![]() |
|
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatların aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu etiraf edib.
Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasov saxlanılıb. Onun həyətinə baxış zamanı isə torpağa basdırılmış “TOZ-8” modelli lüləsi və qundağı kəsilmiş yivli tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə, aşkar edilən silah-sursat isə ekspertizaya göndərilib.
Sabirabad rayonu ilə Salyan rayonunu birləşdirən yola asfalt döşənməsi yolda ölümlə nəticələnən qəzaların sayını artırıb.
Axar.az-a müraciət edən Qarağac və Minbaşı kənd sakinləri bildirib ki, yolda təmirdən sonra gediş-gəliş olduqca asanlaşıb, əvvəl bir saata getdikləri yolu indi 20 dəqiqəyə qət edə bilirlər.
Lakin təmirdən sonra yolda yüksək sürətlə hərəkət edən avtomobillər kənd sakinləri üçün əlavə problem yaradıb. Belə ki, yolda səki olmadığı üçün yaxın əraziyə gedərkən kənd camaatı piyada hərəkət etməyə üstünlük verir. Bu da yolun təmirindən sonra piyada ölümlərinin sayının artmasına səbəb olub. Sakinlər bildirib ki, ötən 3 ay ərzində 8 nəfəri maşın vuraraq öldürüb.
Sakinlər piyadalar üçün əlavə səki çəkilməsini istəyir.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Salyan rayonu ilə Sabirabad rayonunu birləşdirən yol çöllük və bataqlıq ərazidən keçir və həmin yolda təmirin aparılması nəzərdə tutulub:
“Qeyd etdiyiniz yol kənd yoludur. Kənd yollarında səki adətən nəzərdə tutulmur. Ancaq əgər kənd sakinləri piyadalar üçün səkinin olmasına ehtiyac duyurlarsa, bizim agentliyə müraciət etsinlər.
İstənilən müraciət vətəndaşın istəyinə baxılaraq nəzərə alınır. Əgər o yolda sakinlər səkinin olmasını istəyirsə, müraciətdən sonra mütləq şəkildə səki problemi həll ediləcək”.
"İnsanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə gedib-gəlir. Məsələnin təəccüblü tərəfi isə onların Gürcüstan və Rusiya sərhədinə keçən zaman davranışlarını dəyişməsi, özünü çox mədəni aparıb növbə mədəniyyətinə riayət etməsidir".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sözügedən vətəndaşlar sərhədin ölkəmizə aid hissəsinə keçən zaman isə mümkün olan bütün qayda pozuntularına, hay-küy, növbədən kənar irəliləmə və s. yol verirlər:
"Azərbaycan tərəfə keçən kimi hay-küy salaraq onlardan qaydalara əməl etmələrini tələb edən gömrük əməkdaşlarına qarşı təhqirlərə yol verirlər. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri isə bütün sahələrdə olduğu kimi, bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Bu məsələ ilə bağlı cənab sədrin (DGK sədri Səfər Mehdiyev) göstərişi ilə bu yaxınlarda korrupsiyaya yol verən gömrük məmurları barəsində müvafiq tədbirlər görülüb. Araşdırmalar nəticəsində məlum olub ki, Gömrük əməkdaşları bir çox hallarda həmin vətəndaşlarla əməkdaşlıq halında (sövdələşməyə ) olub. Rüşvət alan gömrük məmurunun qarşısı alınmasa, bu gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu bir daha pozsun və ya pozmağa cəhd etsin. Belə olan halda isə cəzasızlıq mühiti yaranır. Belə şəraitlərin yaranmasının qarşısını almaq məqsədilə bu kimi halların aşkarlandığı və sübuta yetirildiyi təqdirdə məmurlara qarşı ciddi cəza tədbirləri tətbiq edilir. Bizim mətbuatdan və cəmiyyətdən əsas istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırsın və bu kimi problemlərin həlli istiqamətində bizə maksimum dərəcədə dəstək versin".
Bir müddətdir ki, sosial şəbəkələrdə I qrup əlilliyi olan qadının küçədə qalması ilə bağlı yayılmış məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yayıb. O bildirib ki, nazirlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 129 ünvanında qeydiyyatda olan I qrup əlil Kifayət Hüseynova ilə görüşüblər:
“Vətəndaşa qanunvericiliyə uyğun olaraq sosial təminatla bağlı nəzərdə tutulan hüquqlardan istifadə təklif olunsa da, o bunlardan imtina edərək şəxsi yaşayış yeri ilə təmin olunmasını tələb edib. Ona bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunub.
Bundan başqa, qızı Aygün Hüseynova əmək qabiliyyətli olduğundan ona iş təklif olunub. Lakin anasına qulluq etdiyinə və azyaşlı övladı olduğuna görə işləyə bilməyəcəyini deyib.
Soyuq havada küçədə ailənin qalmaması üçün nazirlik əməkdaşlarının təkidindən sonra Kifayət Hüseynova və ailəsi nazirliyin sosial sığınacağına yerləşdiriliblər. Sığınacaqda qadınlar üçün nəzərdə tutulan otaqlar 3-cü mərtəbədə olduğu üçün o, səhhəti ilə əlaqədar ora qalxa bilməyəcəyini əsas gətirib. Və binanın 1-ci mərtəbəsində görüş üçün nəzərdə tutulan yerdə müvəqqəti yerləşdirilib. Amma burda da qalmaq istəmədiyini bildirir”.
F. Talıbovun sözlərinə görə, Kifayət Hüseynova təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 martda birdəfəlik maddi yardım, 14 iyunda Ramazan bayramı münasibəti ilə ərzaq yardımı, 29 iyulda Qubada istirahət mərkəzinə göndəriş, 15 avqustda Qurban bayramı münasibəti ilə ərzaq yardımı ilə təmin edilib.
Hazırda isə o, sığınacaqda qalmaq istəmədiyini deyərək bacısıgilə gedib.
Bu gün Bakıda doqquzuncu Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumu nazir Şahin Mustafayev giriş sözü ilə açıb:
“Fürsətdən istifadə edərək Səməd Qurbanov və Aleksey Repikovu Rusiya-Azərbaycan İşgüzar Şurasının idarə heyətinin sədri postuna seçilmələri münasibətilə bir daha təbrik edirəm və fəaliyyətlərində uğurlar arzulayıram. Hər iki ölkənin münasibətləri qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə əsaslanır. Hər iki ölkə rəhbərliyi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər.
Ticarət əlaqələri Azərbaycanla Rusiya əməkdaşlığının əsas istiqamətidir. Rusiya Azərbaycanın idxal üzrə əsas tərəfdaşıdır və qeyri-neft məhsullarımızın ixracında birinci yeri tutur. Ölkələr arasında qarşılıqlı investisiyalar sahəsindəki aktiv əməkdaşlığı da vurğulamaq istəyirəm. Azərbaycan bir milyarddan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya qoyub”.
Onun sözlərinə görə, Azərbaycan Yekaterinburq, Həştərxan və Sankt-Peterburqda şərab və ticarət evləri açmaq niyyətindədir.
Səidə İsmayıl
Foto: Nuran Məmmədov
Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisi üzrə işlərin 2021-ci ilin martınadək başa çatdırılması planlaşdırılır.
Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyindən məlumat veriblər. Layihə Böyükşor gölündə üç ədəd 100 kilovatlıq fotovoltaj sisteminin quraşdırılmasını, eləcə də bu sahədə özəl sektorun inkişafının təşviqi məqsədilə biznes modellərinin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, “Floating Solar Energy Development” adlı layihə bu ilin avqustunda Asiya İnkişaf Bankının İdarə heyəti tərəfindən təsdiqlənib.
Bir müddət əvvəl bildirilmişdi ki, Azərbacanda ilk üzən günəş elektrik stansiyasının tikintisinin dəyəri 100-200 min dollar təşkil edəcək.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla cəmi 1664 sayda broyler istehsalı olan toyuq və 68 kq toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək “kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən məktəbli yarmarkalarının müddəti 2 gün uzadılıb.
Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, yarmarka sabahdan etibarən yığışdırılacaq.
Qeyd edək ki, avqustun 25-dən etibarən müxtəlif metrostansiyaların çıxışında təşkil edilən məktəbli ləvazimatlarının satışı yarmarkasının sentyabrın 25-nə qədər davam edəcəyi açıqlanmışdı.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən ay təxirə salınan qəbulu sentyabrın 28-nə keçirilib.
Qəbul sentyabrın 28-də saat 11:00-da Cocuq Mərcanlı kəndində yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında keçiriləcək.
Qəbul zamanı bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsinin “Xudafərin” gömrük postu (əlaqə telefonu: (021) 222-20-08) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.