![]() |
|
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Müdafiə Nazirliyi xəbər verir ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır.
Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.
Yol-xeber.az xəbər verir ki, xəbərdarlıqda əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.
Bildirilib ki, BDYPİ əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.
Bakıda bəzi yollarda təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforların vaxt planı dəyişdirilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.
NİİM-in əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.
Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.
Bu barədə Teleqraf.az-a məlumatlı mənbələrdən bildirilib.
Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.
Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi.
Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
E.Hacıyev vuğulayıb ki, valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün pensiyalar indeksləşdirilərək artırıldı. Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Rəsmi statistikaya əsasən, ötən il ölkə üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artıb".
Bunu deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək: "Deməli, pensiyaçılar artımları bu aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. Məsələn, 500 manat pensiyası olan vətəndaşımız üçün artım məbləği 40.5 manatdır (500 manat X 8.1 %). Bu o deməkdir ki, artımlardan sonra həmin vətəndaşımızın pensiya məbləği 540.5 manatdır. Ötən ay isə həmin vətəndaşımızın pensiyasını əvvəlki məbləğdə alıb. Ona görə də, yanvar ay üçün hesablanmış aylıq artım (40.5 manat), ferval ayının artımına (40.5 manat) əlavə olunur və birlikdə bu ay ödənilir. Bu o deməkdir ki, bu halda fevral ayında həmin vətəndaşımız 540.5 manat deyil, 581 manat pensiya alacaq. Gələn aydan etibarən isə aylıq pensiya məbləği yenidən 540.5 manat olacaq.
Bir daha xatırladaq ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".
Plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarla müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqın ilkin nəticələri bəlli olub.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başlanmış istintaqla plastik cərrahiyyə ixtisası ilə bağlı olmayan və plastik cərrahiyyə ixtisası üzrə rezidentura təhsili almayan tibb sahəsində fərqli ixtisasa sahib bir qrup şəxsə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb olunmaqla sertifikasiya imtahanına buraxılış verilməsi və sonda həmin şəxslərə plastik cərrahiyyə üzrə praktik fəaliyyətə buraxılmaları barədə sertifikasiya şəhadətnamələrinin verilməsi müəyyən edilib.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, adları aşağıda qeyd olunan tibb işçilərinə Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş sertifikasiya şəhadətnamələri ləğv edilib:
Ağamirova Könül Əlifirid qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818, verilmə tarixi 27.04.2022-ci il;
Əliyeva Şövkət Tofiq qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889, verilmə tarixi 11.02.2022-ci il;
Həmidova (Heydərova) Sevinc Abisalam qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 040407, verilmə tarixi 16.06.2021-ci il;
Kərimova Bəhicə Rafiq qızı verilmə tarixi 25.12.2023-cü il; sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491,
Quliyeva Rəna Ədalət qızı verilmə tarixi 19.08.2022-ci il; sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988,
Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967, verilmə tarixi 10.05.2022-ci il;
Salmanlı Elnarə Eldar qızı sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603, verilmə tarixi 13.01.2022-ci il.
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli region hesab edilir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir.
Bu barədə AQTA məlumat yayıb.
Bununla yanaşı, xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Son monitorinqlərin nəticələrinə əsasən ölkəmizdə quş qripi xəstəliyi qeydə alınmayıb.
Agentlik bununla belə vətəndaşlara, o cümlədən ailə və fermer təsərrüfatları sahiblərinə, sənaye müəssisələri rəhbərlərinə xəbərdarlıq edərək, aşağıdakı zəruri tələblərə əməl olunmasının vacibliyini diqqətə çatdırır:
- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə, bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın "1003-Çağrı Mərkəzi" və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.
Quş qripi xəstəliyinə qarşı mübarizə tədbirləri ilə bağlı videoçarxla linkdən tanış ola bilərsiniz
Anar Mansurov Mərkəzi Bankın baş direktoru təyin edilib.
Unikal.az xəbər verir ki, yeni vəzifəyə təyinat alan Anar Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.
Qeyd edək ki, A.Mansurov Maliyyə idarəetməsi departamentinin rəhbəri olub.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.