Oktyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Bakı metrosunda problem

 

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların intervalında gecikmələr müşahidə edilib. Bu barədə sərnişinlər məlumat verib. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun “Neftçilər” stansiyasında dalanda qatar olub:

“Qatarda texniki problem olduğuna görə xəttə çıxa bilməyib. Həmin qatar Dərnəgül istiqamətində hərəkət etməli idi. Qərara alınıb ki, Həzi Aslanovdan gələn qatar xəttə çıxsın. Sözügedən qatar da 5 dəqiqədən sonra xəttə çıxıb.  Buna görə intervalda fərq yaranıb.  Ancaq texniki problemi aradan qaldırılan qatar Dərnəgül istiqamətində xəttə çıxandan sonra interval sabitləşib”.


Daşkəsəndə valideynlərini bu hala salan oğul saxlanıldı

 

Daşkəsəndə valideynlərini döyərək küt alətlə xəsarət yetirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Qafqazinfo"ya verdiyi məlumata görə, sentyabrın 13-də saat 19:00  radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və  126.2.3-cü  maddələri ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. Hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. F.Bağırov tutduğu əməldən peşman olduğunu deyib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


Kaşıkçının meyiti tapıldı?

 

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının meyiti tapılıb.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, jurnalistin meyiti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında aşkarlanıb. “Vətən” partiyasının rəhbəri Doğu Perinçekin iddiasına görə, Kaşıkçının meyiti konsulun evinin bağçasındakı quyudan tapılıb:

“Türkiyənin təhlükəsizlik əməkdaşları konsulluqdakı axtarış zamanı bağçadakı quyudan cəsədin bəzi parçalarını çıxarıblar. Hesab edirəm ki, prezident Ərdoğan bununla bağlı sabah açıqlama verəcək”. 

 

Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev oktyabrın 26-da Mingəçevir şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Palatanın 1 illik büdcəsi 4.3 milyon manat olacaq

 

Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası müəyyən olub. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı layihədə qeyd edilir ki, Hesablama Palatası Aparatının ( Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) 2019-cu il üçün xərclər smetası 4 milyon 368 min 941 manat məbləğində təsdiq edilsin. 

Qeyd edək ki, həmin məbləğin 2 milyon 275 min 832 manatı işçilərin əməkhaqqına sərf ediləcək. 

 

Piyadanı vurub qaçdı, polis yaxaladı

Saray qəsəbəsində piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 20-də saat 19:30 radələrində Cumayev Vüqar Nazim oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-EG-191 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsində hərəkətdə olarkən piyada Həbibov Malik Yusif  oğlunu vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

V.Cumayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Yüksəksürətli ilk yeraltı tunelin istifadə veriləcəyi tarix açıqlandı

“SpaceX” şirkətinin sahibi İlon Maskın inşa etdirdiyi “Loop adlı ilk yeraltı tunelinin istifadəyə verilmə tarixi açıqlanıb.

 Los-Anceles hava limanının yaxınlığında yerləşən Xotorn şəhərindəki “Loop” tunelinin təqdimatı 10 dekabr tarixində baş tutacaq.

Tuneldə sərnişinlər üçün nəzərdə tutulmuş kapsullardan başqa avtomobillər üçün nəzərdə tutulmuş platformalar da test ediləcək. 11 dekabrdan başlayaraq isə həmin yeraltı tuneldən hamı istifadə edə biləcək.

Məlumata görə, 3,2 km uzunluğu olan tunelin kapsulunun daxilinə 16 nəfər sərnişin və bir avtomobilin olduğu platforma yerləşə bilər.

Qeyd edək ki, tunel “SpaceX” şirkətinin ərazisindən başlayır. Tunelin yarısında isə qaldırıcı platforma yerləşir. Həmin platforma avtomobillərin tunelə enməsi üçün nəzərdə tutulub.

İlk test tunelindən sonra “The Boring Company” şirkəti növbəti yeraltı tunellər layihəsini reallaşdırmağı planlaşdırır. Çikaqo şəhəri üçün nəzərdə tutulmuş yeraltı tunel şəhərin mərkəzi ilə hava limanını birləşdirəcək.

 

 


Azərbaycanda 9 ayda 458 avtomobil istehsal olunub


Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,9 milyon manatlıq məhsul istehsal edilib.

 əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 27,4 dəfə artıb, maşın və avadanlıqların istehsalı 13,2 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1 200 ədəd traktor, 458 ədəd minik avtomobili istehsal olunub.

 

“Hər il 100 mindən çox uşaq doğulur”

“Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaq. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik”. 

Bunu president İlham Əliyev İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində deyib. Prezident bildirib ki, bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaq: “Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir”.

İ. Əliyev bildirib ki, son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb: “Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin”.

Prezident bildirib ki, əsas məqsəd budur və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik: “Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. 

Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq.

Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır”.

Xəbər lenti