XİN: Paşinyanın müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır

Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.

Bildirilib ki, Ermənistan baş nazirinin 2025-ci fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.

Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti