Taleh Qaraşov DTX-də ifadə verib - Məhkəməyə adaşını göndərdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu öldürməyə hazırlaşmaqda və ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun məhkəmə araşdırması davam edir.

“Qafqazinfo məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasa Taleh Qaraşov çağırılıb. Lakin icra başçısı məhkəməyə gəlməyib.

Hakim Səbuhi Hüseynov bildirib ki, onu məhkəmədə nümayəndəsi Taleh İbrahimov təmsil edəcək. Tərəflər zərərçəkmişin nümayəndəsi kimi Taleh İbrahimovun iştirakına etiraz etməyiblər.

Prosesin davamında Taleh Qaraşovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. O, istintaqçılara bildirib ki, təqsirləndirilən şəxsi tanımır və izləndiyini hiss etməyib.

Nümayəndə məhkəməyə məlumat verib ki, icra başçısı Bəhruz Əskərovdan şikayətçidir, lakin ona qarşı maddi və mənəvi tələbi yoxdur.

Məhkəmə şahidlərin dindirilməsini təmin etmək məqsədilə prosesi aprelin 29-na qədər təxirə salıb.

Qeyd edək ki, B.Əskərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.

Bu maddələr üzrə ittiham edilən şəxsin cəzası ömürlük həbsə qədər nəzərdə tutulur.

Aprel döyüşlərindən 9 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.

Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçuları olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

İrəvan Azərbaycan dilində danışan gəncə nə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Ermənistanın paytaxtı İrəvana gedib və çıxışı ilə sosial şəbəkələrə müzakirələrə səbəb olub.

Türkiyəli müəllimin hər addımını lentə alıb və İrəvanı "tarixi torpaqlarımız" adlandırması erməniləri qıcıqlandırıb.

Hətta Ermənistan mətbuatı O.Özdemirə qarşı cinayət işi açıldığını yazıb.

Mövzu ilə bağlı Ölkə.Az-danışan hüquqşünas Şamil Paşayev O.Özdemirin Ermənistana ekstradisiya məsələsinə aydınlıq gətirib:

“Azərbaycanla Ermənistan arasında ekstradisiya haqqında qanununun tələblərini yerinə yetirməklə bağlı müqavilə yoxdur. Azərbaycan və MDB ölkələrində məhkumların və təqsirləndirilən şəxslərin bir-birinə verilməsi müddəası Kişineu və Minsk konvensiyaları ilə tənzimlənir. Bu müqavilələrin hər ikisinin qeyd hissəsində Azərbaycan və Ermənistan bir-biri ilə əməkdaşıq etmədiyini, ekstradisiya məsələlərində yardım etmədiklərini bəyan ediblər. Ona görə də Azərbaycan tərəfindən sözügedən şəxsin Ermənistana verilməsi və orada məsuliyyətə cəlb edilməsi mümkünsüzdür.

Türkiyə tərəfinə gəldikdə isə adı çəkilən şəxs bu ölkənin vətəndaşı olduğuna görə Türkiyənin onu xarici ölkəyə verməsi mümkün deyil. Ona görə də şəxsə qarşı Ermənistanda cinayət işi açılması, onun Azərbaycandan və yaxud da Türkiyədən tələb edilməsi mümkün görünmür”, - deyə o əlavə edib.

Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

O, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı APA-ya təsdiqləyib.

hakimle-prokurorun-adindan-da-pul-alibmis

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, yenə də dələduzluqda təqsirli bilinib.

İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.

Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib: “İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik. Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-ü oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb”.

Fotoda: Aytac Əliyeva və İlknur Turkut

Xanım müttəhim zərərçəkmişin dediklərini təsdiq edib. Amma özünü qismən təqsirli bilib. O, azadlığa çıxdıqdan sonra pulun qalan hissəsini də qaytaracağına söz verib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə 13 ay davam edən məhkəmə araşdırması nəhayət başa çatıb. 

İlknura 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki cəzası ilə birləşdirilməklə ümumi cəzası 6 il 6 ay olub. 

Zərərçəkmiş şəxsin vurulmuş ziyana görə qaldırdığı mülki iddia da qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən vurulmuş ziyana görə 14 min 500 manat tutularaq zərərçəkmişə verilməlidir. Mənəvi ziyanla bağlı iddia isə əsaslı sayılmayıb.

Qeyd edək ki, İlknurun bacısı Aytac keçən il rüşvət alma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə 7 illik həbsə məhkum edilib.

Mövqelərimiz fasilələrlə atəşə tutuldu

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətdən məlumat verilib.

Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

22 borclu, 11 silahlı saxlanılıb - DİN

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

sabirabadda-10-gunde-3-korpe-olub

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, yeni doğulan üç körpənin ölümü son 10 gün ərzində olub.

MN: Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınmışdır.

Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Xəbər lenti