İsveçrənin təhsil naziri Azərbaycana gəlir

 

İsveçrənin təhsil, araşdırma və innovasiyalar naziri Mauro Dell’Ambrogio bu ölkənin təhsil sisteminin nümayəndə heyəti ilə birlikdə 29-30 oktyabrda Azərbaycana səfər edəcək.

Azərbaycanın İsveçrədəki səfirliyindən , bu barədə razılıq, səfir Xanım İbrahimova ilə Mauro Dell’Ambrogio arasında keçirilmiş görüş zamanı əldə olunub.

 

Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqların aparılması nəzərdə tutulur. Bundan başqa, İsveçrənin peşə təhsili sistemi sahəsində təcrübəsinin araşdırılması imkanları da müzakirə olunacaq.

Xocavəndin işğalından 26 il ötür

Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

 sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.

Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.

Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.

 

 

Veteran adının verilməsi qaydası dəyişdi

 

Baş nazir Novruz Məmmədov “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edib.

 Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilib. 

 

İnam Kərimovdan yeni təyinat

 

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyinatı olub.

Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə İkram Abdul oğlu Əliyev Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. 

 

 İ.Əliyev bundan əvvəl Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.
 
Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq həmin mərkəzin Bitkiçilik və heyvandarlıq sektorunun aparıcı məsləhətçisi Teymur Quluyevə həvalə edilib.

 

Yağış yağacaq, şimşək çaxacaq...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında oktyabrın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 02-03-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şamaxı rayonunda ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilib.

O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, onu bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.

Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.

Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. 8 il məhkumluq həyatı yaşayan Rəhim Bağırov qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilmişdi.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Prezident QMİ-yə 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzalayıb.

sərəncama əsasən, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Sərəncamda qeyd olunub ki, Multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir:

“Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Onuncu ildönümünü qeyd edəcəyimiz və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib.

Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür”.

Oğlan uşaqlarının ölümü azalıb

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların sayı azalıb.

Ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları azalıb.

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub.

 

2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub.

2016-cı ildə hər 1000 diri doğulana 15,4 oğlan uşağı, 11,9 qız ölümü düşürdüsə, 2017-ci ildə bu göstərici müvafiq olaraq, 15,3 və 11,9 olub.

2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

Qeyd edək ki, 1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb.


Oktyabr ayına olan hava proqnozu açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 16-18 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 17-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 14-16 dərəcə isti (gecələr 9-14, gündüzlər 18-23, bəzi günlərdə 26-31 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-32 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 4-9, bəzi günlərdə 12, gündüzlər 12-17, bəzi günlərdə 19-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (30-61 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 8-13, dağlarda 0-5, gündüzlər 14-19, bəzi günlərdə 22-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 34-51 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 12-17, dağlarda 3-8, gündüzlər 20-25, bəzi günlərdə 28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 mm) olacağı gözlənilir.

Azərbaycan nəqliyyat sektoruna üç fərqli qurumun məsul olduğu barədə məlumat vermişdik. Məhz bu 3 qurumun səlahiyyətlərinin tam məlum olmaması xüsusilə jurnalistlərin öz peşə fəaliyyətlərini yerinə yetirərkən sorğu ünvanlayan zaman çaşqınlığına səbəb olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ötən sayımızda qurumun səlahiyyətlərinə aydınlıq gətirdi.

Bu dəfə isə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözçüsü olduğu qurumun səlahiyyətləri barədə açıqlama verib. Onun sözlərinə görə, BNA müntəzəm sərnişindaşıma işini təşkil edir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür:

 

“Həmçinin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir. Müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. Taksi minik avtomobilləri üçün duracaq yerlərini, parklanma yerlərini müəyyənləşdirir və onları idarə edir. Nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin) yerlərini, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdıraraq müəyyən edir, nəqliyyat qovşaqlarının yaradılmasını təmin edir”.

M.Ağayev bildirib ki, BNA həm də işıqforların və yol nişanlarının yerləşdirilməsi və onlara nəzarət edilməsini də təmin edir:

“İşıqforların vahid sistem çərçivəsində mərkəzləşdirilmiş qaydada intellektual idarə olunmasını təmin edir. Avtomobil yollarında nişanlanma xətlərinin çəkilməsinə dair qərar qəbul edir və nişanlanma xətlərinin həmin normalara müvafiq olaraq çəkilməsinə nəzarət edir. Avtomobil yollarının normativ hüquqi aktlar və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görür. Müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatında mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradır, sərnişindaşıma sahəsində icazələrin verilməsini və ləğvini təmin edir. Həmçinin avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırır, təhlillər aparır və müvafiq təkliflər verir. İnzibati xətalar haqqında işlərə baxıb, təqsirkar şəxslərə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək də BNA-nın səlahiyyətində olan məsələdir”.

Xəbər lenti