![]() |
|
Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 26 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb.
Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun( 6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulub.
Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb, qazılmış hissələrinin doldurulub, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Bunun üçün müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Bunun ardınca 200 min kv.m sahəni əhatə edən 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilib.
Bundan başqa tikinti norma və standartlarına uyğun olaraq, iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Asfaltlanma işləri yolun 170 min kv.m-dən çox sahəsini əhatə edib.
Marşrut boyu 6 yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Yolun sözügedən hissəsinin uzunluğu 24 km-dir.
Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq, yeni yol yatağı, həmçinin lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsası inşa edilib. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib, məlumatverici lövhələr və yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib.
Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.
Hazırda Alpan-Kürkün-Susay avtomobil yolunun davamı olaraq 30 km uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 48 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yollarının tikintisi davam edir. Tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yük daşınmasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır. Artıq işlər tamamlanıb.
Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.
Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
Yol boyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.
Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Suraxanı rayonunda 2019-cu ilin sonlarından icrasına başlanılan və yüksək sürətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir.
Rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir və daim diqqət mərkəzində saxlanılır.
Rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələri asfaltlanır.
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə və İlqar Məmmədov küçələrində də sıradan çıxmış yollarda təmir-bərpa işləri aparılaraq asfalt örtüyü salınıb.
Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.
Bu barədə Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, Şuşaya aparan yeni avtomobil yolu layihəsi şərti olaraq beş hissəyə bölünüb. Əsas qüvvə olaraq AAYDA-nın canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.
Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik iki türk və bir yerli tikinti şirkəti də layihəyə cəlb olunub.
Qeyd edək ki, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 metr olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik bir ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədi daşıyır.
Sərəncamla ümumi uzunluğu 45,0 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Sərəncamda vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatıb, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilib.
Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulub.
Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, xalçaçılıq müəssisəsi yaradılıb. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilib, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, digər mühüm layihələr həyata keçirilib.
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.
Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.
Suraxanı rayonunda illərdir sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində irihəcmli tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçələrdə təmir-tikinti işləri davam etdirilir.
Rayonun Hövsan qəsəbəsinin əsas yollarından biri hesab edilən İlqar Əhlimanov küçəsində əsaslı şəkildə təmir işləri aparılır. Uzun müddət yolun təmir edilmədən istismar olunması nəticəsində yol boyu çalalar əmələ gəlmişdir ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu. Uzunluğu 1250 m, eni isə 15 m olan yolda texnoloji ardıcıllıqla bərpa işləri aparılaraq 18 750 kv.m asfalt örtüyü salınıb, yağış və səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yağış barmaqlıqları quraşdırılıb, piyadaların təhlükəsizliyinin təmin olunması və əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında səkilər təmir edilib, olmayan yerlərdə isə yeniləri salınıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib.
Təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq yolcizgi və yolgöstərici xətlər çəkiləcək və vətəndaşların istifadəsinə veriləcək.
Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilmişdir.
27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir.
Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2020-ci il.
Bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib.
A.Nəcəfli bildirib ki, Şuşamıza gedən yolun tikintisi davam edir:
“Yolun kifayət qədər geniş olması planlaşdırılır. Qarabağ regionunda gələcəkdə də planlaşdırılan layihələrlə əlaqədar yolun 101,5 km uzunluğunda olması hesablanıb. Üç gediş və üç gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Burada yolun əsas hissəsi dörd zolaqlı olacaq. Kənar iki zolaqlar isə geniş xidməti yol olacaq və xüsusi texnikaların, ağır yük avtomobillərinin hərəkəti üçün nəzərədə tutulur. Ölkə başçısının xüsusi tapşırığı əsasında yolun tam olaraq bir il yarım müddətinə hazırlanıb təhvil verilməsi planlaşdırılır. Baxmayaraq ki, 101,5 km uzunluğunda yoldur, uçurumlu ərazilərin, dağlıq ərazilərin olması səbəbindən yolu hissə-hissə böldükdən sonra podratçı şirkətlərin ərazidə fəaliyyətinə də şərait yaradılacaq”.
O həm də qeyd edib ki, AAYDA özü də ərazidə işlərin qısa müddətdə yekunlaşdırılması üçün yaxından iştirak edəcək:
“Bizim kifayət qədər bazamız var. Şuşaya gedən yolun başlanğıcı Füzuli rayonun Əhmədbəyli kəndindən başlayır, bizim bu kəndə qədər gələn magistral yolumuz var. Eyni zamanda işğal altında qalan Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu var idi ki, 118 km olan bu yolun da yenidən qurulması istiqamətində layihələndirmə işlərinə artıq başlanılıb. Layihə yekunlaşdıqdan sonra baxılacaq və qərar qəbul edildikdən sonra qısa müddət ərzində orada da işlərə başlanılacaq”.
“Yolun bir il yarım müddətində inşası nəzərdə tutulsa da, bu o demək deyil ki, bu müddət ərzində həmin istiqamətə gediş-gəliş olmayacaq. Xeyr, yolun inşası zamanı iki zolaq tam yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılacaq”,- deyə AAYDA rəsmisi sonda qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.