![]() |
|
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ictimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb. Belə ki, artıq mərkəzi dispetçer xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edir.
Mərkəzləşdirilmiş dispetçer xidmətinin üstünlükləri nələrdir?
Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sistemin tətbiqi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsində müsbət irəliləyişlər doğuracaq:
“Sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqi sürətlənəcək, bütün marşrut şəbəkəsində kartla istifadə təmin olunacaq. Sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan avtobus informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtları barədə məlumatları görə biləcəklər. Eyni zamanda, avtobusun salonunda olan monitorda sərnişinin çatacağı dayanacağa ən yaxın olan metro stansiyaları barədə məlumat əks olunacaq. Tətbiq ediləcək mobil proqram təminatı vasitəsilə müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar barədə məlumat əldə etmək mümkün olacaq. Proqram təminatı ilə həm də sərnişinlərin rahat və qısa zaman ərazində avtobus, sürücü və digər məsələlər barədə irad və təkliflərini bildirməsi asanlaşacaq”.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də sözügedən yeniliyin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:
“BNA tərəfindən mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması yeni bir innovasiyanın tətbiqidir. Bu yenilik özü ilə bir çox üstünlüklər gətirəcək, həm sərnişinlərin, həm də sürücülərin rahatlığına xidmət edəcək. İlk növbədə, sürücü mərkəzdən aldığı məlumatlar vasitəsilə hərəkət etdiyi yolda vəziyyətin necə olduğunu biləcək. Xüsusən sıxlıq olan yollar barədə məlumat əldə etdikdən sonra alternativ yollardan istifadə etməklə həmin sıxlıqdan yan keçmək olar. Nəticədə avtobuslar daha az tıxacda qalacaq, onların yanacaq sərfiyyatı və ekologiyaya vurduqları zərər azalacaq. Eyni zamanda, sərnişinlər də bir yerə gedərkən daha az vaxt itirəcəklər. Bir sözlə, sərnişindaşımanın keyfiyyəti artacaq.
Düşünürəm ki, bu sistem gələcəkdə dayanacaqlara da şamil ediləcək. Artıq hər bir avtobusun olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və digər məlumatları dayanacaqlarda quraşdırılan monitorlarda görmək mümkün olacaq. Bu isə sərnişinlərin xidmət keyfiyyətinə əminliyini artıracaq.
Ödənişin kart sisteminə keçirilməsi məsələsinə də toxunmaq istəyirəm. Bütün ödəniş sisteminin nağdsız olması iqtisadi cəhətdən daha səmərəli olar. Avtobus sürücüləri əvvəllər sərnişinlərdən ödənişləri nağd alırdılar. Bu zaman müəyyən problemlər ortaya çıxırdı. Sürücülər və sərnişinlər xırda pul gəzdirməyə məcbur olurdu. Bəzən sürücülərin sərnişinə xırda pul qaytarmaq da problemə çevrilirdi. Kart sisteminə keçdikdən sonra isə həm sürücü, həm də sərnişinlərin işləri rahatlaşır. Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi vergi nəzarətini də daha şəffaf edir. Odur ki, sərnişindaşımada nağdsız ödənişə keçid çox təqdirəlayiq bir hadisədir”.
İsmayıllı və Şamaxı rayonlarında şaxtalı hava şəraiti davam edir.
Yol-xeber.az APA-nın yerli bürosunun istinadən xəbərinə görə, yolların buz başlaması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Ötən gecə Muğanlı-İsmayıllı dolayları, Ağsu aşırımı, Şamaxı-Pirqulu və Şamaxı-Göylər avtomobil yolları, İsmayıllı-Lahıc yolu buz bağlayıb. Hər gün yollaraa qum-duz qarışığı səpilsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Səhər saatlarında Muğanlı-İsmayıllı yolunun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yolda 50-dən çox maşın qalıb. Sərt enişli-yoxuşlu yollar və günəş işığı düşməyən dolaylar sürüşkən olduğundan, hərəkət edə bilməyən avtomobillər geri qayıtmaq məcburiyyətində qalıb.
Yol istismar idarəsinin işçiləri buz bağlayan ərazilərə qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Axşam saatlarına doğru yenə şaxta düşəcəyi ehtimal olunduğundan, sürücülərə ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri məsləhət görülür.
“Bir küçəyə asfalt örtüyü çəkiləndə 15 küçənin sakinləri ayağa qalxırlar ki, bizim küçəyə də asfalt çəkilsin”.
Yol-xeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsindən Binə qəsəbəsi sakinlərinin yolların vəziyyəti ilə bağlı şikayətinə cavab olaraq məlumat verilib.
İcra Hakimiyyətinin (İH) İqtisadiyyat şöbəsinin özünü təqdim etmək istəməyən xanım nümayəndəsi İcra Hakimiyyəti tərəfindən yol çəkilmədiyini və yolların asfaltlanmasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirildiyini dedi.
Şikayətin Binə qəsəbəsində “türmənin arxası” kimi tanınan ərazinin yollarından olduğunu və israrla qəsəbədaxili küçə və yolların icra strukturlarının nəzarətində saxlanıldığını diqqətə çatdırdıqdan sonra İH-nin xanım nümayəndəsi sözügedən ərazi ilə bağlı sakinlərin şikayətinə baxılacağını bildirib:
“Bir küçəyə yol çəkiləndə digər küçədə yaşayan sakinlər də müraciət edirlər ki, onların da yollarına asfalt örtüyü çəkilsin. Təbii ki, bütün yollara eyni anda asfalt çəkilə bilməz. Bu işlər mərhələli şəkildə aparılır. Sakinlər tərəfindən həmin yolların vəziyyəti ilə bağlı şikayətlər gəlib. Bizim vətəndaş müraciətləri ilə bağlı bazamız var. Bütün şikayətlər əsasında ərazilərə baxış keçirilib və məlumatlar bazaya daxil edilib.
Yolların vəziyyətini nəzərə alaraq, ardıcıllıq təyin edilib. AAYDA tərəfindən bizdən asfaltsız yolların siyahısı tələb olunan zaman siyahını onlara təqdim edirik. Biz də istəyirik ki, sakinlər qəsəbədaxili küçə və yollarda rahat hərəkət etsinlər. Mərhələli şəkildə rayon ərazisinə daxil olan 7 qəsəbənin hər birində təmirə ehtiyacı olan yollar barədə tədbirlər görüləcək”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.
Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir.
Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.
Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.
Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib. Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə (Zığ yolunda, M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi), M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində, Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, Nobel prospektində "Ağ şəhər" layihəsi çərçivəsində, Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında yerüstü piyada keçidinin tikintisimə başlanılması nəzərdə tutulub.
Bakı şəhərində sərnişindaşıma sahəsində təxminən 2200 avtobus xidmət göstərir. Avtobus parkının yenilənməsi və bu sayın artırılması üçün 300 yeni avtobus gətirilib və mərhələli şəkildə xəttə buraxılacaq.
Həmin avtobusların 20 ədədi 18 metr, qalanı isə 12 metrlikdir.
"Finans.az" xəbər verir ki, nəqliyyat üzrə ekspert Azər Allahverənov uzunluğu 18 metr olan avtobusların hər hansı zaman kəsiyində və bir marşrut daxilində daha çox sərnişin daşımaq iqtidarında olduğunu bildirib:
Nəqliyyat üzrə ekspert Azər Allahverənov:
"Uzunluğu 18 metr olan avtobusların sərnişin tutumu böyük olduğundan daha çox sərnişinlərin daşınmasına səbəb olacaq".
"Hər hansı marşrut üzrə iritutumlu avtobusların istifadəsi sərnişinlərin ehtiyacını ödəmiş olursa, bu zaman həmin marşrutlarda fəaliyyət göstərən avtobusların sayında müəyyən azalmalar edilə bilər. Belə ki, sərnişin sıxlığı çox olan xətlərdə bir neçə avtobus buraxmaqdansa, iritutumlu bir avtobusu xəttə buraxıb sərnişinlərin eyni vaxtda və rahatlıqla mənzil başına çatmasını təmin etmək mümkündür.Təbii ki, burada əsas məqsəd sərnişindaşıma imkanını artırmaqdır. Uzunluğu 18 metr olan avtobusların sərnişin tutumu böyük olduğundan daha çox sərnişinlərin daşınmasına səbəb olacaq. Buna görə də bu avtobuslar xəttə buraxılarkən həmin ərazidəki sərnişin sıxlığı da nəzərə alınacaq".
Təbii olaraq, sözügedən avtobusların rahat şəkildə hərəkəti üçün imkanlar olmalıdır və onların çoxzolaqlı, geniş küçə və prospektlərdə istismarı nəzərdə tutulub. Eyni zamanda həmin ərazilərdə yaşayan əhalinin sayı, sərnişinlərin intensivliyi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı da nəzərdən keçirilir. Təhlükəsizlik məsələləri və sərnişindaşımanın komfortlu olması da əsas şərtdir.
Lakin bu, o demək deyil ki, sayı azaldılan avtobuslar tamamilə kənarlaşdırılır. Həmin avtobusların daha çox cəlb ediləcəyi marşrutlar nəzərdən keçirilir. Şübhəsiz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı daşıyıcı şirkətlər ilə danışıqlar aparır.
Otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd edək ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir. Son 16 ildə ölkə ərazisində 16 min 700 kilometr avtomobil yolu tikilib. Ötən il isə 1300 kilometr avtomobil yolu salınıb.
Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.
Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.
Sərəncamla Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb
"Bu il ümumilikdə əlçatanlıq və təhlükəsizlik cəhətdən küçələrdə 1298 yol nişanı quraşdırılıb, 145 ədəd yol nişanlarının təmir-bərpa işləri aparılıb".
Bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V. Kərimli bildirib ki, 136 küçə kəsişməsində panduslar, 139 küçədə təhlükəsizlik tumbası təşkil olunub:
"85 küçədə məhəccər, 261 küçədə 1114 ədəd piyada keçidi xətləri bərpa olunub. Həmçinin bununla bərabər biz, piyada keçidlərinin işıqlandırılması layihəsinə başladıq ki, indi ilkin olaraq bu işıqlandırma layihəsi mövcud infrastruktur şətaiti istifadə olunaraq işıqlandırılacaq. Gələcəkdə isə alternativ enerji mənbələrini qoşaraq daha az xərclərin yaranmasını təmin edəcəyik. Hər avtobus ortalama olaraq gün ərzində təxmini 800 min nəfər sərnişinin daşıyırsa, BNA-nın məlumatına əsasən biz 1 il ərzində 801 mln. sərnişinin səfərini təşkil etmişik. Ötən il ərzində 200-ə yaxın yeni avtobus gətirilib. Bu da bir avtobusun təxminən 1000 nəfər sərnişini daşımasını nəzərə alaraq, 200 min sərnişinin təhlükəsiz hərəkəti və rahat mənzil başına çatması deməkdir. Bu il xəttə buraxacağımız avtobuslara mütənasib olaraq hesablasaq, biz yarım milyon - 500 000 minə yaxin əhalinin daha rahat və təhlükəsiz hərəkətini təşkil edəcəyik".
V. Kərimli əlavə edib ki, bir avtobusun xəttə buraxılması uzun prosesdir: "Hər bir sürücü təlim almalıdır, hər bir avtobusun dönmə dərəcəsi var, həmin küçələrin dönmə dərəcəsinə uyğunluğu hesablanmalıdır. Buna görə də yeni avtobuslar mərhələli olaarq xəttə buraxılır. Hazırda Bakı şəhərində 2200 avtobus var. Onun 600-ü dövlətə məxsusdur, 300-ü də yeni gətirildi. Son mərhələdə 18 metrlik avtobuslar şəhərimizdədir. Həmçinin cənab prezidentin göstərişi ilə təxmini olaraq 415 avtobbusun yenidən alınması nəzərdə tutulur. Bu da Bakı şəhərindəki avtobus parkının təxminən 60-70-%-nin yenilənməsinə gətirib çıxarır".