“Alınan mallar geri qaytarılmır” yazan sahibkarlar 900 manatadək cərimələnəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və s. istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir.

Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin, kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır.

Belə hallar müəyyən ediləcəyi təqdirdə, onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

Xəbər lenti