyüş əməliyyatlarında iştirak etməyə tam hazır vəziyyətdə olub.

Vurğulanıb ki, “Şuşanın müdafiəsi əməliyyatı”na görə oktyabrın 15-dən hazır vəziyyətə gətirilmiş hər biri 2590 nəfərlik motoatıcı qüvvələrdən ibarət iki batalyon, həmçinin oktyabrın 20-dən 150 nəfərlik hərbi birləşmələr vardı. Bunlardan Şuşanın “müdafiəsində” istifadə olunmayıb. Həmçinin, nizami ordu sıralarından 650 nəfərlik bölmələr də proseslərə cəlb edilmədi.

Şuşanın müdafiəsi zamanı şəraitin sürətli dəyişməsi də komandirlərin qoşunlarının yerləşdiyi əraziləri öyrənməyə və onlar arasında əlaqə yaratmağa imkan yaratmamışdı. Buna görə də Azərbaycan qüvvələri bölmələrdən yan keçərək şəhəri mühasirəyə almağı bacarıb.

Eyni zamanda, bölmə komandirlərindən biri noyabrın 2-də Arzumanyana Azərbaycan Ordusunun sağda, mühafizə olunmayan ərazilərdə erməni mövqelərindən yan keçdiyini çatdırıb.

Bundan sonra noyabrın 4-də gecə saat iki radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri İsa bulağı yaxınlığındakı yüksəklikdə möhkəmlənib. Məhz buradan noyabrın 7-də yanacaqdoldurma məntəqəsinin kəsişməsində nəzarəti tam ələ keçirərək, Şuşa girməyi bacarıblar..

Arzumanyan Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi (hərbi xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlıq) ilə ittiham olunub.

Qeyd edək ki, Azərbaycan Ordusu separatçıların “müdafiə naziri” Cəlal Arutyunyanın maşın karvanına zərbə endirmiş və Arutyunyan komaya düşmüşdü. Arzumanyan “komada olan” C.Arutyunyanın yerinə bu “vəzifəyə” 27 oktyabr 2020-ci ildə təyin edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov vəfat edib.

Bu barədə report-a onun yaxınları məlumat verib.

Qeyd olunub ki, ürəyində problemlər yaranan 64 yaşlı F.Qəribov bu yaxınlarda Türkiyədəki xəstəxanalardan birində əməliyyat olunub.

O, Azərbaycana qayıtdıqdan bir neçə gün sonra isə dünyasını dəyişib

Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Ölkə.az”a bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar: “Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.

***
Bakıda gənc bacılar itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.

Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.

FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.

İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.

Xəbər lenti