Onu aldadıb əvvəlcə adına VÖEN hesabı açıblar, sonra isə həmin şəxsi 5 şirkətin qanuni nümayəndəsi təyin ediblər. Belə bir halla Xətai rayon sakini Nicat Səfərov qarşılaşıb. Nicat Səfərova, açılan şirkətlərdə işlə təmin olunacağı vədi verilsə də, sonda məlum olub ki, o, nəinki işlə təmin olunub, əksinə, fəaliyyət göstərən şirkətlərdən onun adına ümumilikdə 261 min manatdan çox vergi borcu yazılıb. Çıxılmaz vəziyyətdə qalan bu şəxs onu aldadan şəxslərdən şikayət edir. Bəs belə vəziyyətdə onu nə gözləyir?

"Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, məhkəmədən gələn məktubda qeyd olunan məbləğ onu şoka saldı. Sənəddə dövlətə 261 min manat borcu olduğu yazılıb.
Xətai rayon sakini Nicat Səfərov aldadılaraq 5 şirkətin qanuni nümayəndəsi təyin edilməsindən və bu şirkətlərin vergi borclarının onun adına yazılmasından şikayətçidir. Deyir ki, təhsil aldığı peşə liseyində qrup yoldaşı olmuş Yusif İsmayılov 2018-ci ildə onun adına VÖEN hesabı açılmasını təklif edib.


Daha sonra Nicat Səfərovdan etibarnamə alınıb və onun adından müəyyən sənədləşmə işləri aparılıb. 6 ay sonra Xətai Məhkəməsinin göndərdiyi 261 min manatlıq borc sənədi Nicatı sanki yuxudan oyadıb...

4 dəfə ayrı-ayrı vaxtlarda vergi borcunun olması ilə bağlı Vergilər Xidmətindən ona bildiriş göndərilsə də, Nicat Səfərov bu bildirişlərdən xəbərsiz olduğunu iddia edir. Mövzu ilə bağlı məsələdə adı hallandırılanlardan biri - Yusif İsmayılovla əlaqə saxladıq. O, əvvəlcə müsahibə vermək üçün görüş yeri təyin etsə də, sonradan telefon zənglərinə belə cavab vermədi.
Digər iki şəxs - Çələbi Məmmədov və Ayaz Adıgözəlovla isə əlaqə saxlamaq mümkün olmadı.
Hüquqşunas Kamandar Hüseynov deyir ki, belə vəziyyətdə Nicat Səfərov üzərindən əməliyyat aparılan şirkətlərin fəaliyyətindən xəbərsizdirsə və yalnız kağız üzərində bu şirkətlərin rəhbəri kimi qeyd olunubsa, bu zaman o, işin araşdırılması üçün Dövlət Vergilər Xidmətinə müraciət etməlidir.

Kamandar Hüseynov bildirdi ki, əgər Nicat Səfərov vergi orqanları qarşısında qeyd edilən məsələləri sübuta yetirə biləməsə, bu zaman onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanacaq. Ona 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Yol-xeber.az"a bildirilib ki, son günlərdə DSX əməkdaşlarının sayıqlığı nəticə­sində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alın­ıb.

May ayının 22-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzüli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­su ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş marixuana və 14 qram 283 ədəd maye şəklində mydrax) aşkar olunaraq götürülüb.

May ayının 24-də DSX-nin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdiyi bir­gə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahə­sin­də 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram marixuana, 1710 qram heroin və 1620 qram metamfetamin) aşkarlanaraq götürülüb.

Növbəti gün DSX-in Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram heroin, 577 qram metamfetamin, 3054 qram qurudulmuş marixuana) götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.

"Yol-xeber.az"ın report-a istinadən məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhidimiz 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri uğurla nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqovdan 1 ədəd istifadəyə yararlı tapança pulemyot, 1 ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7,62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb. 

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd, istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid 1 ədəd daraq, 23 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı, saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbiristanlıqdan tapdığını bildirib.

 

Şəmkir Rayon Polis Şöbəsinin, Kür və Zəyəm Polis Bölmələrinin bu istiqamətdə keçirdikləri digər əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir. 

 

 
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

"Yol-xeber.az" xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində baş vermiş hadisənin təfərrüatı bilinib.

"Novosibirsk azərbaycanlılarının diasporundan oxu.az-a bildiriblər ki, ağır yaralanmış 19 yaşlı Vəkil Abdullayev mayın 30-da günorta saatlarında dünyasını dəyişib.

Həmin gün mərhumun evinin qarşısına 200-ə yaxın azərbaycanlı toplaşıb. Onlar istintaqın düzgün aparılmasını tələb ediblər.

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatından bildirilib ki, Novosibirskdə azərbaycanlılara qarşı münasibət hər zaman yaxşı olub:

“Burada vəzifəlilər arasında azərbaycanlılar da var. Həm də yerli diaspor üzvləri xeyirxahlığı ilə seçilib, müxtəlif humanitar aksiyalarda iştirak ediblər. Qubernator hər zaman azərbaycanlıların işlərini qeyd edib. Mərhumun atası şəhərdə hörmət sahibi olub. Hadisə həmyerlilərimizi sarsıdıb və onlar ədalətli istintaq tələb ediblər”.

Diaspor rəhbəri bildirib ki, İstintaq Komitəsinin yerli idarəsi hadisənin ədalətli şəkildə araşdırılacağına zəmanət verib. Artıq hər iki polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb və tutulub. Atəş açan əməkdaşı isə 10 ilə kimi həbs cəzası gözləyir (cinayəti sübut olunarsa).

Polislərin saxladığı maşının sürücüsü Ruslan Qurbanovdan bütün ittihamlar götürülüb (polisə müqavimət) və o, azadlığa buraxılıb.

Rəhmətə gedən V.Abdullayevin Gürcüstan azərbaycanlısı olduğu bildirilir. Onun nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.

Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qalıb.

Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.

 

 

Abşeron rayonunda qətl hadisəsi baş verib.

"Yol-xeber.az"ın apa-ya istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində bazarda qeydə alınıb. Belə ki, orada fəhlə işləyən şəxs münaqişə zəminində qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan şəxsə 7 bıçaq zərbəsi vurulub.

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən "Yol-xeber.az"a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

Ordubadın Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.

"Bakupost xəbər verir ki, uşaqlar məktəbdən qayıdarkən canavarların hücumuna məruz qalıblar.

Hadisə nəticəsində şagirdlər ağır xəsarət alıblar. Kənd camaatının köməkliyi ilə uşaqlar təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hücuma məruz qalanlardan 2-si uşaq, 1-i böyükdür.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Müdafiə Nazirliyindən "Yol-xeber.az"a bildirilib ki, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb.

Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

Xəbər lenti