![]() |
|
Avropa ölkələrinin çoxu sevə-sevə ABŞ-ın vassalı rolunu oynayır.
Axar.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə açıqlamasında almaniyalı politoloq Aleksandr Rar deyib. Onun sözlərinə görə, amerikalılar Avropada özlərinin orta mənzilli raketlərini yerləşdirmək istəsə, heç bir müqavimət görməyəcəklər:
“Almaniya hakimiyyətində hələ də sosial-demokratların nümayəndələri var. Məhz onlar Avropada Amerika raketlərinin yerləşdirilməsinə qarşı çıxış edirlər. Qorxuram ki, Sosial Demokrat Partiyası tezliklə bu hökumətdən gedəcək və o zaman hər şey düşünüləndən də çətin olacaq. Almaniya XİN-in rəhbərinin açıqlaması daha çox Sosial Demokrat Partiyasının mövqeyini əks etdirir. Yəni Hayko Maasın açıqlaması Angela Merkel və alman elitasının mövqeyinə uyğun deyil. Amerikalılar istəsələr, rahatlıqla və tez bir şəkildə Yaşıllar Partiyası və Xristian Demokrat İttifaqı Partiyasında özlərinə dəstəkçi tapa biləcəklər.
80-ci illər Avropada yeni strateji raketlərin yerləşdirilməsindən söhbət gedəndə Qərb artıq Soyuq müharibədən yorulmuşdu. Avropa anlayırdı ki, bunun ilk hədəfi ABŞ-ın toxunulmaz qalması və Almaniyanı SSRİ ilə müharibənin getdiyi bölgəyə çevirmək idi. Ona görə də Almaniya o zaman sərt şəkildə raketlərin yerləşdirilməsinə qarşı çıxmışdı. Hazırda bu düşüncə, görünür, Avropada unudulub.
Yeni ABŞ raketləri Avropaya 2021-ci ildə göndəriləcək. Amerikalılar artıq açıq şəkildə özlərinin avropalı müttəfiqləri ilə vassal kimi danışırlar. Bir çox Avropa ölkəsi də sevə-sevə vassal rolunu oynamaq istəyir”.
Qeyd edək ki, Almaniya XİN rəhbəri Hayko Maas ABŞ-ın orta mənzilli raketləri Avropada yerləşdirməsinə qarşı Almaniyanın ciddi müqavimət göstərəcəyini açıqlayıb.