Ekspert: “Bakı avtobuslarında sərnişin və sürücü mədəniyyəti müsbətə doğru dəyişib”

Rauf Ağamirzəyev öncə şəhər nəqliyyatı ilə bağlı görülən müsbət işlərdən danışıb

Dünya praktikasında insanların həyat şəraitinin yaxşılaşdırılmasında əsas məqamlardan biri də ictimai nəqliyyat sisteminin düzgün qurulmasıdır. Son illər ölkəmizdə, xüsusən də Bakı şəhərində bu istiqamətdə önəmli addımlar atıldığının şahidi oluruq. Prezident İlham Əliyevfevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Bakı şəhərinin ictimai nəqliyyatının yaxşılaşdırıldığını, həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Bununla yanaşı, ölkə başçısı Bakı və Sumqayıtdan fərqli olaraq digər şəhərlərdə acınacaqlı vəziyyətin yaşandığını, şəhər nəqliyyatının bərbad vəziyyətdə olduğunu vurğulayıb.

Azərbaycanın paytaxt və bölgələrində ictimai nəqliyyatın vəziyyəti ilə bağlı “Report”a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev öncə şəhər nəqliyyatı ilə bağlı görülən müsbət işlərdən danışıb:

 

 

 

“Bakı şəhərində ictimai nəqliyyatın təşkilində müsbət dinamika var. Bu barədə ölkə prezidenti dünənki çıxışında da qeyd etdi. Yeni standartlara cavab verən avtobuslar gətirilir. Keçən il 300-ə qədər avtobusun gətirilməsi nəzərdə tutulmuşdu. Səhv etmirəmsə 280 ədəd 12 metrlik avtobuslar artıq gətirilib. 20 ədəd də 18 metrlik avtobus gətiriləcək. Əlavə olaraq bu il də 300 avtobus alınacaq. Bundan başqa, özəl daşıyıcı şirkətlərindən “Xalid Faiqoğlu” şirkəti də yeni “BMC Procity” avtobusları gətirib. Bu il də mərhələli şəkildə yeni modellərin gətirilməsi nəzərdə tutulub. Şirkət bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürmüşdü. “Bakubus”dan sonra ikinci ən böyük park bu şirkətindir. Növbəti sırada isə “Çinar Trans” MMC gəlir. Bu şirkət 160 nömrəli marşrutun sahibidir. Digər şirkətlərin isə bir sıra çatışmayan cəhətləri var. Məsələn, bəzilərinin parkı var, lakin qarajı yoxdur. Onların qarşısında müxtəlif tələblər qoyulub. Tələbləri icra edənlər bazarda qalacaq, etməyənlər isə bazarı tərk edəcək.

İctimai nəqliyyat infrastrukturun yaxşılaşdırılması baxımından işlər yalnız şəhər mərkəzində deyil, şəhərətrafı ərazilərdə də aparılıb. Belə ki, Bakı-Hövsan xətti üzrə 175 nömrəli, Bakı-Lökbatan xətti üzrə 125 nömrəli, Bakı Mühəndislik Universiteti-Abşeron gənclər şəhərciyi xətti üzrə 199 nömrəli, Bakı-Binə xətti üzrə isə 160 nömrəli avtobuslar fəaliyyət göstərir. Bunların hamısına Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Onun alt qurumu isə “Bakubus” daşıma şirkətidir. 175 və 125 nömrəli avtobuslar “Bakubus” şirkətinindir. 160 nömrəli avtobus “Çinar Trans”, 199 nömrəli avtobus isə “Xalid Faiqoğlu” şirkətinə məxsusdur. Bunlar hamısı 12 metrlik, kondensionerli və müasir tələblərə cavab verən yeni avtobuslardır.

 

 

 

“Bakubus”ın yarandığı 21 dekabr 2015-ci il tarixindən bu günə qədər ictimai nəqliyyatda həm sürücü mədəniyyəti, həm sərnişin davranış qaydalarında xeyli müsbət dəyişikliklər olub. Sərnişinlərin ölüm sayı da kifayət qədər azalıb”.

Ekspert bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yarandığı gündən etibarən bir çox mühüm işlər görür:

“Bu qurum optimallaşdırma apardı və eyni xətt üzrə olan avtobusları ləğv etdi. Bir çox xətlərdə kart ödəniş sisteminə keçildi. Əvvəllər xəbərlərdə tez-tez avtobus qəzalarının olmasına rast gəlirdik. Sürücülər avtobusu necə gəldi və çox sürətlə idarə edir, az qala öz aralarında yarış keçirirdilər. İndi isə belə hallara yol verilmir. Lakin avtobuslar üçün ayrıca zolağın olmaması problem olaraq qalır. Dayanacaqların qarşısını taksilər, taksilərin isə yerini şəxsi avtomobillər tutur. Bütün bu problemlərin kökü sürücü mədəniyyəti məsələsinə dayanır. Atılan bütün müsbət addımlara baxmayaraq, hələ də ictimai nəqliyyat sahəsində xeyli işlər görməliyik.

 

 

 

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nda şəhər nəqliyyatının müasirləşdirilməsi bəndi var. Çox güman ki, 2020-ci il bu istiqamətdə çox aktiv bir il olacaq. Nəqliyyat sektoru, xüsusilə də şəhər nəqliyyatında xeyli müsbət dəyişmələr baş verəcək. Bu dəyişmələr sırasında avtobus parkının yenilənməsini, nağdsız ödəniş sisteminin tətbiq olunmasını xüsusi qeyd etmək olar. Digər sektorlar kimi nəqliyyat sektorunda da əmək münasibətləri çox önəmlidir. Dünən ölkə prezidenti də öz çıxışında əmək münasibətləri məsələsinə toxundu. Biri var planla işləyəsən, bir də var ayın axırı konkret maaş alasan. Sürücülərin maaşının normal olması da önəmli məsələdir. Çünki maaş aşağı olanda işçi qarşısında sərt tələblər qoymaq olmur. Kart sisteminin tətbiqi, eyni zamanda, sərnişin axının düzgün müəyyənləşdirilməsinə kömək edəcək.

Bölgələrdə isə ictimai nəqliyyatın vəziyyəti bir qədər acınacaqlıdır. Bölgələrdə ictimai nəqliyyata Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edir. Amma BNA-dan fərqli olaraq bu qurumun “Bakubus” kimi avtobus parkı yoxdur. Avtobusların hamısı özəl daşıyıcı şirkətlərə məxsusdur. Həmin şirkətlər isə öz büdcələrinə uyğun olaraq Almaniya və digər ölkələrdən istifadə olunmuş avtobuslar alıblar. Təqribən iki il öncə statistik göstəricilərdə 77% avtobusların istifadə müddətinin 10 ildən yuxarı olduğu göstərilirdi. Bir il ərzində DANX bu göstəricini 67%-ə kimi endirə bildi. Son bir ildə Quba, Masallı Gəncə və digər bölgələrin bir çoxunda daşıyıcılar yeni avtobusları xəttə buraxıblar. Bölgələrdə insanların əksəriyyəti bir-birini tanıdığı və sərnişin axını paytaxtdakı qədər olmadığı üçün orda sürücülərin davranışlarında xoşagəlməz hallar çox olmur. Bölgələrdəki əsas problem avtobus parkının köhnə olmasıdır. Avtobus parkının köhnə olması, avtobusların qarajlarının olmaması, onlara vaxtlı-vaxtında texniki baxışın keçirilməməsi sərnişinlərin təhlükəsizliyini sual altına alır. Eyni zamanda, ekoloji cəhətdən də köhnə avtobusların istifadəsi zərərlidir. Düşünürəm ki, bu il bölgələrdə yeni avtobuslara keçid daha da sürətlənəcək. Hacıqabulda avtobus istehsal edən zavodun da tikilməsi daxili təlabatı ödəmək üçün müsbət bir haldır”.

Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur - FOTO
Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi, əsasın ait layının tikintisi və qırmadaşlı əsasın tikinti işlərini yerinə yetirməkdədir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də aparılır.

Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.

 

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək.

Layihə çərçivəsində yol boyu 9 yeraltı keçiddən 7-i, 26 düzbucaqlı su keçidindən 22-i, müxtəlif diametrlərə malik 72 suötürücü borudan isə 58-i artıq inşa edilib. Layihəyə uyğun yol boyu 30 avtobus dayanacağı da tikiləcək.

Bundan başqa uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58.9-cu km-də Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci km-də Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür. Hazırda körpülərin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Tərəqqi müvafiq olaraq 30 və 50 faiz təşkil edir.

Ümumilikdə isə yol boyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 39% müqabilində 57% təşkil edir.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.

 

 
 Beynəlxalq Aeroport yüksək aviasiya təhlükəsizlik standartlarına cavab verir
Audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb

Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılıb.

Audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb.

Qurumdan  verilən məlumata görə yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olublar.

 

TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış oldular.

Həmçinin aeroport ərazisinin və perronun təhükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiber hücumlardan qorunma səviyyəsinin və s. qiymətləndirilməsi həyata keçirilib.

Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəlib.

Yoxlama qrupunun mütəxəssisləri “Azərbaycan Hava Yolları” yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduqlarını qeyd edilib.

Lirə 0.2842, rubl 0.0266 manatdır

Azərbaycan Mərkəzi Bankı 3 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, fevralın 3-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8839 manat təşkil edir. 1 türk lirəsi 0.2842 manat, 1 rus rublu 0.0266 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5894 manatdır.

Prezident bu ASC-yə 1,19 milyon manat ayırdı — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib - FOTO
Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yol-xeber.az-a bildirib ki, sayca on ikinci dəfə keçirilən tədbirin əsas məqsədi daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl olmasına nail olmaqdır. Bu, ölkəmizin sözügedən mötəbər tədbirdə ilk iştirakıdır.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda tətbiq edilən ən müasir bilet və ödəniş sistemləri ilə daha yaxından tanış olub. Tədbirə qatılmaqda əsas məqsəd də məhz dünyanın nüfuzlu qurumları ilə əlaqələr qurulması və əldə edilən təcrübənin Bakı şəhərinin ictimai nəqliyyat və sərnişindaşıma sisteminin inkişafı istiqamətində tətbiq edilməsidir.
Nəqliyyat sahəsinin inkişaf etdirilməsi, vətəndaşlara rahat, təhlükəsiz və əlçatan nəqliyyat xidmətlərinin göstərilməsi, şəhərdə yüksək səviyyəli nəqliyyat sisteminin formalaşdırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir. Bu sistemə keçid sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin və gəlirlərin şəffaflığının artırılması baxımından əhəmiyyətlidir. Nağdsız ödənişə keçid sərnişindaşımada dəqiq analizlərin aparılmasına, hesablamaların daha dəqiq həyata keçirilməsinə də imkan verir. Bu da öz növbəsində, sərnişindaşıma sahəsində sərnişinlərin nəqliyyat tələbatının düzgün iqtisadi əsaslandırma ilə daha təkmilləşdirilmiş şəkildə təşkilinə zəmin yaradır.
“Nəqliyyatda İnnovativ Ödəniş və Bilet sisteminin Qlobal tətbiqi 2020” sərgi-konfransı ictimai nəqliyyatda gediş haqqının innovativ yolla toplanılması, sərnişin məlumatlandırma sisteminin və ağıllı şəhər nəqliyyatının qurulması baxımından əlverişli platforma hesab olunur.
Builki tədbirin gündəliyində ictimai nəqliyyatda ödənişlərin daha da innovativ yollarla aparılması sayəsində mobillik prinsiplərinə nail olunması və bu istiqamətdə inkişaf etmiş şəhərlərdə tətbiq edilən müvafiq siyasətin rolunun müəyyənləşdirilməsinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, şəhərlərin davamlılığının və dayanıqlı inkişafının təmin olunması imkanlarının araşdırılması və əhalinin yeniliklərə maraq dərəcəsinin müəyyən edilməsi kimi aktual məsələlər də diqqətdə saxlanılıb.
Altmış beş ölkədən, o cümlədən Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, Rusiya, Qətər, Argentinadan ictimai nəqliyyatla bağlı dövlət qurumlarının rəhbər şəxsləri tədbirə qatılıb.

 

 
Metronun daha bir yarımstansiyası yenidən quruldu - FOTO
Ən müasir standartlar səviyyəsində

Metronun fasiləsiz işi etibarlı elektrik təchizatı ilə təmin edilir. Elektrik təchizatının dayanıqlığının və etibarlılığının təmin edilməsi işləri daimi olaraq daha geniş planda və sistemli şəkildə davam edir. Bu mənada Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər mütəmadi olaraq aparılır. 
Qurumdan verilən məlumata görə “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Dövrün tələbləri nəzərə alınaraq, 50 ildən artıq istismarda olan yarımstansiya yenidən qurulmuş, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb.
Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur. 
Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb.

 

 
Ötən il Sabunçu rayonunda uzunluğu 87 km olan 135 küçə və yol asfaltlanıb - FOTO
Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-ə yaxındır

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini 2020-ci ildə də davam etdirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumatda qeyd edilib ki, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

 

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-ə yaxındır.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov küçəsi, Ramana qəsəbəsi üzrə İ.Rəhmanov, M.Qafarov, C.Cabbarlı və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 
Azərbaycanda avtomobil istehsalının həcmi ARTACAQ
Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır

2019-cu ildə Azərbaycanda 2360 minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin  verdiyi məlumata görə, Azərbaycanda minik avtomobilləri, qoşqu və yarımqoşquların ümumi istehsalı 315.5 milyon manat (il ərzində 10.6 faiz artım) təşkil edib.

Azərbaycana ümumilikdə 475 milyon manat dəyərində 36.061 min avtomobil idxal edilib. Ölkəyə 54 milyon manat dəyərində 3261 yük maşını (artım müvafiq olaraq 1.7 və 1.9 dəfə) və 68.7 milyon manat dəyərində 494 avtobus (artım müvafiq olaraq 2,1 və 5.5 dəfə) gətirilib.

 

2018-ci ildə Azərbaycanda "Xəzər" brendi altında avtomobil istehsal edən yeni avtomobil zavodu istifadəyə verilib. Bu, ölkədə minik avtomobilləri istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölkədə, həmçinin Çinin "Lifan" avtomobillərinin yığıldığı Naxçıvan Avtomobil Zavodu, eyni zamanda traktorlar, kənd təsərrüfatı texnikaları, Belarus və Rusiya şirkətlərinin bir neçə yük avtomobillərinin modellərini istehsal edən Gəncə Avtomobil Zavodu fəaliyyət göstərir.

Hökumətin proqnozlarına görə, 2020-ci ildə maşın istehsalının həcmi 56 milyon manat, 2021-ci ildə - 85.3 milyon manat, 2022-ci ildə isə 113.3 milyon manat təşkil edəcək.

Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır. Bu say 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və nəhayət 2023-cü ildə yeddi min ədədə qədər artacaq.

Ötən il Azərbaycana 3 milyondan çox turist gəlib
2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Ölkә.Az" bildirir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz), Özbəkistan (28,4 faiz), Qazaxıstan (25,7 faiz), Böyük Britaniya (25,5 faiz), Filippin (24,6 faiz), İspaniya (24,2 faiz), Cənubi Koreya (19,9 faiz), Almaniya (19,2 faiz) və Gürcüstan (18,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil, 40,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti