Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində inşa edilən yeni avtomobil körpüsü.

 

Körpü 4 aşırımlı olmaqla uzunluğu 175.4 metrdir.

 

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.

 

Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.

 

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.  

 

Digər 4 körpünün uzunluğu isə belədir:

  • Mil-Qarabağ və Aşağı Şirvan kollektoru üzərində 67 metr;
  • Yuxarı Şirvan kollektoru üzərində 37 metr;
  • Gizliçay üzərində 27 metr.

 

Layihə çərçivəsində 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı da inşa edilib. 

 

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 
 
 
 
 

Avtomobil yollarına görə infrastrukturun inkişafi Azərbaycan üçün mühüm hesab olunur. Çünki ölkəmizin coğrafi mövqeyi onu Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan, eləcə də Qara və Xəzər dənizləri arasında mühüm əlaqələndiriciyə çevirir. Bundan başqa yolların yenidən qurulması insanların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin edir. Bu üzdən dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir.

 

Nəticədə son 5 ildə (2016-2020) yenidən qurulub, təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır. Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir. 

 

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması bunun bariz nümunəsidir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur.

 

Mürəkkəb relyef şəraitində, tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Məhz bu səbəbdən yeni layihədə Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə diqqət yetirilməsi ilə bağlı xüsusi tapşırıqlarını verib.

 

Dövlət başçısının xüsusi tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

 

Yeni layihə boyu 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. 3 körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikilir. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

 

Bütün trassa boyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü borular da texniki vəziyyətləri pis olduğundan yenilənir.

 

Yolun trassası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trassada yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.

 

Belə ki, layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşılan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına isə yol 2.2 km qısalır.

 

Digər hissələrdə layihələndirilən trassa Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun trassası Qəbələ şəhərinə daxil olmadan soldan yeni trassa ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trassaya birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.

 

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;

- Regionda turizmin inkişafı.

 

Trassanın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 hissəsidir ki, burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. mühəndisi tədbirlər nəzərdə tutulub. 

 

Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb. 

 

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Dövlət başçısının Bakı şəhərində küçə və yolların təmir edilməsi işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, Nizami rayonu Şirin Mirzəyev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmir edilir.

 

Şirin Mirzəyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı. Bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

 

Əsaslı şəkildə təmir olunan  küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.

 

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

 

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.

 

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Qeyd olunan küçədə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Vətəndaşların rahat gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri üzrə aparılan kompleks tədbirlər çərçivəsində, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.

 

Qısa müddət ərzində icra olunan təmir işləri küçənin 410 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsində yaranan çalalar və torşəkilli çatların gələcəkdə yol yatağına vura biləcək daha ciddi zərərin qarşısını almaq məqsədi ilə asfalt-beton örtüyünün aşınma qatı tam olaraq yenilənib.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun hərəkət hissəsində müəyyən genişləndirmə işləri icra olunub. Daha sonra isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 6 min kv.m-ə yaxın sahəni əhatə edib.

 

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

 

Sonuncu mərhələdə Nəcəfqulu Rəfiyev küçəsinin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

 

Qeyd olunan ərazidə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.

 

Artıq küçə yeni görkəmdə vətəndaşların istifadəsindədir.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.

 

Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

 

Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaqdır.

 

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.4 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir.

 

Hal-hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

 

Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi aparılır.

 

“Xanoba” “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşdırılıb.

 

Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.

 

Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdır.

 

Yolun ümumi uzunluğu 13 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.

 

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu asfaltlanma işləri 78 min kv.m sahəni əhatə edib. Tikintinin aparıldığı ümumi ərazi isə 130 min kv.m-dən çoxdur.

 

Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılıb. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da layihə üzrə icra olunub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

 

Ərəbqədim–Göydərə sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək yeni yol 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qəsəbələr və kəndlər arası yolların yenidən qurulmasını da geniş əhatə edir. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, son 5 ildə (2016-2020) 7 min km-dən çox yol yenidən qurulub və təmir edilib. Qeyd edilən illər ərzində yenidən qurulub təmir edilən yolların təqribən 1550 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.

 

Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları yenə də xüsusi çəkiyə malikdir. Respublika əhəmiyyətli yollar arasında xüsusi əhəmiyyətə malik Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması bunun bariz nümunəsidir.

 

Hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38.1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Bu üzdən sözügedən yol boyu rahat və maneəsiz hərəkətin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.

 

Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.

 

Yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülür, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür, lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Sözügedən işlərin icrası ilə yol yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.

 

Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılır, su keçidləri inşa edilir. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşasına başlanılıb. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr olacaq.

 

Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.

 

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

 

3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.

 

Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu üzdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yol boyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir, sərnişin daşımalarının bərpası isə kontakt şəbəkəsinin yenilənməsindən sonra gözlənilir

Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.

Aparılan yenidənqurma işləri Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə bu istiqamət üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.

Bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Hazırda körpü istismara verilib və yük qatarları körpü üzərindən hərəkət edir.

Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

 

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 11.5 km yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Hazırda sözügedən istiqamətdə son 2.5 km-lik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir.

 

Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu 14 km təşkil edir.

 

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənir.

 

Bir istiqamət üzrə işlər bitəndən sonra digər istiqamətdə, yəni magistralın 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan hissəsində yenidənqurma işlərinə başlanılacaq.

 

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Xəbər lenti