Bakının bu qəsəbələrinin yolları təmir edilir - FOTO
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur

2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur.

Qeyd edək ki, dövlət başçısı tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 20 km-ə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-dən çoxdur.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Mərdəkan qəsəbəsi üzrə Yesenin küçəsi 1-ci dalan, R.Qasımov və B.Əliyev küçələri, Qala qəsəbəsi üzrə 323 N-li məktəbin yolu, Qala kənd yolu və “Çörək zavodu” yolu, Şüvəlan qəsəbəsi üzrə “Talışlar məhəlləsi” adlanan ərazinin yolu, Binə qəsəbəsi üzrə İ.Əhmədov küçəsi (parkın ətraf ərazisi), Bünyadzadə küçəsi (117 N-li məktəbin qarşısı), Nizami və Babək küçələri, Buzovna qəsəbəsi üzrə M.Maqomayev küçəsi, Türkan qəsəbəsi üzrə “Üzümçülük sovxozu” adlanan əarzinin əsas küçəsi, Şağan qəsəbəsi üzrə H.Məmmədbəyli, M.Hüseynzadə, Qazmaçılar və Q.Almaszadə küçələrinin kəsişmələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

 
Bazarda hansı maşınlar bahalaşır?
Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.

"Ölkə.Az" bldirir ki, belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.  

Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi. 

“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”. 

Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb: 

“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”. 

Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib: 

“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”. 

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Yolun hər iki tərəfi çəpərlənəcək

“Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub”. Bunu baku.ws-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun 2018-ci ildə təməli qoyulub: “Mövcud yol öz başlanğıcını Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur. Yolun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq”.

Anar Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib: “Bildiyiniz kimi, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhəd yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşası və İranla sərhəddə bir körpünün inşasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə istər yük daşımada, istər tranzit yük daşımada, istərsə də sərnişin daşımada və regionları birləşdirmək  baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

 

Bu yollara alternativ yollar olduğu üçün yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər”.

Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub

Bibiheybət yolunun tam istifadəyə veriləcəyi tarix açıqlanıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bibiheybət yolunda aparılan tikinti-bərpa işləri mayın sonuna qədər yekunlaşıdırılacaq:

 

“Bu gün Bibiheybət yolunda bərpa işləri davam etdirilir. Görülən işlər Agentliklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə hazırlanan layihə əsasında davam etdirilir.

Layihəyə görə, aparılan bərpa və tikinti işləri nəticəsində həmin yolun iki hərəkət zolağı yeni il ərəfəsində istifadəyə verildi. Digər iki hərəkət zolağının isə təmir işləri hələ davam edir.

Xatırladım ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa ediləcək. Bu istiqamətdə yamacın aşağı hissəsində artıq işlər başlayıb. İstinad divarları üçün iki cərgə olmaqla bir metr diametrində svaylar vurulur.

Divarının inşaasına hazırlıq işləri artıq başlayıb. Yaxın zamanlarda yamacın orta hissəsində də təmir işləri aparılacaq. Daha sonra isə yolun tam bərpası mümkün olacaq. Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub”.

Azərbaycanlı alıcılar Gürcüstanın maşın bazarında 250 min dollar xərcləyiblər– Ötən il
Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min ABŞ dolları təşkil edib.

 

2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb.

2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Qonşu ölkə 686 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb. (Report)

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik “İsuzu Citiport” markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik “İsuzu Citiport” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına 23.01.2020-ci il tarixindən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub: “Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub. Xətlərin ayrılması üçün də mütləq şəkildə “Şah İsmayıl Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan və “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyasına qədər olan hissələr inşa olunmalıdır”.

B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: “Həmin dövrdə “İçərişəhər” stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün “İçərişəhər” stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün “Yaşıl xətt” üzrə “Şah İsmayıl Xətai” və “Dərnəgül” stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni “Dərnəgül” stansiyasından sonra 3, “Şah İsmayıl Xətai” stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir”.

Cebhe.info

Bakının mərkəzində daha bir stansiyanın tikintisinə başlanılır- RƏSMİ
“Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır


Bu il Bakının mərkəzində daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sözügedən stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri artıq başa çatıb:

 

“Yeni stansiya ilə bağlı tikinti işlərinin növbəti mərhələsinə şərti adı “B3” olan stansiya istifadəyə verildikdən sonra başlanılacaq. Cari il ərzində hər hansı geoloji və ya texniki problemlər yaranmayacağı təqdirdə, “Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır.

“B4” stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında yerləşəcək. Tikinti qaydalarına uyğun olaraq yeni stansiyanın ilkin mərhələsi yerinə yetirilərək tunellər qazılıb”.

Təbrizlə Culfa arasında sərnişin qatarı işə düşüb
Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.  Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.  Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır.

 

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

Azərbaycanda avtomobil istehsalı artıb
Bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur

2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln manatlıq məhsul istehsal edilib. Yol-xeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb.

 

Belə ki, dövr ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% azdır. 2019-cu il ərzində ölkədə 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur. Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 65,9%, fəvvarə armaturunun istehsalı 48,5%, mancanaq dəzgahlarının istehsalı 22,1% artıb.

Xəbər lenti